Remove ads
From Wikipedia, the free encyclopedia
Əhməd Bədi Triniç Rəcəb oğlu (1893, Üskub – 1936) — pedaqoq, publisist. Azərnəşrin direktoru
Triniç Əhməd Rəcəb 1893-cü ildə Skopye şəhərində anadan olmuşdur. 1912-ci ildə Balkan müharibəsi zamanı ailəsi ilə birlikdə Türkiyəyə gəlmişdir. Burada qaçqın kimi dövlət hesabına litseyə daxil olmuşdur. Litseyi bitirdikdən sonra hərbi xidmətə göndərilmiş, Dardanel cəbhəsində döyüşlərdə iştirak etmişdir. 1916-cı ilin avqustunda Əhməd Triniç Kürdüstan cəbhəsində rus ordusuna əsir düşmüş, əvvəlcə Tiflisə, sonra isə Kostroma quberniyasının Narıxta şəhərinə göndərilmişdir.
Oktyabr inqilabından sonra Əhməd Triniç Türkiyəyə qayıtmaq ümidi ilə Narıxta şəhərindən Bakıya gəlmişdir. Lakin burada Türk ordusunun baş qərargahının üzvü Rövşən bəy ona Türkiyəyə qayıtmağa izin verməmişdir. O, məcburiyyətdən Bakıda qalmış, türk dilindən evlərdə dərs keçməyə başlamışdır. Mart soyqırımı zamanı İsmailiyyə binasında keçirilmiş mitinqdə çıxış etmişdir. Bakıda daşnakların təqibinə məruz qalan Əhməd Triniç Dağıstana getmişdir. Bir müddətdən sonra Dağıstandan Yelizavetpol şəhərinə gedərkən, Qubada Rövşən bəy tərəfindən həbs edilmiş və bolşeviklərin xeyrinə casusluqda günahlandırılaraq güllələnməyə məhkum edilmişdir. Hökm icra edilməyə başlamadan Əli bəy Zizikski Rövşən bəyə əllərinin onun qanına bulaşdırmamasını, türklərin özlərinin onun dərsini verməsini demiştir.[mənbə göstərin]
1918-ci ilin may ayında Gəncəyə gəlmiş Nuru Paşanın əmrilə Dağıstanda əsir alınmış bütün türk əsgərlərinin səfərbərliyə alınmasına başlandı. Rövşən bəy isə Nuru paşa tərəfindən həbs edildi.
Yenidən Bakıya qayıdan Triniç "İttihad" qəzetində fəaliyyətə başlamışdır. Aprel işğalınadək "Azərbaycan füqərası" qəzetində çalışmışdır. Aprel işğalından sonra bu qəzet "Kommunist" adı ilə nəşr edilmiş və Əhməd Triniç onun redaktoru olmuşdur.
Əhməd Triniç 1919-cu ildə İttihad Partiyasına olmuşdur. 1919-cu il fevral ayının 18-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin mühafizə dəstəsinin yaradılması barədə qanun qəbul edildikdən sonra Əhməd Triniç də 200 nəfərlik mühafizə dəstəsinin tərkibində olmaq üçün parlamentə müraciət etmişdir.
Azərbaycan parlamentinin sədrinə Zati-aliləri, möhtərəm əfəndi! Mən türk ordusu zabitlərindən biriyəm. 1333-cü ildə (hicri təqvimi ilə) əsirlikdən qurtularaq Bakıya gəlmişəm. Bakı Milli Şurasının razılığı ilə müsəlman hərbi məktəbə müəllim təyin olunmuşam. Məhzun mart faciələrindən sonra Xırdalanda və İzovanda gedən döyüşlərdə iştirak etmişəm. Qubada könüllülərdən ibarət dəstə yaradaraq, türk qoşunlarının Zaqafqaziyaya daxil olmasınadək bolşeviklərə qarşı mübarizə aparmışam. Türk ordusu Azərbaycanda olanda isə rəsmi olaraq Quba qoşun hissələri rəisi təyin edilmişəm. Quba bolşevikləri bütün hərbi qüvvələri ilə birlikdə əsir alındıqdan və Biçeraxovun dəstələrinə bir neçə hücumdan sonra Quba qəzası, bütün Azərbaycan torpağı tamamilə düşmənlərdən təmizləndi. Mən vəzifəcə irəli çəkilərək, Qubada hərbi nümayəndə və komendant təyin olundum. Batumda digər ordu hissələrilə birlikdə bizim hissəmiz də tərxis edildi və mən döyüş yoldaşlarımla ordudan buraxıldım. Qafqazlı qardaşlarım tərəfindən olduqca səmimi qarşılandığımı nəzərə alaraq, yenidən Bakıya qayıtmaq qərarına gəldim. Parlamentdən mühafizə dəstəsinin yaradılması barədə qəzetlərdən oxuyub xəbər tutdum və Sizdən xahiş edirəm ki, həmin dəstənin təşkil olunmasını mənə həvalə edəsiniz. Qubanın sabiq komendantı Əhməd Bədi |
Əhməd Triniç 1918-ci ildə Qubada Mir Cəfər Bağırov ilə tanış olmuşdur.
1927-ci il sentyabr ayının 19-da Azərbaycan Kommunist Partiyası Rəyasət Heyətinin qərarı ilə "Kommunist" qəzetinin redaktoru Əhməd Triniçin məzuniyyət müddəti oktyabr ayının 15-dək heç bir əsas olmadan uzadılmış, qəzetin redaktorluğu Əliheydər Qarayevə həvalə edilmişdi. 1928-ci ildə yenidən öz vəzifəsində fəaliyyətə başlayan tanınmış ziyalını Almaniyaya, Köln şəhərində keçiriləcək mətbuat sərgisinə rəsmi dəvət etmişlər. Levon Mirzoyan Mərkəzi Komitənin Rəyasət Heyətinin 1928-ci il 10 may tarixli qərarı ilə Ə.Triniçin Almaniyaya səfər etməsini məqsədəuyğun hesab etməmişdir.[mənbə göstərin]
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Əhməd Triniçin işini araşdırmaq üzrə Mərkəzi Komitəninin komissiyası yaradılmışdı. 1933-cü il may ayının 19-da komissiya üzvləri – Boqdanov, Aqrba, Baba Əliyev hazırladıqları arayışı MK katibi Ruben Rubenova təqdim etmişlər. Əhməd Triniç həmin dövrdə Azərbaycan Türk Dram Teatrının direktoru vəzifəsində çalışırdı.
Əhməd Triniçin "Kommunist" qəzetinin 1933-cü il 24 aprel tarixli sayında "Teatromuzun vəzifələri və gələcək inkişaf yolları" məqaləsi dərc olunmuşdur. Onun şəkli də burada verilmişdir. Azərbaycan Dövlət Dram teatrının direktoru Əhməd Triniç hökumətin milli teatra göstərdiyi qayğıdan söhbət açaraq belə yazırdı: "Xalq Komissarları Şurasının son qərarına görə Azərbaycan Dövlət Dram Teatrosu üçün yeni bina tikmək tədbirləri görülməsi ilə bərabər, teatromuzun təkcə qarderobuna yüz min manat buraxılmışdır".
"Kommunist" və "Bakinski raboçi" qəzetlərinin 27 aprel 1933-cü il tarixli sayında isə "Türk teatrının 60 illiyi" başlığı altında gedən rəsmi materialdan məlum olur ki, təntənəli yığıncağı Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Sultanməcid Əfəndiyev açmışdır. Azərbaycan SSR maarif komissarı Məmməd Cuvarlinski məruzə ilə çıxış etmişdir. Təntənəli yığıncaqda Mir Cəfər Bağırovun imzaladığı rəsmi qərar elan edilmişdir: "SSRİ Mərkəzi İcraiyyə Komitəsindən xahiş edilsin ki, Şahbazov, Cuvarlinski və Triniç Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunsunlar".
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İmam Mustafayevin 1954-cü il mart ayının 9-da Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin partiya, həmkarlar ittifaqları və komsomol orqanları şöbəsinə, N.İ.Şubinə göndərdiyi aşağıdakı sənədlərdən aydın olur ki, Əhməd Triniçin ordenlə təltif edilməsi barədə təklif M.C.Bağırovun istintaq materiallarına salınmışdır:
|
1936-cı il yanvar ayının 23-də Bakı şəhəri, Böyük Qala küçəsi, ev 45, mənzil 1 ünvanda yaşayan Əhməd Triniçdən Tiflisə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Ölkə Komitəsinin katibi Lavrenti Beriyaya göndərilmiş məktubda yazılır:
Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının müstəntiqi Kovrejenko altı gün məni sorğu-suala tutmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin komissiyası üç ay yarım ərzində bir dəfə də olsun istintaqın necə aparılması ilə maraqlanmamışdır. Bağırov yoldaş hal-hazırda Bakıda olmadığından, Sizə müraciət edirəm və xahiş edirəm ki, işə qarışasınız. |
İşə Mir Cəfər Bağırov qarışmışdır. Zaqafqaziya Xalq Daxili İşlər Komissarlığının Azərbaycan üzrə idarə rəisi Yuvelyan Sumbatov-Topuridze 265 səhifədən ibarət istintaq materialını ona təqdim etmişdir. Qoşma məktubda deyilir:
İstintaqa dəvət edilmiş 20 şahiddən on birinin ifadələrinə görə Triniç Əhməd Bədi ifşa olunmuşdur. Belə ki, o, 1918-ci ildə türk dəstə komandiri vəzifəsində Nizova, Çaxçaxlı, Həzrə kəndlərində və Quba şəhərində silahsız dinc əhalini kütləvi şəkildə vəhşicəsinə işgəncələrlə həlak etmişdir. Həmçinin Əhməd Triniç mülkədar Zizikski ilə birlikdə sovet xəzinəsini talan etmişdir.
Ə.Triniç bolşevik Müxtədir Aydınbəyovun qətlində də təqsirləndirilir. Belə ki, Müxtədir yoldaş 1918-ci ildə türklər Quba şəhərində olarkən öldürülmüşdür. Onun həbsə alınmasının və Quba dustaqxanasına salınmasını öz gözlərilə görmüş şahidlərin ifadələrinə görə, Müxtədir yoldaş Triniçin göstərişi ilə Həzrə kəndində həbs olunmuş və Quba dustaqxanasına aparılmışdır. Müxtədir yoldaşı qərargaha dindirilməyə apararaq, yenidən dustaqxanaya gətirən də Triniçin özü olmuşdur. Həm də Triniç başqa dustaqlar kimi, Müxtədir yoldaşa da işgəncələr vermiş, onu döymüşdür. 1919-cu ilin əvvəllərindən Triniç "İttihad" partiyasının üzvü olmuşdur. Bu partiyanın məsul katibi vəzifəsində çalışmışdır. Yuxarıdakıdarı əsas götürərək belə hesab edirəm ki, Triniç 1919-cu ilin əvvəllərinədək bolşevik dəstələrinə qarşı türk-müsavat qoşunlarının cəza əməliyyatlarında bilavasitə iştirak etmişdir. Müxtədir yoldaşın ölümündə Triniçin iştirakına gəldikdə isə, bu, əlavə istintaq tələb edir. |
Mir Cəfər Bağırov məktubun üzərində yazmışdır:
Şəxsən Sumbatov yoldaşa. Xahiş edirəm sabahdan gec olmayaraq bütün materiallar barədə mənə məlumat verəsiniz. Eyni zamanda təklif edirəm ki, bu iş üzrə bütün dindirilmə və sorğu-suala xitam verəsiniz. M.C.Bağırov. |
1936-cı ilin aprelində daxili işlər orqanları rəhbərləri Moskvadan İttifaq komissarı Yejovun operativ məxfi əmrini aldılar. Həmin əmrə görə, antisovet partiyaların üzvləri "üçlük" tərəfindən işlərinə baxılan kimi güllələnməlidirlər. Əhməd Triniç 1936-cı il aprelin 19-da həbs olundu. Lakin onu güllələyə bilmədilər. Əhməd Triniç həbsxanada intihar etdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.