From Wikipedia, the free encyclopedia
Əbdülvahab Salamzadə (16 fevral 1916, Şamaxı – 19 avqust 1983, Bakı) — azərbaycanlı memar, professor (1967), Əməkdar inşaatçı (1960), Əməkdar elm xadimi (1982), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1983).[1][2]
Əbdülvahab Salamzadə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Uşağı | Ərtegin Salamzadə |
Atası | Rəhim Salamzadə |
Elmi dərəcəsi | |
Mükafatları |
Əbdülvahab Salamzadə 16 fevral 1916-cı ildə Şamaxıda anadan olmuşdur. Əmək fəaliyyətini 1944–1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda davam etdirmişdir. Belə ki, o, 1951-ci ildən Memarlıq və İncəsənət İnstitutunun Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1957-ci ildən isə direktor müavini olmuşdur.[1][2]
Ədbülvahab Salamzadə Azərbaycan milli memarlıq tarixini öyrənən ilk alimlərdəndir, Naxçıvan, Şirvan memarlıq məktəblərin öyrənilməsində onun müstəsna xidmətləri olmuşdur, Təbriz və Arran memarlıq məktəblərinin elmi cəhətdən müəyyənləşdirilməsi, onların kəşfi isə bilavasitə akademik Əbdülvahab Salamzadənin xidmətidir.[1]
Əbdülvahab Salamzadənin fəaliyyəti təkcə elmi-nəzəri yaradıcılıqla məhdudlaşmırdı. Alim bütün ömrü boyu Azərbaycanın bölgələrini gəzmiş, tarixi abidələrin vəziyyəti ilə tanış olmuş, onların ölçülərinin çıxarılmasında, bərpa eskizlərinin çəkilməsində iştirak etmişdir. O, 1962-ci ildən Azərbaycanın Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədr müavini idi. Tarixi abidələrin bərpa işlərində yaxından iştirak edirdi.[1][2]
Əbdülvahab Salamzadə "Abidələr danışır" (Bakı, 1952), "Azərbaycan memarlıq abidələri" (Bakı, 1958), "Əcəmi Naxçıvani" (Bakı, 1976), "Arazboyu abidələr" (K. Məmmədzadə ilə birgə; Bakı, 1979) və elmə xidmət edəcək bir çox başqalarının müəllifidir. Həmçinin alimin M. Hüseynov və L. Bretanitski ilə birgə hazırladığı "Azərbaycan memarlıq tarixi" adlı fundamental əsəri isə (rus dilində; Moskva, 1963) Azərbaycan milli memarlıq tarixində müstəsna əhəmiyyətə malikdir.[1][2]
Əbdülvahab Salamzadə eyni zamanda Azərbaycan şəhərsalma tarixinin ilk tədqiqatçısı olmuş, Şuşa, Şəki kimi qədim şəhərlərin şəhərsalma mədəniyyətini tədqiq etmişdir. O, həmçinin Molla Pənah Vaqifin 1982-ci ildə Şuşada açılmış türbəsinin müəllifidir. 1976-cı ildən ASE elmi redaksiya şurasının üzvü kimi fəaliyyət göstərmişdir.[1]
Əbdülvahab Salamzadə 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1967-ci ildə professor elmi adını alan Salamzadə 1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1983-cü ildə həqiqi üzvü seçilmişdir.[1]
Akademik Əbdülvahab Salamzadə 19 avqust 1983-cü ildə vəfat etmişdir.[1][2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.