Remove ads
From Wikipedia, the free encyclopedia
Şoqun (将軍?) və ya bəzən syoqun — 1192–1867-ci illərdə Yaponiyanın hərbi diktatorlarına verilən titul. Onların rejimi bakufu (hərfi tərcümədə "çadır hökuməti") adlansa da, bu termin əsasən "şoqunluq" sözü şəklində tərcümə olunur. Yaponiya tarixində üç şoqunluq olmuşdur: Kamakura şoqunluğu (1192–1333), Aşikaqa və ya Muromaçi şoqunluğu (1338–1573) və Tokuqava şoqunluğu (1603–1867).
Kamakura dövründə şoqun titulu müxtəlif ailələrin fərdlərinə keçirdi, lakin bu titul Muromaçi dövründə Aşikaqa ailəsinin, Edo dövründə isə Tokuqava ailəsinin fərdlərinə verilirdi. Şoqun titulu formal olaraq imperator tərəfindən şəxsə sülhü qoruması üçün verilirdi, lakin əslində imperatorlar gücsüz idilər, şoqunların təyinatı daxili işlərdə üstünlüyü olan hərbi şəxslər tərəfindən müəyyən olunurdu. Hər şoqun vassallarını və torpaqlarına birbaşa nəzarət edə bildiyi bir inzibati təşkilata başçılıq edirdi. Digər hərbi ailələrə, buddist və şinto məbədlərinə aid olan torpaqları isə müəyyən dərəcədə idarə edə bilirdi.[1]
"Şoqun" sözü sey-i tayşoqun titulunun qısaltmasından yaranmışdır. Sey-i tayşoqun titulu isə daxili qarışıqlıqlara və digər etnik qruplara qarşı ekspedisiyalara başçılıq edən hökumət rəsmilərinə verilmiş qədim titullardan yaranmışdır. Nara dövründəki (710–794) imperatorluq hökuməti Honşu adasının şimal-şərqini işğal etmiş Emişi qruplarını məğlub etmək üçün göndərilmiş qüvvələrin komandalığına bir neçə şəxsi təyin etmişdir. Bu şəxslərə çinto şoqun ("şərqi sakitləşdirən general"), çinteki şoqun ("barbarları sakitləşdirən general"), sey-i şoqun ("barbarları ram edən general") və ən sonda sey-i tayşoqun kimi titullar verilmişdir. Bu şəxslər arasında ən məşhuru 791-ci ildə şimal-şərqə göndərilmiş və 797-ci ildə sey-i tayşoqun titulunu almış Sakanoe no Tamuramaro olmuşdur.[1]
Nara dövründən sonra Yaponiya nisbi sakitlik dövrünə girdiyi üçün şoqun titulu 4 əsr boyunca öz əhəmiyyətini itirmişdir. 1180–1185-ci illərdə baş vermiş Tayra–Minamoto müharibəsi şoqun titulunun yenidən bərpa olunması ilə nəticələnmişdir. Döyüşçü və hərbi xadim Minamoto no Yoşinaka Tayra liderlərini Kiotodan qovmuş və özünə sey-i tayşoqun titulunu vermişdir. Onun ölümündən sonra qohumu Minamoto no Yoritomo müharibənin qalibi olmuş və Kamakurada hərbi qərargahını yaratmışdır. 1192-ci ildə imperator Yoritomunu şoqun təyin etmiş, rejiminə qarşı çıxa biləcək istənilən şəxsə qarşı hərbi müdaxilə etmək üçün böyük səlahiyyətlər vermişdir.[1]
Yoritomonun oğulları vassalları olan güclü Hoco ailəsinə üstün gələ bilməmişdirlər. Nəticədə, Hoco ailəsi gücü ələ keçirmiş və Minamoto ailəsinin yox olmasından sonra Kioto zadəganları içərisindən Kamakuraya şoqun kimi gedəcək şəxsləri seçməyə başlamışdır. 1333-cü ildə baş vermiş Kenmu islahatı nəticəsində Hoco ailəsi şoqun seçmə gücünü itirmişdir və bu dövrdən sonra ancaq imperatorluq sarayı tərəfindən təsdiqlənən bakufu və ya şoqunluğa başçılıq edən şəxsə bu titul verilməyə başlanmışdır.[1]
Hərbi lider Aşikaqa Takauci 1333-cü ildə Hoco rejiminin məhv edilməsində iştirak etmişdir. O, 1335-ci ildə ölkədəki digər qarışıqlıqları basdırmaq üçün Kiotonun şərqindən ordusuna başçılıq etmiş və seyto şoqun ("şərqi ram edən general") titulunu tutmuşdur. 1336-cı ildə rəqiblərindən üstün gəlmiş, Kiotoda öz bakufusunu yaratmış və Minamoto nəslindən gəldiyini iddia edərək 1338-ci ildə özünü sey-i tayşoqun elan etmişdir. Növbəti 30 il ərzində Takauci və onun oğlu rəqiblərini məğlub etməklə məşğul olmuşdurlar. 1370-ci illərdən etibarən Aşikaqa Yoşimitsu güclü daymyolarla ittifaqa girərək şoqunluğunu qorumuşdur. Növbəti yüzillik ərzində o və davamçıları ölkə boyunca olan nəzarətlərini gücləndirmək üçün müxtəlif siyasi manevrlərdən istifadə etmişdirlər.[1]
1467–1477-ci illərdə baş vermiş Onin müharibəsi şoqunların zəifləməsinə səbəb olmuşdur. Belə ki, regional daymyolar getdikcə güclənməyə və müstəqilləşməyə başlamışdırlar. 1493-cü ildə şoqun Aşikaqa Yoşitane üsyan qaldıran bir daymyonu dayandırmaq üçün Kiotodan ayrılmış, onun yoxluğunda başqa bir daymyo onun yerinə yeni bir şoqun təyin etmişdir. 1508-ci ildə Yoşitane rəqibini məğlub edərək yenidən şoqun olmuş, lakin 1521-ci ildə şəhərdən qaçmağa məcbur olaraq iki il sonra sürgündə ölmüşdür. Yaponiyanın hegemon hərbi xadimi Oda Nobunaqa tərəfindən 1568-ci ildə şoqun təyin olunmuş Aşikaqa Yoşiaki onu devirmək üçün 1573-cü ildə plan hazırlamış, lakin planı üzə çıxmışdır. Nəticədə, o, Nobunaqa tərəfindən Kiotodan qovulmuş və Aşikaqa şoqunluğu məhv olmuşdur. Nə Nobunaqa, nə də onun varisi olan, ölkəni birləşdirən şəxslərdən biri Toyotomi Hideyoşi şoqun titul və bakufu qurmaqla maraqlanmamışdır. Onların əlində böyük güc olsa da, bu titulu Minamoto nəslindən olan şəxslər üçün saxlamaq ənənəsini qəbul etmişdirlər.[1]
1600-cü ildəki Sekiqahara döyüşündən sonra daymyolar arasındakı müharibə başa çatmışdır. Qalib ordunun lideri olan Tokuqava İeyasu Minamoto nəsli ilə əlaqəsi olduğunu göstərmiş və 1603-cü ildə saraydan şoqun titulunu almışdır. Növbəti yarım əsr boyunca onun davamçıları vassallarını və daymyoları manipulyasiya edərək hakimiyyəti öz əllərində saxlaya bilmişdirlər, lakin bu qrupları nəzarətdə saxlayan mürəkkəb balanslaşdırma mexanizmləri şoqunların siyasi gücünün zəifləməsinə səbəb olmuşdur. Tokuqava şoqunluğunun hakimiyyətdə olduğu son əsrdə şoqunlar siyasi sistemdə zəif fiqurlar olmuşdur.[1]
Sonuncu şoqun Tokuqava Yoşinobunun 1867-ci ildə titulundan imtina edərək səlahiyyətlərini İmperator Meyciyə verməsindən sonra Yaponiyadakı şoqun sistemi başa çatmışdır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.