Əhməd Cavadın həyat yoldaşı, repressiya qurbanı. From Wikipedia, the free encyclopedia
Şükriyyə Axundzadə və ya Şükriyyə Cavad (1902, Batum – oktyabr 1993, Çinarlı, Şəmkir rayonu) — Əhməd Cavadın həyat yoldaşı, repressiya qurbanı.
Şükriyyə Axundzadə | |
---|---|
Doğum tarixi | 1902 |
Doğum yeri |
|
Vəfat tarixi | oktyabr 1993 |
Vəfat yeri | |
Həyat yoldaşı |
1937-ci ildə Əhməd Cavadla birlikdə həbs olunub. Daha sonra 8 il sürgünə məhkum edilib. Cəzasını Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsində çəkib.
1945-ci ildə azadlığa çıxıb, 1955-ci ildə günahsız olduğu üçün bəraət qazanıb.
Həyatına aid bir neçə pyes, kitab və mahnı yazılıb, müxtəlif teatrlarda tamaşalar səhnəyə qoyulub.
Şükriyyə Süleyman qızı Bejanidze 1902-ci ildə Batumi şəhərində anadan olub.[1] Burada qızlar gimnaziyasını bitirib.[2]
Əhməd Cavad Türk Ordusuna Yardım Fondunun katibi olduğu üçün bir müddət Batumidə yaşayıb.[3] Burada olduğu dövrdə Şükriyyə xanımla tanış olub. Onunla ailə qurmaq üçün elçi getsə də Şükriyyə xanımın atasına buna razılıq verməyib. Nəticədə Şükriyyə xanım Əhməd Cavadla qaçır və onlar Gəncədə ailə qururlar.[4]
1920-ci ildə Aprel işğalından sonra Əhməd Cavad təyinatla Qusara müəllim göndərilir.[5] Şükriyyə Cavad da ailəsi ilə birlikdə Qusarın Xuluq kəndinə köçür.[6] 1922-ci ilə qədər burada yaşayırlar. Daha sonra isə Bakıya köçürlər.[7]
1937-ci il iyunun 3-dən 4-nə keçən gecə Əhməd Cavad və həyat yoldaşı Şükriyyə xanım həbs olunurlar.[8][9] Bir neçə gün sonra Şükriyyə xanım həbsdən buraxılır.[8] 1937-ci il oktyabrın 27-də onu təkrar həbs edirlər.[10][11] Əhməd Cavad həbs olunduqdan sonra Şükriyyə Cavada təklif olunur ki Əhməd Cavaddan boşanıb qızlıq soyadına qayıtsın.[12] Bununla da ona toxunmayacaqlarını, əks təqdirdə isə sürgün edəcəklərini deyirlər.[13] Şükriyyə Cavad isə boşanmaq tələbini rədd edir.[14] Bir neçə müddət həbsxanada saxlanıldıqdan sonra dekabrın 9-da Şükriyyə xanıma 8 il həbs cəzası verilir.[15][11] Onu "xalq düşməninin ailə üzvü" kimi əmək düşərgəsinə göndərirlər.[11] Cəzasını çəkmək üçün 1938-ci il fevralın 2-də Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsinə çatıb.[11][16]
1945-ci il oktyabrın 14-də[11] həbs müddəti bitdikdən sonra azadlığa çıxıb və Azərbaycana qayıdıb. Bakıda yaşamasına icazə vermədiklərinə görə Şəmkirə köçüb.[17] Sürgündən qayıtdıqdan sonra bir neçə il Əhməd Cavadın hələ sağ olduğunu düşünüb. Onunla həbsxanada görüşə bilmək üçün uzun illər, müxtəlif dövlət orqanlarına, SSRİ Nazirlər Sovetinin sədrinə belə müraciət edib. Yalnız 1955-ci ildə ona Əhməd Cavadın 1937-ci ildə öldürüldüyünün xəbərini veriblər.[2][18]
1955-ci ilin dekabr ayında bəraət qazanıb.[4]
1993-cü il oktyabr ayında Şəmkirin Çinarlı kəndində dünyasını dəyişib.[19]
1917-ci ildə Əhməd Cavad Şükriyyə xanıma "Şükriyyəm üçün" şeirini həsr edib. Daha sonra Emin Sabitoğlu bu şeirə musiqi bəstələyib və bu mahnı bir çox müğənnilər tərəfindən "Şükriyyə taleyim" adı ilə ifa olunub.
2018-ci ildə yazıçı Sevinc Ədalətqızı tərəfindən yazılmış "Cavad və Şükriyyə dastanı" adlı kitabın təqdimatı baş tutub.[20]
2019-cu ildə Bakıda açılmış "Siyasi Repressiya Qurbanları Muzeyi"-ndə repressiya qurbanı olan qadınlara həsr olunmuş guşədə Şükriyyə Axundzadənin həbsi və cəzası ilə bağlı olan sənədin surəti saxlanılır.[21]
2021-ci ildə yazıçı Ülviyyə Tahir Şükriyyə Axundzadə haqqında, onun sürgündə keçən həyatı haqqında "Şükriyyə taleyim" adlı tarixi roman yazıb.[22][23]
2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub.[24][25] Əsərin müəllifi Mehriban Ələkbərzadədir və burada Şükriyyə Cavadın faciəli həyatına da yer verilib.[26]
2023-cü il iyunun 30-da Akademik Milli Dram Teatrında "Şükriyyə" tamaşasının premyerası keçirilib[27][28]. Tamaşa Cavid Zeynallının "Şükriyyə" pyesi əsasında hazırlanıb və Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.[29]
Atası Süleyman bəy Bejanidze acar knyazlarının nəslindən olub. Əsilləri Zendidi kəndindəndir. Burada onların ailə qəbiristanlıqları var, mülkləri və limanları da olub.[30]
Şükriyyə Cavad və Əhməd Cavadın 5 övladı olub. Niyazi, Aydın, Tuqay, Yılmaz adlı oğulları və Almaz adlı qızları. 1936-cı ildə qızları Almaz 16 yaşında sarkoma xəstəliyindən dünyasını dəyişib.[31]
Əhməd Cavadın öldürülməsi və Şükriyyə Axundzadənin sürgün edilməsindən sonra 2 yaşlı Yılmaz körpələr evinə verilmiş,[6] 14 yaşlı Tuqay çətin tərbiyə olunan uşaqlar üçün nəzərdə tutulmuş yetimxanaya, 16 yaşlı Aydın isə Keşlə həbsxanasına göndərilmişdi.[32][33]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.