From Wikipedia, the free encyclopedia
İnanılmaz Halk (ing. The Incredible Hulk) — Marvel Comics tərəfindən yaradılmış eyniadlı personajdan bəhs edən və 2008-ci ildə çəkilən Marvel Studios istehsalı super qəhrəman və fantastika filmi. "İnanılmaz Halk" Marvel Kinematoqrafiya Kainatının (MKK) ikinci filmidir. Film, Zak Pennin ssenarisi əsasında Lui Leteryenin rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Edvard Norton Brüs Benner rolunu canlandırmış, eyni zamanda Liv Tayler, Tim Rot, Tim Bleyk Nelson, Ti Byurrel və Uilyam Hört də rol almışlar. "İnanılmaz Halk"da superədgər hazırlamaq istəyən ordu rəhbərliyinin gizli təcrübəsinə əsasən qamma radiasiyasına məruz qalan Brüs Benner Halka çevrilir. Halkı hərbi məqsədlər üçün tədqiq və istifadə etmək istəyən General Sanderbolt Ross, ondan gizlənən Benneri tapmaq üçün təcrübəni başqa bir əsgərin – Emil Blonski üzərində davam etdirir və nəticədə Blonski, İyrənc adlı varlığa çevrilir.
Bu məqalə 2008-ci ilin filmi haqqındadır. 2003-cü ilin filmi üçün Halk (film, 2003) səhifəsinə baxın. |
İnanılmaz Halk | |
---|---|
The Incredible Hulk | |
Janr |
fantastika döyüş |
Rejissor | Lui Leterye |
Prodüserlər |
Kevin Fayqi Avi Arad Geyl Enn Herd |
İcraçı prodüserlər | Sten Li |
Əsərin müəllifləri |
Sten Li Cek Körbi |
Ssenari müəllifi | Zak Penn [Qeyd 1] |
Baş rollarda |
Edvard Norton Liv Tayler Tim Rot Tim Bleyk Nelson Ti Byurrel Uilyam Hört |
Operator | Piter Menzies |
Bəstəkar | Kreyq Armstronq |
İstehsalçılar |
Universal Studios 1 Valhalla Motion Pictures Marvel Studios |
Distribütor | UIP-Dunafilm[d], Sony Pictures[3], Netflix, Disney+ |
İlk baxış tarixi |
8 iyun 2008 (Universal Amphitheatre) 13 iyun 2008 (ABŞ) |
Müddət | 112 dəqiqə[4] |
Büdcə | 150 milyon $[5] |
Gəlir | 263.4 milyon $[6] |
Ölkə | ABŞ |
Dil | ingilis |
İl | 2008 |
Rəng | rəngli |
Çəkiliş yeri | Rio-de-Janeyro[7], Nyu-York[8], Toronto[7], Hamilton[7], Toronto Universiteti[7], Britaniya Kolumbiyası |
IMDb | ID0800080 |
Vikianbarda əlaqəli mediafayllar |
2003-cü ildə Universal Pictures tərəfindən çıxarılmış "Halk" filminin müxtəlif cür qəbul edilməsindən sonra Marvel Studios personajın ekranlaşdırılması hüququnu yenidən qaytarır. Əvvəl "Dəmir adam" filmini ekranlaşdırmaqla maraqlanmış rejissor Leteryeyə filmin rejissor kürsüsü etibar edilir, Penn isə komikslərə və eyni adlı teleseriala daha yaxın olan ssenari yazılması ilə məşğul olur. 2007-ci ilin aprelində Norton film üzərində işə başlayır; o əsas rolu canlandırmaqla yanaşı Pennin ssenarisini də təkmilləşdirir. Çəkilişlər əsasən 2007-ci ilin iyul-noyabr aylarında Toronto, Ontarioda aparılmışdır. Post-prodakşn prosesində hərəkət-tutma və CGI texnologiyalarının tətbiqi ilə 700-dən çox vizual effekt yaradılmışdır.
"İnanılmaz Halk" filminin premyerası 8 iyun 2008-ci ildə Yuniversal-siti, Kaliforniyadakı Gibson amfiteatrında baş tutmuş, 13 iyun 2008-ci ildə isə film ABŞ-də çıxarılmışdır. Film, yaxşı vizual effektləri, əsas personajın canlandırılması və döyüş səhnələrinə görə qiymətləndirilməklə $263 milyon gəlir gətirmişdir. Əvvəlcə Nortonun Halk rolunu "Qisasçılar" və MKK-na daxil olan digər filmlərdə də canlandıracağı planlaşdırılsa da, sonradan Mark Ruffalo ilə bütün potensial filmlərdə personajı canlandırmaq üçün müqavilə imzalanmışdır.
General Sanderbolt Ross Virciniyadakı Kulver Universitetində qızı Bettinin kolleqası və sevgilisi doktor Brüs Bennerlə görüşür. Ross bildirir ki, aparılan təcrübələr nəticəsində qamma radiasiyasının insan immununu gücləndirdiyini müəyyənləşdirmişlər. İkinci Dünya müharibəsi dövründə başşladılmış "super əsgər" layihəsini davam etdirən Ross, buraxılmış səhvlərin aradan qaldırılmasına ümid edir və nəticədə Benner dəqiqədə 200 ürək vurmasına çatdıqda Halka çevrilir. Halk laboratoriyanı dağıdır, içəridəki adamları isə öldürür və yaralayır. Benner ABŞ ordusundan gizlənən qaçağa çevrilir, general Ross isə Halkı tapmağa çalışır.
Beş il ərzində[Qeyd 2] gizlənməyə nail olan Benner Braziliyadakı Rio-de-Janeyro şəhərinin Rosinya rayonunda butulka zavodunda işləyir, eyni zamanda Halkla mübarizə üçün yollar axtarır. Elektron poçt vasitəsiylə o, "Cənab, Mavi" adlı kolleqası ilə ünsiyyət saxlayır, özünü isə "Cənab, Yaşıl" kimi təqdim edir. Özünü nəzarətdə saxlamaq üçün yoqa texnikalarını öyrənən Brüs beş ay Halka çevrilmədən yaşamağa müvəffəq olur. İş zamanı barmağı yaralanan Bennerin qanı butulkalardan birinin içinə düşür, həmin butulkaya doldurularaq ABŞ-yə ixrac edilmiş işçi isə Miluoki, Viskonsindəki yaşlı bir kişini həddən artıq gücləndirir, beləcə general Ross Halkın gizlənmə yerini müəyyənləşdirir. Onu ələ keçirmək üçün rus mənşəli hərbçi Emil Blonskinin rəhbərliyi ilə ordu Rioya göndərilir. Qarşıdurma zamanı Halka çevrilən Benner Blonskinin dəstəsini asanlıqla məğlub edir. Bundan sonra Ross Blonskiyə Benner və Halkın eyni olduqlarını və Halkın necə yarandığını nəql edir. Blonski təcrübənin onun öz üzərində davam etdirilməsinə razılaşır, Bennerin bədəninə yeridilmiş maddə az miqdarda Blonskinin bədəninə də yeridilir, bu ona tez sağalma, sürət və güc bəxş edir.
Blonskinin dəstəsi ilə toqquşmadan sonra Kulver Universitetinə qayıdan Benner, Leonard Samson adlı psixiatrla görüşməyə başlamış Betti ilə qarşılaşır. Universitet ərazisində Benner ikinci dəfə general Rossun ordusu ilə üzləşir. Bu dəfə döyüşə modifikasiya edilmiş bədəni ilə Blonski də qoşulur. Halk onu asanlıqla dəf edir və Bettini güllələrdən, o cümlədən partlayışdan xilas edir. Bundan sonra Benner Cənab Mavi ilə görüşür. Məlum olur ki, Cənab Mavi adı ilə əlaqəyə girən şəxs hüceyrə bioloqu Samuel Sterns imiş. Sterns Bennerin vəziyyətini aradan qaldıracaq maddə kəşf etdiyini bildirir və onu Bennerin üzərində tətbiq edir. Maddə effekt verir və Halk sakitləşir. Lakin, qısa müddət sonra onların olduğu laboratoriyaya Blonskinin rəhbərliyi ilə ordu təmsilçiləri gəlir və Benneri həbs edirlər. Ordu laboratoriyadan çıxsa da, Blonski orda qalır və Sternsi Halkın təcrübə üçün götürülmüş qan nümunəsini öz bədəninə vurmağa məcbur edir. Bundan sonra o, İyrəncə çevrilir. İyrənc Halk qədər güclü və böyük olsa da, ondan daha qəzəbli olur.
İyrənc Sternə hücum edir. Sternin yaralanmış başına Halkın qan nümunəsi tökülür və o da mutasiya edir. İyrənc Harlemi dağıtmağa başlayır. Halkın İyrəncin qarşısını almağa qadir yeganə varlıq olmasını başa düşən Benner general Rossdan onu azad etməsini xahiş edir. Təkbətək döyüşdə Halk İyrənci məğlub edərək hərbçilərə təhvil verir. Bundan sonra Halk Nyu-Yorku tərk edir.
Bir ay sonra Benner Britaniya Kolumbiyasındakı Bella Kulada sakit ömür sürür. Əvvəlki vəziyyətindən fərqli olaraq, indi o, çevirilməsinə nəzarət edə bilir. General Rossun yanına gələn Toni Stark ona bildirir ki, yeni qəhrəman dəstəsi yaradılacaq və Halk dəstənin üzvü olmalıdır.
Titrlərdə adı göstərilməsə də, Robert Dauni filmin sonunda kameo kimi Toni Stark rolunu canlandırmışdır. Dauninin filmdə görünməsi Marvel Studiosa qarşı atılmış xoş addım olmaqla, onun Marvelin gələcək filmlərində iştirakı üçün də zəmin yaratmışdır.[38] Halk personajının həmmüəllifi olan Sten Li filmdə Halkın qanı qarışmış içki içən yaşlı kişi rolunu canlandırmışdır. Maykl K. Vilyams filmdə Harlemdə hadisə şahidlərindən birini canlandırmışdır ki, bu rol da onun üçün "Dinləmə" serialının fanatı olan Norton tərəfindən yazılmışdı.[39] 1966-cı ildə çıxarılmış "Marvel Super Qəhrəmanları" animasiya serialında Benneri səsləndirmiş Pol Soles filmdə pizza restoranı sahibi olan və Bennerə kömək edən yaşlı kişini canlandırır. Filmin əvvəlində Benner televiziyaya baxdıqda orada Bill Biksbinin "Eddinin atasına qulluq" serialı göstərilir. Rikson Qreysi filmdə Bennerin döyüş sənəti müəllimi rolunu canlandırır; Qreysinin Braziliya ciu-citsusu ilə əlaqəli rolu nəzərə alınaraq o, aykido ustası kimi qeyd edilmişdir. Piter Mensa general Rossun dostu və həmkarı general Co Gellar rolunu oynayır. Kristina Kabot general Rossun şəxsi tibb xadiməsi mayor Ketlin Sparrı canlandırır.[40] Martin Starr "Kompüter xəstəsi" kimi göstərilən kollec tələbəsini canlandırır; filmin romanlaşdırılmış versiyasında o, Amadey Ço kimi göstərilir.[41] Halkın dəstəkçi personajları Cim Uilson və Cek MakGi Kulver Universitetinin tələbələri kimi kameo görünüşü almış, onları P. J. Kerr və Nikolas Roze canlandırmışlar.[42]
Enq Linin "Halk" filminin çıxarılması zamanı ssenari müəllifi Ceyms Şamus Boz Halkın iştirakı ilə sikvel filmi üçün plan hazırlayırdı. Filmdə əsas düşmən personajlar kimi isə İyrənc və Lider nəzərdə tutulmuşdu.[43] Marvel də İyrəncin əsas düşmən olmasını istəyirdi, çünki, general Rossdan fərqli olaraq İyrənc Halk üçün layiqli düşmən ola bilərdi.[44] "Halk"ın çəkilişləri aparılarkən prodüser Avi Arad filmin may auditoriyası üçün çıxarılmasını nəzərdə tutmuşdu.[45] Universal sikvel çəkilişlərini dedlayn vaxtına kimi başlamadığına görə[12], 18 yanvar 2006-cı ildə Arad Marvel Studiosun Universal Picturesin distribütorluğu[46] ilə çıxarılacaq "İnanılmaz Halk" filmini maliyyələşdirəcəyini elan edir. Enq Linin stilindən uzaqlaşmağın yaxşı olacağını bildirən Marvel, onun filmini birdəfəlik paralel kainat atmosferli film adlandırmış, Kevin Fayqi isə "Marvelin başlatdığı Halk franşizası üçün daha realistik filmə ehtiyac olduğu"nu qeyd edir. Prodüser Geyl Enn Herd də hiss edir ki, film "komiksləri oxumuş və teleserialı izləmiş şəxslərin" gözləntilərinə cavab verməlidir.[25]
Teleserial və ilk filmi bəyənən Lui Leterye "Dəmir adam" filminin ekranlaşdırılması lə maraqlanırdı.[14][25] Həmin film Con Favroya etibar edildiyindən, Leteryeyə "İnanılmaz Halk" filminin çəkilməsi həvalə olunur. Leterye o qədər də həvəsli görünmürdü, çünki, Linin stilini təkrarlaya biləcəyinə əmin deyildi, lakin, Marvel ona buna heç bir ehtiyac olmadığını deyir.[47] Leteryenin əsas ilham mənbəyi Cef Loeb və Tim Seylin "Hulk: Gray" (azərb. Halk: Boz) komiksi (personajın peyda olmasının yenidən nəqli) olmuşdur. Pre-prodakşn prosesində o, bir çox komiks səhifələrini divarlara yapışdırmışdır ki, yekun filmdə həmin təsvirlərin canlanmasının şahidi olmaq mümkündür.[14] Leterye deyir ki, Brüs Bennerin içindəki bədheybətlə münaqişəsini göstərmək istəyirdi[48], Fayqi isə əlavə edir ki, "filmdə ədalətsizliyə və cinayətkarlığa qarşı mübarizə imkanı və özündə aşkarladığn inanılmaz gücün bəxş etdiyi ümid"ə də yer veriləcək.[49] Arad isə bildirir ki, "filmdə Brüs Benner və Betti Rossun sevgi münasibətlərinə də geniş yer veriləcək."[50]
1996-cı ildə birinci filmin ssenarisinin qaralamaversiyası üzərində çalışmış Zak Penn deyir ki, filmdə Halkın yaranması əsas götürülsə də, tonallıq baxımından film eyni adlı teleseriala və Brüs Consun komiks xəttinə yaxın olacaq. O, yazdığı ssenarini bir-birindən fərqlənən "Yad planetlilər" və "Yad planetli" filmləri ilə müqayisə edir, həmin filmlərdə də hadisələr eyni davamlılıqda baş verir.[18] O, 1996-cı ildə yazdığı ssenarisdən iki səhnəni "İnanılmaz Halk" ssenarisinə əlavə etmişdir: Brüs Halka çevrilmək üçün helikopterdən atılır və başa düşür ki, Betti ilə cinsi əlaqədə ola bilməz.[1] 2006-cı ildə studiyanın başqa rejissorun ssenari üzərində işləmək təklifini rədd etməsindən sonra, 2007-ci ildə rejissoru olduğu "Böyük" filminin təbliğat turuna çıxmazdan əvvəl Penn film üçün üç ssenari qaralaması yazmışdır.[51] Aprel ayında Norton Benner rolunu canlandırmaq üçün studiya ilə müzakirələrə başlayır və layihədə aktyor kimi iştirakdan əlavə, həm də ssenari üzərində işləmək hüququ alır. Əsas çəkilişlər başlayana kimi Norton Pennin ssenarisi üzərində işləri davam etdirir.[51] 2006-cı ilin noyabrında filmin çıxış tarixi 13 iyun 2008-ci il kimi müəyyən edildi.[52] Leterya etiraf edir ki, əvvəlki "Halk" filmi ilə "İnanılmaz Halk" filmi arasında yeganə oxşar cəhət Brüsün hər iki filmdə Cənubi Amerikada gizlənməsidir[14] və film unikal rebut olduğuna görə izləyiciləri növbəti qırx dəqiqəlik mənşə hekayəsi gözləyir.[53] Birinci səhnələrin Tailandda çəkilməsi haqqında da müzakirələr aparılmışdı.[54] Leterye hesab edir ki, Enq Linin filmində personajın gəlməsini gözləmək izləyiciləri səbrsizləşdirmişdi.[53] Fayqi izah edərək deyir ki, "biz mənşə hekayəsini yenidən nəql etmək istəmirdik, insanların yaxından tanış olduğu bu hekayəni yenidən danışmaq nəyə lazımdır ki… "İnanılmaz Halk"ı çəkməkdə əsas məqsədimiz Halkı [Marvel Kinematoqrafiya Kainatı]na daxil etmək idi."[55]
"İnanılmaz Halk" filminin çıxışından sonra Geyl Enn Herd Enq Linin "Halk" filminə olan qeyri-müəyyən münasibətindən bəhs etmişdir. "Biz bilmirdik bunu necə adlandıraq, bu həm rebut həm də bir növ sikvel idi." Herd deyir ki, ""rebut" və "sikvel"in birləşməsindən yaranmış "rekvel" filmi ideal izah edən termin ola bilər.[56] Norton Linin mənşə hekayəsindən imtina etmək qərarını belə izah edir: ""Mənşə hekayəsi" ifadəsi mənim xoşuma gəlmir, mən düşünmürəm ki, böyük ədəbiyyat və möhtəşəm filmlərdə hekayənin mənşəyinin izahına xüsusi yer verilir və bu həmişə filmin əvvəlində edilir."[17] "Kütlə bu hekayə ilə tanışdır" o əlvə edir, "buna görə də incə davranmaq lazımdır." O, "hətta üçüncü hissədə də hər şeyin yalnız hərəkətli yox həm də süjet üçün əhəmiyyətli olmasını istəyirdi."[19] Yeni mənşə hekayəsi Ultimate Marvelin super əsgərlər yaradılması üçün həyata keçirilmiş təcrübə nəticəsində meydaba çıxmış Halk personajına istinad edir.[57] Norton Rik Consu tamamilə ixtisar etmiş, Q. A. L. X. A. N.-ın rolunu isə yüngülləşdirərək minimuma endirmişdi.[25] Bunun əvəzinə o, Bennerin çiçəkdən dərman hazırlaması səhnəsini və Samuel Sternslə məktublaşma səhnəsini əlavə etmişdir ki[1], bu da Brüsü Consun hekayəsi ilə əlaqələndirir.[58] Norton filmin müxtəlif səhnələrini hər gün yenidən yazırdı.[27] Buna baxmayaraq, Amerika Yazıçılar Gildiyası ssenari müəllifi kimi yalnız Pennin göstərilməsinə qərar vermiş və bu qərar Nortonun ssenariyə heç bir əsaslı dəyişiklik etməməsi ilə izah etmişdir.[2] Jurnalist Enn Tompson qeyd edir ki, "Gildiya süjetdə erkən struktur, personaj və dialoqları dəstəkləmək ənənəsinə malikdir."[1] Penn 2008-ci ildə deyir ki, "[Norton]un Komik-Kona gəlib ssenari yazdığını deməsi heç də xoş deyildi."[59] Penn və Nortondan əvvəl ssenari üzərində anonim ssenari yazarı da çalışmışdı.[1]
Leterye qırıq ayağı ilə dörd heyətlə rejissorluq etmişdi.[20] Çəkilişlərə 9 iyul 2007-ci ildə start verilmişdi. Çəkilişlər əsasən Torontoda aparılmışdır. Şəhər meri Devid Miller Halk fanatı olduğuna görə, çəkiliş heyətinə mümkün qədər köməklik göstərəcəyini vəd etmiş, Halk və İyrəncin döyüş səhnələrini çəkmək üçün sentyabr ayı boyunca gecə vaxtı Yanq-strit adlı əsas şəhər magistralının bağlanılmasına razılaşır. Çəkilişlər zamanı partlayıcı və yanan maddələrdən, avtomobil partlayışlarından istifadə edilməsinə baxmayaraq, gecə çəkilişlərinin tamamlanmasından sonra hər gün 20–25 dəqiqə ərzində çəkiliş heyəti küçəni tamamilə təmizləyərək səhər hərəkətə hazır vəziyyətə gətirirdi.[60] Kulver Universitetindəki döyüş birinci çəkilmiş və çəkilişlər Toronto Universiteti və Morninqsayd parkı ərazisində həyata keçirilmişdir. Əsgərlərin Bennerə qazla hücum səhnəsini çəkmək üçün kinematoqraflar universitet yollarından biri üzərində şüşə dəhliz inşa etmişdilər.[31] Çəkilişlər həm də Torontonun Maliyyə rayonunda aparılmışdı.[32] Hemilton, Ontariodakı sökülməsi nəzərdə tutulan zavodda isə Braziliyadakı zavod çəkilişləri həyata keçirilmişdi.[60] Zavodun yeraltı hissəsində isə Rossun hərbi qərargah səhnələri çəkilmişdir. Halk və İyrəncin bəzi döyüş səhnələri Hemiltondakı beklotda çəkilmişdir.[61] Kanada ərazisində çəkilişlər həm də "Trenton 8 Wing Kanada Hərbi Qüvvələr Bazası"nda və və Britaniya Kolumbiyası ərazisindəki Bella Kulada aparılmışdır.[32] Bundan əlavə bir həftə ərzində Nyu-Yorkda, iki həftə isə Rio-de-Janeyroda çəkilişlər aparılmışdır.[62] Həmçinin heyət çəkilişləri Rionun Roşina, Lapa və Santa-Tereza rayonlarında, o cümlədən Tijuka meşəsində aparmışdır.[32]
"İnanılmaz Halk" Torontonun havaya karbon buraxılmasının azaldılmasına hesablanmış Yaşıl-Ekran (ing. Green-Screen) layihəsinə də qoşulmuşdur.[63] Prodüser Qeyl Enn Herd deyir ki, Halkın özünün yaşıl olması onu məşhur ekologiya anologiyasına çevirir, Norton isə ətraf-mühitin qorunmasına böyük əhəmiyyət vermişdir. Çəkilişlərdə aşağı kükürd dizeli yanar maddələrdən istifadə olunması üçün qarışıq və ekonom nəqliyyata üstünlük verilmişdir. Çəkiliş heyəti inşaat işləri zamanı fanera yerinə pinus echinata o cümlədən VOC istifadə etmişdir. Taxta əksər hallarda təkrar istifadə edilmiş və ya təbiət mühafizəsi orqanlarına təhvil verilmiş, rəng qabları isə tullantı idarəsinin öhdəsinə verilmişdir. Bundan əlavə çəkilişlər zamanı parça paketlər, biozərəsiz qida konteynerləri, farfor və gümüş yemək dəstləri, hər bir istehsalçı heyət üzvü üçün polad qablar, tullantıların yığılması, daşınması və məhv edilməsi/təkrar istifadəsi üçün podratçı şirkətin xidmətlərindən istifadə etmişir.[32] "İnanılmaz Halk" Ekoloji Mediya Assosasiyasının Yaşıl işarəsini almış ilk blokbasterdir və həmin işarə filmin bağlanış titrləri arasında nümayi etdirilir.[64]
Leterye Endi Serkisin hərəkət tutma texnologiyası ilə "Üzüklərin hökmdarı" və "Kinq Konq" filmlərində yaratdığı Qollum və Kinq Konq obrazlarını əldə etməyə çalışdığı standart kimi göstərmişdir.[47] Norton və Rot bədheybətlərin edə bləcəkləri 2500 hərəkət vəziyyətində çəkilmişdilər.[32] Fosforesens üz boyası və strob işıqlandırması aktyorların ən xırda üz mimikalarını belə qeyd etməyə imkan vermişdir.[65] Əsas aktyorların video bağlantısından sonra[66] , Kiril Raffaelli də daxil olmaqla digərlərinin hərəkət tutma ilə döyüş səhnələri çəkilmişdir.[28] Leterye CGI effektlərinin yaradılması işini Enq Linin "Halkı" üçün effektlər üzərində işləmiş "Industrial Light & Magic" şirkətinə yox, "Rhytm and Hues Studios"a etibar etmişdir. Bennerin qamma qariasiyalı qanının üç mərtəbədən butulkanın içinə düşməsi səhnəsinin çəkilməsinə "Imagine Engine" adlı vizual effektlər şirkəti bir ilə yaxın vaxt sərf etmişdir.[67] Həmin səhnələrin çəkilməsinə 700-ə qədər xüsusi effekt hazırlanmışdır. Hərəkət tutma texnologiyası səhnələrin yerləşməsi və hərəkətləndirilməsini təmin etsə də, "Rhythm and Hues" tərəfindən hazırlanmış effektlər onları "yaxşılaşdırmış və superqəhrəman keyfiyyətinə çatdırmışdır."[68] Animatorların bir çoxu, o cümlədən Leterye özü final döyüş səhnələrinin video bağlantılarının hazırlanmasında birbaşa iştirak etmişlər.[31]
Halkın dizaynında əsas ilham mənbəyi Deyl Keounun komiks rəsmləri olmuşdur.[47] Leterye "Halk" filmində təqdim edilmiş Halkın "çox kök və kiçik nisbətlərə malik" olduğunu düşünür. O, izah edir ki, "Halk demək olar ki, mükəmməldir, onun dəri altı yağ kütləsi sıfıra bərabərdir, əzələləri isə o qədər güclüdür ki, tanka oxşayır".[47] Vizual effektlər üzrə supervayzer Kurt Vilyams Halkın fiziki xüsusiyyətlərini bodibilderdən daha çox laynbeykerə oxşadır. Həddən artıq qeyri-insani görünməməsi üçün personajın 9 fit hündürlüyə malik olması nəzərdə tutulmuşdu. Personajı daha effektiv etmək üçün onun əzələ kütləsini və dərisinin rəngini tənzimləyən xüsusi proqramlar hazırlanmışdı. Vilyams qeyd edir ki, inanın yanaqlarında qızartı əmələ gəlməsinin səbəbi onun hissləridir.[32] Animatorlar düşünürlər ki, Halkın yaşıl qanı onun təbii şist rəngli dərisini tündləşdirməli idi və buna görə də yaşıl zeytun rəngi alınmalı idi.[65] Personajın animasiya modelini hazırlayan studiya onun nə etməli olduğunu bilmirdi: model elə hazırlanmışdı ki, tələb olan hər şeyi edə bildin və sonradan "Qisasçılar" filmində də istifadə olunsun.[68] Halkın orta ölçülü saç düzümü Mayk Deodatonun komiks təsvirləri əsasında işlənmişdi.[68] Orijinalda o, qısa saç düzümünə malik olsa da, Leterye düşünür ki, orta saç düzümü onun xarakterini daha da dolğun edəcək.[66] Benerin çevirilmə səhnəsinin çəkilməsində Leterye "Amerikan canavar adamı Londonda" filmindən ilhamlanmış, çevirilmənin onun üçün nə qədər ağrılı olduğunu göstərmək istəmişdir.[69] Teleserialda olduğu kimi, filmdə də çevrilmə zamanı ilk olaraq Bennerin gözlərinin rəngi dəyişir.[70] Leterye İyrəncin də görünüşünü dəyişmişdir, belə ki, onun komikslərdəki balıq və ya suda-quruda yaşayan kimi göstərilməsi izləyicilərdə sual doğura, nəyə görə Halk kimi insana bənzər olmadığını soruşmağa əsas verə bilərdi. Onun iyrəncliyi daha çox bir neçə qatlı əzələ kütləsi və əzələlər arasından çıxan iti uclu, döyüş zamanı istifadə etdiyi sümüklərindən irəli gəlirdi.[29] Hərəkət tutma performansı zamanı İyrəncin Halkdan daha kobud təsvir edilməsinə çalışılmışdır. Onun ümumi quruluşu və başın çevirməsi köpək balığının hərəkəti əsasında modelləşdirilmişdir.[44] Personaj həm də Rotun tatularını daşıyır.[71] Personaj üçün on bir fit boy hündürlüyü seçilmişdir.[32] O, personajın qulaq hissələrini işləməyə çalışsa da, sonradan düşünür ki, Halkın qulaq dişləməsi (Mayk Taysonun Evandor Holifildə qarşı döyüşdə etdiyi kimi) onun axmaq kimi görünməsinə səbəb ola bilər.[72]
CGI effektlərin tamamlanması üçün Leteye protez qrim və animatronikadan istifadə etməyi planlaşdırırdı.[73] "İks adamlar: Son müqavimət" filminin qrim ustaları Blonskinin çevrilməsini mərhələlərlə təsvir etmək istəyirdilər[27], çünki, Zak Penn dediyi kimi "Blonski bu xüsusiyyətə alışmamışdı. O, qəfildən ağırlaşmışdı, yol kənarı ilə getdikdə onun ağırlığından yol dağılırdı və o, sanki ilişirdi. Əsas məsələ bu cür personajların insanlaşdırılmasında, onların əldə etdikləri fizika xüsusiyyətlərindədir."[74] "Amalgamated Dynamics"dən Tom Vudruffla (daha əvvəl "Yad planetli" və "Yad planetli 3" filmlərinin kostyumlarını hazırlamışdı) danışıqlar aparılmış və o, Halkın iki böyük fiqurunu, o cümlədən protez əlini hazırlamışdı. Əvvəl kukla ilə çəkiliş aparıb daha sonra kompüter qrafikasının əlavə edilməsinin işləri çətinləşdirəcəyi düşünüldüyünə görə, tam animatronikin hazırlanmasından imtina edilmişdir.[75] Buna baxmayaraq, Sternin mutasiya edən başının çəkilməsi üçün animatronikdən istifadə edilmişdir.[61] Dağıdılma əsasən praktiki olaraq aparılırdı. Halkın zavoddan qaçması səhnəsində butulka maşını vasitəsiylə divar dağıdılmışdı. Kinematoqraflar Halka qaz bombaları ilə hücum səhnəsində buxar və quru buzdan istifadə etmişləe, Kulver Universitetində döyüş zəhnəsində isə əsl Humvee avtomobili məhv edilmişdi. Halk kompüterlə yaradılmış vertolyta zərbə endirdikdə borulardan alov buraxılır. İyrənclə döyüşəcək Halka çevrilmək üçün Bennerin vertolyotdan atıldığı səhnədə Norton doxsan dərəcə dönən lövhəyə bərkidilmiş, düşüşü imitasiya etmək üçün isə kamera yuxarıda bərkidilmişdi. Leterye zarafatla deyir ki, Nortonun bağlı olması onun oynamasına mane olmalı idi.[31]
Film musiqisi Leteryenin sevdiyi və 2005-ci ildə "Zəncirli köpək Denni" filmində əməkdaşlıq etdiyi Massive Attack qrupunun aranjimançısı Kreyq Armstronq tərəfindən yazılmışdır. Armstronq Leteryenin ilk seçimi olmuş və bu seçim onun daha əvvəl döyüş filmi üçün musiqi yazıb-yazmadığını bilməyən (2001-ci ildə o, "Əjdahanın öpüşü" filmi üçün musiqi yazmışdı) Marveli təəccübləndirmişdi.[76] Lateryenin xahişi ilə albom iki diskli şəkildə çıxarılmış, məzmun bir diskə kopyalanaraq Marvelə verildikdə isə Armstronq bunu zarafat adlandırmışdı.[77] Filmin musiqi albomuna Co Harnellin 1978-ci ildə çıxarılmış "İnanılmaz Halk" filmi üçün yazdığı "The Lonely Man" mövzusu da əlavə edilmişdi.[78]
"İnanılmaz Halk"ın premyerası 8 iyun 2008-ci ildə Yuniversal-siti, Kaliforniyadakı Gibson amfiteatrında baş tutmuş[79], 13 iyunda isə film ABŞ-də çıxarılaraq 3.505 kinoteatrda[80] açılış etmişdir.[52] "İnanılmaz Halk" Marvel Studiosun 10 illik yubileyi ərəfəsində keçirilən IMAX festivalı çərçivəsində IMAX formata uyğunlaşdırılaraq ilk dəfə 30 avqust 2018-ci ildə kinoteatrlarda çıxarılmışdır.[81]
Ümumi çəkilişin on yeddi dəqiqəsi filmin final versiyasından ixtisar edilmişdir ki, bu da əsasən mənşə hekayəsi ilə bağlı hissələr idi.[33] Mənşə hekayəsinin həmin hissəsi ssenari əsasında çəkilməmişdi və kinematoqraflar onların filmin final versiyasında saxlanılacağına heç vaxt əmin deyildilər, buna görə də, onlardan bəzilərinin klip şəklində internetdə çıxarılması nəzərdə tutulmuşdu.[23] Marvel loqosunun (səhifələnən komiksli loqo) və eyni adlı filmdə Dəmir adamın biroqrafiyasının detallaşdırılmasında iştirak etmiş montajçı Kayli Kuper açılış səhnəsi çəkilişlərinin bir çoxunu montaj etmişdir.[23] Leterye test göstərişi zamanı izləyicilərin mənşə hekayəsinin film boyu fleşbeklər şəklində səpələnməsinə mənfi reaksiya verdiyini izah edərək, onun "Halk" filmi ilə müqayisə edildiyini, buna görə də filmin açılışının tamamilə yenidən işləndiyini bildirir.[33] Bu, Bennerin intihar üçün Arktikaya gəlməsi səhnəsinin ixtisarına səbəb olmuşdur. Səhnə başa çatdıqda qısa müddət ərzində buzlar arasında donmuş Kapitan Amerikanı görmək mümkün idi. Leterye deyir ki, o, həmin səhnənin montaj prosesi zamanı itirilməsini istəmirdi.[33]
Filmin yekun xronometrajı Norton və Leterye arasında müzakirə mövzusu olmuşdur: onlar filmin 135 dəqiqə davam etməsini planlaşdırsalar da, prodüserlər filmin iki saatdan az davam etməsini istəyirdilər. Buna görə də şayiələr yayılır ki, Norton "yekun məhsuldan tam razı qalmasa, filmin təbliğat işində iştirakdan imtina edəcəyini bildirib."[82] Norton bu məlumatı təsdiqləmir: "Bizim sağlam iş münasibətimiz şəxsi məsələdir və elə də qalmalıdır, lakin, təəssüf ki, bu münasibətlər yaxşı hekayə axtaran insanlar tərəfindən ictimailəşdirilərək elə təqdim və təhrif edilmişdir ki, az qala, Marvel, Universal və mənim səylərimin üstündən xətt çəkərək filmə olan marağı belə ötüb keçir. Mən, həmişə düşünmüşəm ki, filmlər özləri haqqında danışmalıdırlar, kadr arxasında baş verənlər haqqında çox məlumatın yayılması, filmin izlənməsi zamanı yaranmalı olan sehr təsirini azaldır."[83]
Universal Studios Partnerships icraçı vitse-prezidenti Stefani Sperber[84]
Filmin romantik və döyüş xüsusiyyətlərinin təbliğ edilməsinə qərar verilmiş, həmçinin adı təbliğat məhsullarında (məsələn, "7-Eleven"in "Incredible Gulp" çubuqları və Kmartın Atalar günü münasibətilə hazırladığı "Incredible Dad" adlı hədiyyə bağlaması) istifadə edilmişdir. "Burger King" də filmin təbliğat kompaniyasına qoşulmuş, General Nutrition Centers isə filmin adını idman qida əlavələri üçün uyğunlaşdırmışdır.[84] Hasbro film əsasında hazırladığı oyun seriyasını 3 may 2008-ci ildə çıxarmışdır.[85] Sega 5 iyun 2008-ci ildə film əsasında hazırlanmış videooyun çıxarmışdır.[86] Film, "Amerikan qladiatorları"nın 9 iyun 2008-ci ildə çıxarılmış Halk Hoqanın apardığı və Lu Ferrinonun qatıldığı seriyasında çıxarılmışdır.[87]
Montajla bağlı mətbuatda yaranmış qalmaqaldan sonra Universaldan Adam Foqleson və Norton elə təbliğat kompaniyası hazırlamışdılar ki, jurnalistlərlə görüşdən və xoşəgalməz suallardan qaçmaq mümkün olsun. Norton filmin premyerasında iştirak etmiş, "Jimmy Kimmel Live!" verilişinə qatılmış, həmçinin filmi təbliğ etmək üçün Yaponiyaya gəlmişdir.[1] Həmçinin, filmin çıxarılması zamanı Norton Afrikada xeyriyyə işlərinə başlamışdır.[88]
"İnanılmaz Halk" film 21 oktyabr 2008-ci ildə Universal Pictures Home Entertainment tərəfindən Blu-ray və DVD formatlarında çıxarılmışdır. Ev üçün buraxılışa səhnə arxası görüntülər, audio şərh, ixtisar edilmiş səhnələr və alternativ açılış əlavə edilmişdir.[89][90] 21 oktyabr 2008-ci ildə çıxarıldıqdan sonra film ABŞ-də (Birləşmiş Krallıqda film 13 oktyabrdan satışa çıxarılmışdı) satış göstəricilərinə görə birinci yerə qalxmışdır. Dəstə geniş ekran və tam ekran versiyalar daxildir; bundan əlavə film 3 diskli xüsusi buraxılış və iki diskli Blu-ray bağlamada satışa çıxarılmışdır. Birinci diskə Leterye və Rotun audio şərhləri, ikinci diskə xüsusi əlavələr və ixtisar edimiş səhnələr, üçüncü diskə isə filmin dijital kopyası daxildir. Blu-ray bağlamada ilk iki diskin məzmunu bir diskə sığışdırılmış, ikinci diskdə isə filmin dijital versiyası yazılmışdır.
Film, həm də Marvel Kinematoqrafiya Kainatının Birinci Fazasına daxil olan filmlərin dəst şəkildə satışa çıxarıldığı "Marvel Cinematic Universe: Phase One – Avengers Assembled" dəstinə əlavə edilmişdir.[91] Həmin dəst "Walt Disney Studios Home Entertainment" tərəfindən 2 aprel 2013-cü ildə çıxarılmışdır.[92] Universal filmi Ultra HD Blu-ray formatında 10 aprel 2018-ci ildə çıxarmışdır.[93]
"İnanılmaz Halk" ABŞ və Kanadada $134.8 milyon, digər ərazilərdə isə $128.6 milyon olmaqla ümumilikdə $263.4 milyon gəlir gətirmişdir.[6] Devid Devis "The Hollywood Reporter"ə verdiyi müsahibədə deyir ki, "NBC Universal birləşməsindən sonra Halka böyük ümid bəslənilir və Anq Linin "Halk"ından fərqli olaraq tənqidçilər tərəfindən müsbət qəbul ediləcəyi düşünülürdü. Marvel isə "Dəmir adam" filminin uğurunun "İnanılmaz Halk" tərəfindən davam etdiriləcəyinə ümid edirdi. Buna görə də yeni filmin istehsalına daha çox güc sərf edilirdi."[94]
"İnanılmaz Halk" açılış həftəsində $55.4 milyon gəlirlə birinci yerə yüksəlmişdir.[80] "Fantastik dördlük: Gümüş sörfçünün yüksəlişi" filmindən sonra bu, Atalar günündə çıxarılmış filmin ikinci ən böyük gəliri idi.[95] Bu, $45 milyon kimi gözlənilən açılış gəlirlərini geridə qoymağa kömək etmişdir. Universal gözləntilərin geridə qalacağına ümid edirdi.[5]
"İnanılmaz Halk" həmçinin 38 digər ölkədə də çıxarılmış və ümumilikdə $31 milyon gətirmişdir. Filmin ən böyük açılışı Cənubi Koreyada olmuş, Meksika və Rusiyada isə onun gəlirləri Universal üçün rekord nəticə olmuşdur.[96] 26 avqust 2008-c ildə Çində çıxarılan film 24 milyon yuan (təxminən $3.4 milyon) gəlir gətirmişdir.[97]
Rəy aqqreqatoru "Rotten Tomatoes" 225 tənqidçinin rəyinə əsasən filmə 67% təravətli 6.2/10 bal vermişdir. Sayt tənqidçilərinin ortaq rəyində deyilir ki, "Ola bilsin ki, "İnanılmaz Halk" Marvel fanatlarının böyük ümidlə gözlədiyi hissləri qarışdırır, lakin, o, kçik hekayəni təqdim etmək üçün kifayət qədər böyük yaşıl hərəkətliyə malikdir."[98] "Metacritic" 38 tənqidçinin "əsasən müsbət rəy"lərinə əsasən filmə 68/100 bal verir.[99] "CinemaScore" tərəfindən keçirilmi sorğu nəticəsində məlum olmuşdur ki, filmi izləməyə gedənlərin əksər hissəsi kişilər olmuş, onların 82%-i 2003-cü ildə çıxarılmış "Halk" filmini izləmiş və 2008-ci ilin "İnanılmaz Halk" filmini A- dərəcəsi ilə qiymətləndirmişlər.[100]
"Variety" jurnalından Todd MakKarti deyir ki, "görünən odur ki, nəzəri olaraq "İnanılmaz Halk" superqəhrəmanın ekranlara qaytarılması üçün minimal tələblərə cavab verən davamlı yay filmidir." O, qeyd edir ki, "bütün kinematoqrafik dağıdılma və uçurulmalar effektiv və entuziazma işarə ilə həyata keçirilmiş" və "sporadik düşüncə ilə yazılmışdır." "Film tünd rənglərlə redaktə olunsa da, Kreyq Armstronqun musiqisi isə hadisələrin dəstəklənməsi və vurğulanmasını yaxşı həyata keçirir. Effektlər proqnozları demək olar ki, doğruldur, lakin, o qədər də ruhlandırmır."[101] "The Miami Herald"dan Rene Rodrigez filmi alqışla qarşılayaraq onu Enq Linin "Halk" filminin etmədiyi bir çox şeyləri etdiyinə görə tərifləyir: "O, işıqlı və hərəkətlidir, personajın obrazının məşhurlaşmasına səbəb olmuş 1970-ci illərin telesrialını ağuşuna alır (ondan imtina etmək yerinə)."[102] "The Seattle Times"dan Mark Raner yazır ki, "Marvelin yaşıl qoliafı yenidən gündəmə gətirməsi Enq Linin 2003-cü ildə çıxarılmış "Halk"ının səhvlərinin aradan qaldırılması cəhdi olsa da, burada da Halk komyuter oyunlardakı personajdan bir az yaxşı görünür və yenə də, demək olar ki, danışmır."[103] "New York Post"dan Lu Lumenik deyir ki, "Yaddaşımda daha çox həkk olan…uzun müddət davam edən, yaxşı animatikləşdirilmiş Halk və İyrənc arasında Harlemin küçələri və damlarında baş verən uzun müddətli döyüş, həmçinin əsas qəhrəmanla ordu qüvvələri arasında baş verən, ordunun ən yüksək texnologiyalı silahları, o cümlədən səs toplarının məhv edildiyi döyüş səhnəsidir. Bu səhnələri ustadcasına ekranlaşdırmış rejissor Lui Leterye filmin açılışında Enq Lidən iyirmi dörd dəqiqə az müddətə personajın mənşə hekayəsini göstərmişdir."[104] Filmin fanatı olmayan Rocer Ebert qeyd edir ki, ""İnanılmaz Halk" Enq Linin "Halk"ını həddən artıq yündül və darıxdırıcı hesab edənlər üçün Halk saqasının heç şübhəsiz ki, ideal versiyasıdır. Lakin, mənim üçün bu belə deyil. O, Halkdomun bir çox maraqlı xüsusiyyətlərinin üstündən keçərək səs-küylü və mənasız hadisələr ardıcıllığına çox yer ayırır."[105]
"Associated Press"dən Kris Lemyer qeyd edir ki, "Marvelin bu il çıxarılmış ilk blokbasteri olan "Dəmir adam"la qaçılmaz müqayisə Halk filmində nəyin çatışmadığını açıq göstərir: ağıl və ürək. Robert Dauni kimi aktyor işində istənilən qədər dərinə getməyi bacaran Edvard Nortonun rol almasına baxmayaraq Brüs Bennerin daxili mübarizəsini görmək mümkün deyil."[106] "The New York Times"dan A. O. Skott qeyd edir ki, ""Adekvat Halk" film üçün daha uyğun ad seçimi olardı. Filmdə bir neçə böyük, möhtəşəm döyüş səhnəsi və parlaq pop mədəniyyət istinadları var, lakin ümumilikdə o, orta səviyyəlidir."[107] "Newsweek"dən Devid Ansen yazır ki, "Leteryenin çox gözəl canlı döyüş stili var və o, izləyicilərə ödədikləri məbləğ qarşlığında döyüş ardınca döyüş bəxş edir. Buna baxmayaraq, film atmosferli Braziliya məkanlarını tərk edən kimi, Halkda dərin heç nə qalmır: onun janr xüsusiyyətləri səthiliyi ilə diqqət çəkir…. Filmin əsas müsbət xüsusiyyətlərindən biri üçüncü hissədə komik görünüş edən entuziast alim Samuel Sternsi canlandıran Tim Bleyk Nelsondur."[108]
Film Ən yaxşı elmi-fantastika filmi nominasiyasında Saturn mükafatına və 2008-ci il Milli Film Mükafatlarına namizəd göstərilmişdir ki, hər iki variantda "Dəmir adam" və "Qara cəngavər" filmlərinə məğlub olmuşdur.[109][110]
Filmin potensial sikvelindən bəhs edən Norton deyir ki, "Personajın ümumilikdə bir neçə hissədə təqdim edilməsi nəzərdə tutulub. "İnanılmaz Halk" şübhəsiz ki, birinci fəsildir."[19] Leterye filmin finalını birmənalı həll etməmişdir: əgər sikvel çəkilsə burada Halkın qəzəbinə nəzarət edə bildiyi göstərilər, çəkilməsə isə "Qisasçılar"da Halk təhlükə kimi təqdim edilərdi.[111] Leterye həm də titrlər arası səhnə hazırlamışdı ki, burada insan kimi həbsə salınmış Blonski göstərilmişdi.[112] Tim Bleyk Nelson tərəfindən canlandırılmış Samuel Sterns obrazı filmə əlavə edilərkən onun mümkün sikveldə Lider kimi əsas düşmən olması nəzərdə tutulmuşdu.[25][113] "İnanılmaz Halk"ın əsas dizayneri olan Aaron Sims də Liderin konsepsiyalarını hazırlamışdı.[114] Nelsonla rola geri qayıtması üçün müqavilə imzalanmışdır.[115] Ti Byurel isə komikslərdə supergüclü olan Dok Samsonu canlandırmaq istəyirdi.[115]
Leterye və Rotla işi davam etdirmək üçün müqavilə imzalanmışdı. Leterye Nortonla müqavilə bağlanmadığını desə də[116], 2008-ci ilin oktyabrında Herd Nortonun roluna qaytması üçün müqavilə imzalanması haqqında məlumat vermişdir.[117] Universal filmin sikvelinin çəkilməsində maraqlı olsa da[118], kassa nəticələrinə görə Leterye sikvelə ümid etmirdi.[119] Fayqi deyir ki, film Marvelin gözləntilərini doğruldub və Halk krossover filmindən sonra qayıda bilər.[120] Herd filmin prodüser işlərinin 2012-ci ilə kimi başlamayacağından narahat deyildi, bunun mənfi nəticə verməyəcəyini isə Terminator seriyasından olan ikinci və üçüncü filmlər arasında on iki il vaxt keçməsinə istinadən fikirləşirdi.[117] Tim Rot bildirir ki onunla daha üç film üçün müqavilə imzalanmışdır.[121] Sonradan Leterye deyir ki, sikvelin rejissoru olmaq istəmir[122] və 2009-cu ildən fikrini dəyişmişdir.[123]
Fayqinin Nortonu geri qaytarnayacağını bildirməsindən sonra "Qisasçılar" filmində Brüs Benner / Halk rolunu Mark Ruffalo canlandırır.[124][125] 2014-cü ilin oktyabrında Norton bildirir ki, bir də heç vaxt Halk roluna qayıtmayacaq, şünki yaradıcılığında "çoxşaxəliyə yer vermək" istəyir və bir rolla yadda qalmaqdan qaçınır.[126] 2012-ci ilin aprelində artıq Ruffalonun rolu almasından sonra Fayqi "Collider"ə verdiyi müsahibədə bildirir ki, başqa bir halk filmi üçün planları yoxdur.[127] Sual-cavab sessiyası zamanı Fayqi və Ruffalo bildirirlər ki, "Qisasçılar"da Ruffalonun performansının müsbət qəbul edilməsindən sonra onlar daha bir Halk filminin çəkilməsi üçün müzakirələr aparırlar.[128] Sikvel filmi üçün mümkün hekayə xəttləri axtaran, o cümlədən "Halk Planeti" (ing. Planet Hulk) və "Dünya müharibəsi Halk" (ing. World War Hulk) hekayələrini nəzərdən keçirən Fayqi, 2012-ci ilin sentyabr ayında qeyd edir ki, "[komikslərdən olan bütün hekayələr] masa üzərindədir. Düşünürəmmi, Halk "Qisasçılar"da olduğu kimi maraqlı görünə və filmi daşıya bilər? Mən buna inanıram. Məncə o, bunu bacarar. Biz "Qisasçılar 2" filminə kimi etməyi planlaşdırmırıq. Deməli hələ çox vaxtımız var."[129]
2014-cü ilin iyununda Ruffalo deyir ki, onun fikrincə studiya yeni müstəqil Halk filmi haqqında düşünə bilər, "Məncə onlar birinci dəfə bu ideyanı fikirləşirdlər. "Qisasçılar"ı çəkdiyimiz zaman cavab qəti olaraq Yox!" idi. Lakin indi, bu haqqda bəzi təsəvvürlər var. Lakin, hələ də nə ola biləcəyinin heç olmasa skelet versiyası da yoxdur."[130] Həmin ilin iyulunda Fayqi deyir ki, studiya Ruffalonun Bennerini istifadə eləmək istəsə də, "Halk planeti" filmi haqqında heç bir fikir yoxdur. Buna baxmayaraq o, Halk və Bennerin kosmosda olduğu hekayəni istisna etməyərək ikinci Halk filminin nəyə görə İkinci fazada yer almadığını izah edir: "Birinci "Qisasçılar"dan sonra Dəmir adam, Tor və Kapitan Amerika öz filmlərinə malik idilər, Qara dul və Fyuri isə "Qış əsgərində" rol almışdı. Buna görə də, növbəti Halk filmini yalnız növbəti "Qisasçılar" filmləri arasında yerləşdirmək olar. Hələ ki, rejissor Coss Uidon "Qisasçılar: Altron dövrü"ndə onları istifadə edəcək. Bundan sonra hara gedəcəyimizə baxarıq."[131] 2014-cü ilin oktyabrında Fayqi yenidən solo Halk filmi haqqında danışaraq deyir ki, "Baxarıq. Biz həqiqətən də bunu etmək istəyirik, lakin, məhz indi Halk dostları ilə birlikdə digər [Üçüncü faza] filmlərində rol alacaq."[132]
2015-ci ilin aprelində Ruffalo Halk filmlərinin yayılması hüququna malik olan Universalın sikvel filmin çəkilməsinə əsas mane ola biləcəyini deyir[133], daha sonra o, həmin fikrini 2015-ci ilin oktyabrında[134] və 2017-ci ilin iyulunda[135] təkrarlayır. Marvel 2006-cı ilin fevralında personajla bağlı film istehsalı hüquqlarını qaytarsa da[136], Universal distribütorluq hüququnu və müqavilədən birinci imtina hüququnu saxlamışdır.[137] "The Hollywood Reporter" qeyd edir ki, Marvelin Dəmir adam, Tor və Kapitan Amerikanın distribütorluq hüquqlarını Paramount Picturesdən aldığı kimi, Halkın hüquqlarını Universaldan ala bilməməsinin əsas səbəbi Universalın Halk və digər bi neçə Marvel personajını temtik parklarında istifadə etməsi, Marveli almış Disneyin isə onları öz parklarında istifadə etmək istəyidir.[138] 2015-ci ilin dekabrında Ruffalo deyir ki, Marvel və Universal arasında mürəkkəb münasibət filmin çıxarılmasına növbəti əngəl ola bilər.[139] Növbəti ay o qeyd edir ki, müstəqil Halk sikvel filminin olmaması personajın "Tor: Raqnarök", "Qisasçılar: Sonsuzluq savaşı" və "Adsız Qisasçılar filmi"ndə daha əlamətdar rol oynamasına imkan vermişdir: "Biz Tor [: Raqnarök], Qisasçılar [: Sonsuzluq savaşı] və Adsız Qisasçılar filmində Halk üçün çox maraqlı bir hekayə tağı işləmişik və həmin filmlərdə göstərilənləri bir yerə yığsaq müstəqil film alınar."[140]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.