Qurultayın keçirilməsi zərurəti

Milli regionlar çərçivəsində formalaşmış əksər qrupların (Cənubi Qafqaz, Başqırdıstan, Krım, Qırğızıstan və s.) nümayəndələri, Rusiya dövlətinin həyati mənafelərinə toxunmamaqla, bütün sahələrdə özünüidarə hüququ verən ərazi muxtariyyəti prinsipinin tərəfdarı idilər. Rusiyanın müxtəlif hissələrinə səpələnmiş tatarların nümayəndələri isə tamamilə əks mövqedə dayanırdılar.

Qurultayın təşkili və keçirilməsi

Məsələ ilə bağlı ziddiyyətlər 1917-ci il mayın 1-dən 11-nə qədər Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanlar qurultayında özünü büruzə verdi. Qurultayı təşkil etmək üçün Qafqaz sosial-demokratı Əhməd Salihovun başçılığı ilə büro yaradıldı. Qurultay azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin Moskvadakı müsəlmanlara hədiyyə etdiyi binada 900 nümayəndənin iştirakı ilə keçirildi. Qurultayın gündəliyində Rusiyanın gələcək idarə forması; mədəni və məhəlli muxtariyyət, müharibəyə münasibət, Məclisi-Müəssisan; Qadınlar, fəhlə, torpaq məsələləri (hər biri ayrılıqda); Qafqaziya, Türküstan, Qazaxıstan məsələləri (müstəmləkə siyasəti və s.); əsgəri təşkilat, siyasi təşkilat məsələləri; bütün Rusiya müsəlmanlarının böyük milli şurasını seçmək və s. məsələlər dururdu. Qurultayın gündəliyindəki on dörd məsələnin müzakirəsi üçün doqquz bölmə, onun əməli işini aparmaq üçün dörd komissiya təşkil olunmuşdu.[1]

Qurultayın müzakirə etdiyi ən mühüm məsələlərdən biri Rusiyanın gələcək dövlət idarə üsulu haqqında idi. Məsələ ilə bağlı iki nümayəndə - Məhəmməd Əmin Rəsulzadə və Ə.Salihov çıxış etdilər.

Məhəmməd Əmin Rəsulzadə idarə üsulu haqqında Azərbaycan türk dilində etdiyi çıxışında göstərirdi ki, bu məsələyə həm insanlıq mədəniyyəti, həm də milli maraqlar nöqteyi-nəzərindən baxılmalıdır.

Məhəmməd Əmin Rəsulzadə hesab edirdi ki, vahid Ümumrusiya təşkilatının yaradılmasına mane olan mədəni muxtariyyət proqramı türk xalqlarının yüksələn milli özünüdərketmə şüuruna ədalətli şəkildə cavab verə bilməz. O öz çıxışında da vurğuladı ki, "Rusiya xalq cümhuriyyəti üsulu ilə idarə edilməlidir... Mən, ədəmi-mərkəziyyəti muxtariyyətlərdən təşəkkül edən bir federasiya şəklində təsəvvür edirəm. Bu muxtariyyətləri milli-məhəlli prinsipi içində faydalı bilirəm". Müsəlmanların Rusiyada slavyanlardan sonra ikinci yeri tutduğu, onların 96 vilayət və qəzada yaşadıqları, Qafqazda, o cümlədən 10 vilayətdə - onlardan Bakı vilayətində 676243 (82,05%), Tiflis vilayətində 189098 (17,98%), İrəvan vilayətində 350096 (42,47%) nəfər olduğu göstərilmişdi.[1]

Rusiya dövlətinin ərazi federasiyası əsasında təşkili əleyhinə çıxış edən Əhməd Salihov iddia edirdi ki, belə quruluş aqrar məsələnin həllini çətinləşdirəcək, müsəlman fəhlələr Ümumrusiya sosial qanunvericiliyinin faydasından bəhrələnə bilməyəcəklər, çünki həmin quruluş şəraitində qanunlar müxtəlif regionlarda fərqli xarakter daşıyacaqdır. Onun təklif etdiyi qətnamə layihəsində deyilirdi ki, ərazi federalizmi müsəlmanların tam parçalanmasına gətirib çıxaracaq və milli məsələni həll etməyəcəkdir. Federalizm prinsipinin Rusiya müsəlmanlarını siyasi cəhətdən parçalayacağını israrla bildirən Ə.Salihovun fikrincə, birbaşa, bərabər və gizli seçki hüququ əsasında mərkəzi orqan - milli-mədəni parlament yaratmaqla müsəlman milli-mədəni muxtariyyəti formasında həyata keçirilməlidir.[2]

Məsələnin vacibliyini nəzərə alan nümayəndələr Ə.M.Topçubaşovun rəhbərliyi altında bir daha onun müzakirəsinə qayıtdılar. Nümayəndələrə müraciət edən Topçubaşov göstərdi ki, "idarə üsulu məsələsi çox mühüm və böyük bir siyasi problemdir. Bu, bizim üçün bir imtahan məqamıdır". Məsələnin müzakirəsi çox gərgin keçdi. 200-ə qədər təklif verilmişdi. Ə.M.Topçubaşov öz çıxışında qeyd etdi ki, "hər şeydən əvvəl, biz xalq cümhuriyyəti (demokratik-federal cümhuriyyət) istəyirik, bu bizim əsas diləyimizdir. Xalq cümhuriyyəti demək, bütün hakimiyyətin tamamilə xalqın, demokrasinin öz əlində bulunan idarə deməkdir. Buna digər bir sözlə, "xalq hakimiyyəti" də deyilir".

Ərazi muxtariyyəti blokunun əsas məruzəçisi olan Məhəmməd Əmin Rəsulzadə hesab edirdi ki, vahid Ümumrusiya təşkilatının yaradılmasına mane olan mədəni muxtariyyət proqramı türk xalqlarının yüksələn milli özünüdərk şüuruna ədalətli şəkildə cavab verə bilməz. "Sual olunur: millət nədir? Mən əminəm ki, millətin ən mühüm xüsusiyyətləri dili və tarixilə bağlı əlaqələrdən, adət və ənənələr birliyindən ibarətdir. Bəzən deyirlər ki, İslam millətin təcəssümüdür, çünki türk-tatardan milləti soruşulduqda, o "mən müsəlmanam" deyə cavab verir. Lakin bu, səhv baxışdır. Xristian milləti yoxdur və eləcə də İslam milləti mövcud deyildir. Bu böyük müsəlman evində türklər və ərəblər üçün ayrı-ayrı otaqlar olmalıdır".[3]

Nəticədə Məhəmməd Əmin Rəsulzadənin "Müsəlman millətlərin mənfəətlərini saxlamaq üçün ən uyğun idarə üsulu milli-mədəni muxtariyyəti verən xalq cümhuriyyətidir" -fikrini ifadə edən layihəsinin lehinə 446, əleyhinə 271, Ə.Salihovun unitar cümhuriyyət təklifinin lehinə 271, əleyhinə 442 səs verildi.

Qurultayda 30 üzvdən ibarət Şura (Qafqazdan 5 nəfər) 12 nəfərdən ibarət İcra Komitəsi seçildi. Əsasən Azərbaycan siyasətçilərinin təmsil etdikləri federasiya tərəfdarlarının bu qələbəsinə baxmayaraq, onlar Petroqraddakı Mərkəzi Şuranın tərkibində say etibarilə xeyli az idilər, unitar dövlət tərəfdarları isə əksəriyyət təşkil edirdi. Bundan sonra unitar dövlət tərəfdarları ilə yalnız formal əlaqə saxlayan azərbaycanlı milli siyasi xadimlərin fəaliyyət dairəsi əsasən Cənubi və Şimali Qafqazı əhatə edirdi. Dövrünə görə mühüm qərarlar qəbul etmiş qurultay Rusiyadakı 30 milyonluq Türk aləminin düşüncələrini, ictimai-siyasi, milli, dini görüşlərini, arzu və məqsədlərini bəyan etdi.

Həmçinin bax

İstinadlar

Mənbə

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.