Vərəqə (interfeys)
From Wikipedia, the free encyclopedia
Vərəqə — interfeys dizaynında sənədlər arasında keçid üçün naviqasiya vidceti kimi vərəqələrdən istifadə edərək, birdən çox sənəd və ya panelin bir pəncərədə yerləşməsinə imkan verən qrafik istifadəçi interfeysi obyekti.[1] Bu, əsasən veb-brauzerlər, veb-proqramlar, mətn redaktorları, parametr panelləri və pəncərə menecerləri ilə əlaqəli interfeys üslubudur.
Vərəqələr kağız fayllarına və ya kart indekslərinə daxil edilmiş ənənəvi kart vərəqələrindən ilhamlanaraq modelləşdirilib. (iş masası metaforasına uyğun olaraq)
Vərəqələr üfüqi çubuq və ya şaquli siyahı kimi görünə bilər. Üfüqi vərəqələr bir neçə sıra ola bilər. Vərəqələrin sürüşdürüb buraxma yolu ilə sırasını dəyişdirmək və ya mövcud vərəqədən ayrıca pəncərə yaratmaq mümkündür. Tətbiqlər birdən çox vərəqəni köçürmək, bağlamaq və ayırmaq üçün diapazon seçimini dəstəkləyə bilər.[2]