Təfsir
From Wikipedia, the free encyclopedia
Təfsir (ərəbcə: علم التفسير elm ül-təfsir) — ilahiyyat elmlərinin ən əsas bölməsidir. Quranı təfsir etmək üçün digər dini elmlərlə bərabər ərəb ədəbiyyatını da mükəmməl bilmək zəruridir. Təfsir ayə, hədis, səhabə sözü, dil qaydaları və alimlərin görüşləri diqqətə alınaraq edilməlidir.
Mənbələrə nəzər saldıqda təfsir kəlməsinin leksik olaraq iki fərqli kökdən meydana gəldiyini görürük. I. Təfsir kəlməsi, lüğətdə "bəyan etmək, kəşf etmək, üstü örtülü bir şeyi açmaq" kimi mənalara gələn "fəsr" kökündən törəmişdir. II. Təfsir kəlməsi, təqlib vəzni ilə "səfr" kökündən əmələ gələn təfil babında bir məsdərdir. "Səfr" kəlməsi müxtəlif mənalara gəlməklə bərabər "örtülü bir şeyi açmaq, aydınlatmaq və açmaq" anlamlarını da daşıyır.
Hər nə qədər bu iki kəlmə mənaca bir-birinə yaxın olsalar da, yenə də bunlar arasında fərq vardır. Belə ki, Əmin əl-Xuliyə görə "fəsr" və "səfr" kəlmələrinin ikisində də kəşf etmək, ortaya çıxarmaq mənaları vardır. Amma "səfr" kəlməsində maddi, zahiri bir kəşf, "fəsr" sözündə isə mənəvi bir kəşf vardır. Elə buna görə də, məna ilə əlaqədar olduğu üçün o "təfsir" kəlməsinin "fəsr " sözündən törədiyini iddia edir.