Toltek mədəniyyəti
From Wikipedia, the free encyclopedia
Toltek mədəniyyəti - Kolumbdan əvvəlki Mərkəzi Amerikada arxeoloji mədəniyyət idi və bu mədəniyyətin yaradıcıları olan tolteklər eramızın 950-1150-ci illərində daha da inkişaf edən Mezoamerikan xronologiyasının Epiklassik və erkən Post-Klassik dövründə Tula, Hidalqo, Meksikada yerləşən dövlət yaratmışlar.[1] Sonrakı Astek mədəniyyəti mənsubları Toltekləri öz intellektual və mədəni sələfləri hesab edirdi.[2] “Toltek” sözü Naxuatl dilində "sənətkar", “usta” mənasını verir.[3] Şifahi və yazılı Astek mənbələri Toltek İmperiyasının tarixini təsvir edərək, hökmdarların və onların işğal etdikləri ərazilərin siyahısını özündə əks etdirir.
Müasir alimlər Astek rəvayətlərində əks olunanların real Toltek tarixini əks etdirib-etdirməməsi barəsində mübahisə edirlər. Bütün alimlər Astek mənbələrinin böyük bir mifoloji hissəsinin olduğunu etiraf etsələr də, bəzilərihesab edirlər ki, tənqidi müqayisəli metoddan istifadə etməklə bəzi tarixi hadisələrin dəqiqliyini sübut etmək olar. Bir qrup alim isə iddia edir ki, rəvayətlərin real tarixi mənbə kimi davamlı təhlili əbəsdir və bu Tula de Allende mədəniyyətini öyrənməyə maneə olur.
Tolteklərlə əlaqəli digər mübahisəli məsələlərdən biri isə Tula abidəsi ilə Mayya şəhəri olan Çiçen-İtsa arasında memarlıq baxımından oxşarlıqların əsasında duran səbəblərin araşdırılmasıdır. Tədqiqatçılar bu iki şəhər arasında təsirin dərəcəsi və ya istiqaməti ilə bağlı hələ də yekdil fikrə nail ola bilməyiblər.[4]