Texasın Fransa tərəfindən kolonizasiyası
From Wikipedia, the free encyclopedia
Texasın fransızlar tərəfindən kolonizasiyalaşdırılması indiki Texasın cənub-şərqində müdafiə qalasının qurulması ilə başlamışdır. 1685-ci ildə Arenosa körfəzi və Mataqorda buxtası yaxınlığında səyyah Robert Kavalye de La Sall tərəfindən Fort Sen-Lui qalası inşa olunub və bununla ərazidə fransız müstəmləkəçiliyinin əsası qoyulub. O, əslində, Mississippi çayının mənsəbində koloniya qurmağı hədəfləsə də, qeyri-dəqiq xəritəçilik və naviqasiya xətaları səbəbindən gəmi hədəflənən ərazidən 640 km qərbdə, Texas sahillərində quruya oturmuşdu. Bununla belə, koloniya 1688-ci ilə qədər sağ qalmağı bacarır. İndiki İnez şəhəri bu qalanın ərazisi yaxınlığında yerləşir. Koloniya mövcud olduğu qısa müddət ərzində bir çox problemlərlə üzləşmişdi, hansı ki, bunlara Yerli amerikalı basqınları, epidemiyalar və sərt iqlim şəraiti daxil idi. La Sall bu bazadan istifadə edərək Mississippi çayını tapmaq üçün bir neçə ekspedisiyaya rəhbərlik edir. Yekunda o, öz istəyinə nail ola bilməsə də, Rio Qrande çayının çox hissəsi və Texasın şərq sahilləri haqqında ətraflı məlumat toplamağa müvəffəq olur.[1]
1686-cı ildə onun növbəti səyahətlərindən birində koloniyanın sonuncu salamat qalan gəmisi qəzaya uğrayır və nəticədə, heyətin Karib hövzəsindəki digər fransız koloniyalarından ehtiyac duyulan resursları əldə etməsi mümkünsüz hala gəlir. Resurs çatışmazlığı nəticəsində vəziyyətin getdikcə pisləşməsi ilə birlikdə La Sall bu qənaətə gəlir ki, onun və adamlarının sağ qalmaq üçün yeganə yol Mississippi və İllinoys çayları boyunca şimal istiqamətində hərəkət edərək İllinoys torpağındakı fransızlardan kömək istəməkdir. La Sallın son ekspedisiyası 1687-ci ilin əvvəlində Brazos çayı yaxınlığında baş tutur. Bu zaman La Sall və onun beş adamı üsyanı yatırmağa çalışarkən qətlə yetirilir. Koloniyadan bir neçə nəfərin İllinoys torpağına çatmasına baxmayaraq, geriyə kömək çatdırmaq mümkünsüz olur. Koloniyanın geridə qalan üzvlərinin əksəriyyəti 1688-ci ilin sonlarında Karankava yerlilərinin hücumunda həlak olur, basqından sağ çıxan dörd uşaq isə yerlilər tərəfindən himayəyə götürülür. Koloniya cəmi dörd il mövcudluğunu qorusa da, bu, Fransa hökumətinin indiki Texas adlanan həmin əraziyə iddia irəli sürməsinə mane olmur. Sonradan ABŞ da bu bölgədə əvvəllər mövcud olan fransız koloniyası səbəbindən ərazinin Luiziananın satın alınması məsələsinə daxil olduğunu iddia edir, lakin bu cəhd də uğursuz olur.[2]
İspaniya La Sallın missiyasından 1686-cı ildə xəbər tutur. Bu fransız koloniyasını Yeni İspaniya adlandırılan, İspaniyanın nəzarətindəki Amerikaya təhdid olaraq qəbul edən İspaniya kralı yaşayış məntəqəsinin aşkar edilməsi və məhv edilməsi üçün çoxsaylı yürüşləri maliyyələşdirir. Bunun üçün yola çıxan ekspedisiyalar əsas hədəfə nail olmaqda uğursuzluğa düçar olsa da, Amerikanın körfəz sahili bölgəsinin coğrafiyasını daha yaxşı tədqiq etməyə nail olurlar. 1689-cu ildə koloniyanın qalıqlarını tapan ispanlar geridə qalan silahları götürüb, tikililəri yandırırlar. Bir neçə il sonra ispan hökumətinin göstərişi ilə eyni ərazidə "presidio" (ispanların nəzarətində olan ərazilərdə tikilən müdafiə tipli qalalar) inşa olunur. Fransızların inşa etdiyi qalanın qalıqları 1996-cı ildə tarixçilər tərəfindən yenidən ortaya çıxarılır və ərazi həmin tarixdən etibarən arxeoloji məntəqə kimi fəaliyyətə başlayır. 1995-ci ildə isə Mataqorda buxtasında "La Belle" gəmisinin qalıqları tapılır.[3]