From Wikipedia, the free encyclopedia
Sual cümləsi - Bir şeyi öyrənmək, dəqiqləşdirmək və ya yeni məlumat almaq məqsədilə işlədilən cümlələrə deyilir.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əgər nəqli cümlələr vasitəsilə danışan şəxs müsahibinə məlumat verir, bir məlumat ötürürsə, sual cümlələri dinləyənin fikrini bilmək, ondan məlumat almaq, onun köməyi ilə məlumatını dəqiqləşdirmək, zənginləşdirmək məqsədi daşıyır. Məsələn:
- Kimsiniz, hara gedirsiniz?
- Elçiyik, Sultanın yanına gedirik.
- Bu zənən xaylağı da elçidir?
- O zənən Uzun Həsənin anasıdır. Ona baş əyməlisən, ağayi-başçı. (F. Kərimzadə)
Sual cümlələri intonasiyanın, sual əvəzliklərinin və sual ədatlarının köməyi ilə qurulur.
İntonasiya sual mənası yaradan ən universal vasitədir. Sual cümlələrinin bir qismi başqa heç bir vasitə olmadan, yalnız intonasiyanın köməyi ilə yaranır. Bu cür sual cümlələri öz strukturuna görə nəqli cümlələrə çox yaxındır. Yalnız xəbərin son hecasının bir qədər uzun tələffüzü ilə bu növ sual cümlələri nəqli cümlələrdən fərqlənir; məs.: Əşrəfin bacısıdır. - Əşrəfin bacısıdır? Evə gedirsən. - Evə gedirsən? Oxumaq istəyirsiniz. - Oxumaq istəyirsiniz? Kəndə gedirik. - Kəndə gedirik? və s.
Beləliklə, cümlədə heç bir dəyişiklik etmədən, yalnız xəbərin son hecasını bir qədər uzun tələffüz etməklə nəqli cümləni sual cümləsinə çevirmək olur. Söz sırası olduğu kimi qalır və hətta məntiqi vurğunun öz yerini dəyişməsi də buna mane ola bilmir; məs.: Siz universitetdə oxuyursunuz? Siz universitetdə oxuyursunuz? Siz universitetdə oxuyursunuz?
Qeyd. Canlı danışıq dilində, xüsusən qərb qrupu şivələrində (Kəlbəcər, Laçın, Qubadlı və s. ) bu cür sual cümləsinin yaranması üçün heca uzanması başqa sözlərin, hətta ədatların da üzərinə düşə bilir; məs.: Genə kəndə gedirsən? Kəndə də gedirsən?
İntonasiya ilə qurulan sual cümlələrinə -mı4 (-mi, -mu, -mü) şəkilçisini artırmaq olur; məs.: Kəndə gedirsən? - Kəndə gedirsənmi? Əşrəfin bacısıdır? - Əşrəfin bacısıdırmı? və s. Bu zaman artıq xəbərin son hecasının uzun tələffüzünə ehtiyac qalmır.
Sual cümlələrinin yaranmasında başqa qrammatik vasitələr (ədatlar, sual əvəzlikləri) iştirak etdikdə intonasiyanın yükü xeyli azalmış olur. Bu cür hallarda ən fəal mövqeyi əvəzliklər öz üzərinə götürür və sual cümlələrinin formalaşmasında sual əvəzlikləri mühüm rol oynayır.
Bütün sual əvəzlikləri sual cümlələrinin yaranmasına səbəb olur; məs.: Bəs indi qızınız haradadır? (İ.Əfəndiyev) Adınız nədir? Onlar burada nə iş görə bilərlər? (İ.Əfəndiyev) Muğamlardan hansını bilirsiniz? (İ.Əfəndiyev) Bu gün nə ilə məşğul oldunuz? (İ.Əfəndiyev) Yaxşı, ana, indi nə vaxt gedirsən? (İ.Əfəndiyev) Səhər saat neçədə şəhərə gedəcəksiniz? (İ.Əfəndiyev)
Sual əvəzlikləri bəzən sual ədatları ilə birgə çıxış edir və belə hallarda sual mənası güclənməklə yanaşı, əlavə məna çalarları da yaranır; məs.: Daha bəs dəyirman nə üçündür? Bəs sən nə üçün o çağacan yatmamışdın? Niyə inciyirəm ki? Görəsən, dəyirmançı Musa bu saat nə edir? Yaxşı, xeyir işin təqsirkarı kimdir? Pəhləvanı məğlub etməyə nə var ki? Sədr buna niyə etiraz edir ki? Bəs dəyirmanın köhnə binası nə olsun? Yaxşı, bəs indi neyləyək? Nə mənası var idi ki? Ay xala, axı bu binəva on çiy yumurtanı necə içsin? Bəs atası bir o qədər pulu kimin üçün qazanır? Bəs orada nə yeyirsiniz? Bəs nə üçün Firəngiz heç mənə deməyib? və s. (İ.Əfəndiyevdən)
Bu cümlələrdəki bəs, ki ədatları təkid, axı, məgər ədatları, yaxşı, görəsən modal sözləri təəccüb və s. bildirir, sual mənasını gücləndirir. Sual mənasının yaranmasında sual ədatlarının və bəzi modal sözlərin rolunu öyrənmək üçün aşağıdakı cümlələrə diqqət yetirək:
Sənin üçün burada çox çətin keçmir ki? Bəlkə, mənə acığın tutduğu üçün belə deyirsən? Bir yerin-zadın yaralanmayıb ki? Qorxub eləmədin ki? Siz bir də ora qayıtmayacaqsınız ki? Məgər Nazxanım bacı tək yaşayır? (İ.Əfəndiyevdən)
Birinci cümlədə sual mənası ki ədatının və intonasiyanın köməyi ilə yaranmışdır. Həmin cümləni nəqli cümlə kimi tələffüz edək: Sənin üçün burada çox çətin keçmir. Göründüyü kimi, bu zaman ki ədatını atmaq lazım gəlir; lakin təəccüb məqamında ki ədatını saxlamaq da olar: (Niyə elə deyirsən?) Sənin üçün burada çox çətin keçmir ki... Həmin cümləni təsdiq cümlə şəklinə salaq: Sənin üçün burada çox çətin keçir? Sənin üçün burada çox çətin keçir ki? Ki ədatı olmadıqda keçir sözünün son hecası, ki ədatı olduqda ədat özü uzun tələffüz olunur. Aydın olur ki, inkar cümlələrdə sual mənasının yaranması üçün lazım olan fasiləni zaman şəkilçisi -ır alır. Lakin inkar şəkilçisi ilə birlikdə həmin cümləni nəqli cümlə kimi də tələffüz etmək olar: Sənin üçün çox çətin keçmir ki. (Niyə gileylənirsən?) Aydın hiss olunur ki, burada fərqi yenə intonasiya yaradır: nəqli cümlələrdə xəbərlə ədat aşağı tonla, sürətlə tələffüz edildiyi halda, sual cümlələrində onların arasında nisbətən artıq fasilə olur və ədatın məntiqi vurğu ilə tələffüzü hiss olunur.
Bəlkə, mənə acığın tutduğu üçün belə deyirsən? - cümləsindən bəlkə modal sözünü atsaq, xəbərin son hecası uzun tələffüz edilməlidir. Məgər Nazxanım bacı tək yaşayır? cümləsindən məgər ədatını atdıqda da xəbərin son hecası uzun tələffüz edilməlidir. Sual mənasının formalaşması üçün lazım olan fasiləni bəlkə, məgər sözləri alır. Bu cür cümlələr intonasiya ilə qurulan sual cümlələrinə çox yaxındır və sual mənası həmin sцzlərin köməyi ilə yaranır. Heç şübhəsiz, bu halda məntiqi vurğunun son sözlərə düşdüyünü də unutmamalıyıq.
Sual şəkilçisi -mı4 (-mi, -mu, -mü) (buna sual ədatı da deyilir) sözlərin sonuna artırılaraq, müstəqil sual mənasının yaranmasına səbəb olur; məs.: Çay qoymuşuq, sənə də gətirimmi? Bizim qızlar necə, xoşunuza gəlirmi? Nə oldu, Bəyim, fikirləşdinmi? Hə... gör heç ağlıma gəlirmi? Evinizdən məktub alırsanmı. (İ.Əfəndiyevdən)
Sual əvəzlikləri ilə sual şəkilçilərinin yaratdığı sual mənalarında fərq var. Sual cümləsi sual əvəzliklərinin köməyi ilə formalaşdıqda sual mənası cümlənin ümumi məzmunu ilə bağlı olur və buna görə də yeni informasiya verən cavab cümləsinə ehtiyac olur; məs.:
- Mənim şeylərimi hara aparıbsan?
- Təzə mənzilə. (V.Babanlı)
- Gələn kimdir, ə?
- O Qoşatxandır, o iddiası yerə-göyə sığmayan maarif müdiri. (M. İbrahimov)
Göründüyü kimi, hər iki misalda müsahiblərdən ikincisi suala yeni informasiya verən cümlə ilə cavab verməli olmuşdur. Sual şəkilçili cümlələrdə isə bütün informasiya sual cümləsinin özündə olur; sual verən şəxsin məqsədi informasiyanı dəqiqləşdirməkdir. Odur ki, bu cür sualların cavabı adətən qısa olur; bəli, yox, xeyr, hə, əsla, əlbəttə və s. kimi sözlərdən ibarət olur; məs.: Kəndə gedəcəksənmi? sualına vəziyyətdən asılı olaraq, bəli, yox, hə, əlbəttə, sözsüz, şübhəsiz və s. sözlərlə qısa cavab vermək olar. Danışanın məqsədindən, istəyindən, hadisəyə münasibətindən asılı olaraq, bu cür qısa cavabla yanaşı, tam cavab da verilə bilər:
- Uzaqdamı yaşayırsınız?
- Xeyr, evimiz lap yolunuzun üstündədir. (V.Babanlı)
-mı (-mi,-mu,-mü) şəkilçili sual cümlələrində müsahibin cavabı tamamilə gözlənilməz də ola bilər. Bu cür hallarda suala cüttərkibli və ya təktərkibli cümlələrlə cavab vermək mümkündür; məs.:
- Mənim üzüm payımı gətirmisənmi?
- Könlü balıq istəyənin quyruğu suda gərək. (V. Babanlı)
Qeyd etdiyimiz şəkilçinin iştirakı ilə formalaşan sual cümlələri intonasiya ilə qurulan cümlələrə çox yaxındır. Şəkilçini ixtisar etməklə xəbərin son hecasının uzun tələffüzündən istifadə etmək və ya uzanma üçün lazım olan vaxtı bu şəkilçi ilə doldurmaq mümkündür; məs.: Vüqar! Sənsən, oğul? Yaxşı kinodur? Sən yenə gəldin? On bir tamamdır? Atanız yoxdur? Siz də məzuniyyətə çıxırsınız? Alagözü görmədin? Rastına çıxmadı? Mənəm. Tanımadın? (V.Babanlıdan)
Bu cür misallarda xəbərin son hecasının fərqli tələffüzünü -mı4 (-mi,-mu,-mü) şəkilçisi ilə aradan qaldırmaq və sual mənasını saxlamaq mümkündür: Vüqar? Sənsənmi, oğul? Yaxşı kinodurmu? Sən yenə gəldinmi? və s.
Mürəkkəb cümlələrdə də sual mənası eyni vasitələrlə formalaşır; məs.: Sənə nə düşüb ki, yalançı vədlərə aldanıb başını cəncəl bir işə qarışdırırsan? Sizə demişəm, mən harda oxuyuram? (V.Babanlı) Bəs nə cür olur ki, siz məni pəncərədən işə gedən görürsünüz, amma mən sizi hər dəfə gəlib laboratoriyada tapıram? (V.Babanlı) Elə bilirsən ki, Günəşli sənin xeyrinə çalışır, sənə canı yanır? (V.Babanlı)
Sual cümlələrinin üslubi imkanları genişdir. Həm intonasiya ilə, həm də ədatların iştirakı ilə qurulan sual cümlələrində müxtəlif modal münasibətlər ifadə olunur.
Sual cümlələrinin bir qismi cavab almaq məqsədilə deyil, təsdiq və ya inkar fikri daha emosional şəkildə ifadə etmək üçün işlədilir. Bu cür cümlələr ritorik sual cümlələri adlandırılır. Ritorik sual cümlələrindən publisistik dildə daha çox istifadə olunur. Lakin bədii dildə də onların rolu böyükdür; məsələn: Sultan Əmirli evlənib, lap yaxşı eləyib! Məgər daşdır, dəmirdir Sultan Əmirli? İnsan deyilmi? Sevə bilməzmi? Sevilə bilməzmi? Təkliyin əzab-əziyyətini azmı çəkib, subaylığın məhrumiyyətlərini azmı görüb ki, bundan sonra da görsün?. . (İ.Hüseynov)
Bu cür sual cümlələri məzmunca nəqli cümlələrə çox yaxındır və dolayı yolla hökm ifadə edir: Sultan Əmirli daş deyil, divar deyil. İnsandır. Sevə bilər və s.
Ritorik sual cümlələrinin sonunda əksərən sual işarəsi, bəzən birlikdə sual və nida işarələri qoyulur.
sual cümləsi Arxivləşdirilib 2010-04-10 at the Wayback Machine
Dil ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.