Sünik
From Wikipedia, the free encyclopedia
Sünik və ya Sisakan (erm. Սյունիք, Սիսական) – Cənubi Qafqazda tarixi-coğrafi region. I Artaşesin hakimiyyəti dövründə (e.ə. 189 – 160) ermənilər tərəfindən ələ keçirilən Sünik albandilli tayfalar olan ərazi sayılırdı və b.e. 387-ci ilində Ermənistanın Bizans və Sasanilər arasında bölünməsinə kimi Ermənistan krallığının işğal etdiyi doqquzuncu vilayətini təşkil etmiş,[2][3] 387-ci ildən sonra Sasanilərin tərkibində gah Qafqaz Albaniyasından,[4] gah da Atropatenadan[5] asılı olmuşdur. “VII əsr Ermənistan coğrafiyası”na görə Sünik 12 vilayətdən ibarət olmuşdur. Sünikin cənubu mənbələrdə həm də Zəngəzur kimi qeyd edilir.[6]
Tarixi Böyük Ermənistan/Qafqaz Albaniyası əraziləri | |
Sünik | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Sünik knyazlığı |
İnzibati mərkəz | Tatev |
İndiki adı | Syunik |
Əhalisi |
Antik dövr: sünikliklər, sisaklar, albanlar, qarqarlar. Orta əsrlər:azərbaycanlılar, ermənilər. Müasir dövr: azərbaycanlılar, ermənilər. Ən yeni dövr (1991-ci ildən sonra): ermənilər 141 771[1] (2011) |
Xəritədə yeri | |
387-ci ilə kimi Ermənistan ordusuna başçılıq edən bdeşx-sərkərdə vəzifələrini Sünik knyazları daşımışlar. Mərzban Ermənistanı dövründə Sünik knyazları İberiyaya da nəzarət etmişlər.[7][8] Artıq VI əsr mənbələrində Sünikin nestorian mövqeyi tutan Ermənistandan siyasi və dini baxımdan ayrılması qeyd edilir.[9] Sasanilərin bilavasitə vassalı sayılan Sünik, həm də, siyasi baxımdan Mehranilərdən asılı olmuşdur.[10]
Albaniyanın böyük knyazı Cavanşir Sünik knyazının qızı ilə evlənərək, onların ailəsi ilə qohumluq münasibətləri yaratmışdı.[11] Ərəb Xəlifəsi I Muaviyə Süniki Cavanşirin tabeliyinə vermişdi.[12] IX əsrdə Arranda ərəblərdən asılı knyazlarlıqlar arasında Sünik knyazlığı da vardı. IX əsrdə ərəb sərkərdəsi Sevadın Sünikə basqını zamanı Sünik knyazı Vasak kömək məqsədilə Babəkə müraciət etdi. Babək ərəb qoşunlarını darmadağın etdikdən sonra Sünik knyazının qızı ilə evləndi.[13] 654-cü ildə Qafqaz Albaniyası, Ermənistan və İberiya ilə birlikdə Sünik də ərəblər tərəfindən işğal edilmişdir.
Kilsə-iyerarxiya münasibətlərinə gəlincə, alban katolikosları Sünik yepiskoplarını təyin etmək hüququna malik idi. Uzun müddət ərzində erməni katolikosları bu hüququ əldə etməyə çalışırdılar. 571-ci ildə erməni patriarxlığının parçalandığı vaxt Sünik ruhaniləri ermənilərdən imtina etdilər və əlqoymanı Qafqaz Albaniyasından qəbul etməyə başladılar. 660-cı ilə kimi Sünik konfessional (dini) baxımdan Ermənistandan tamamilə ayrı olmuş, yalnız həmin tarixdən sonra Sünik kilsəsi Erməni Qriqoryan Kilsəsinə tabe edilmişdir.[14] VII əsrin əvvəlində Erməni Qriqoryan Kilsəsi ilə kilsə-iyerarxik və doqmatik mübahisələrin gedişində Sünik öz kilsəsi üçün mitropolit rütbəsi almağa müvəffəq olmuşdu.[15]