Süleyman Qanuninin yürüşlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Süleyman Qanuninin yürüşləri — Osmanlı sultanı Süleymanın 46 illik hakimiyyəti dövründə etdiyi yürüşlərin siyahısı. Qərbdə "Böyük Süleyman" və şərqdə "Qanuni" adlanan I Süleyman 25 yaşında atası I Səlimin ölməsi ilə 1520-ci ildə sultan oldu. Onun dövründə hərbi yürüşlər çox oldu. Vəzirləri və komandirləri ilə 13 böyük yürüş etdi. Yürüşləri 10 il 3 ay müddətində şəxsən özü idarə etdi. İlk səkkiz yürüşünü qərbə etdi. Digər beş yürüşü isə şərqə yönəlmişdi. Qərb yürüşlərində Macarıstan ilə 1521-ci ildə II Mehmedin tuta bilmədiyi Belqradı tutdu və 1526-cı ildə Mohaç döyüşündə II Layoşu öldürdü. Macarıstanın tam fəthi isə 1541-ci ildə tamamlandı. 1529-cu ildə Vyananı mühasirəyə aldı, amma şəhəri ələ keçirə bilmədi. 1529-cu ildən 1534-cü ilə qədər etdiyi bir çox yürüşdə böyük zəfərlər qazandı. 1534-cü ildə Səfəvilərdən Bağdad və Təbrizi aldı. Özünün komandanlıq etmədiyi hərbi birləşmələr və dənizçilər Şimali Afrikadan Aralıq dənizinə, Əl-Cəzairdən Qırmızı dənizə və hətta Hindistana qədər yürüşə başladılar. I Süleyman 1566-cı ildə sonuncu böyük yürüşünə başladı. 72 yaşında olmasına baxmayaraq ordunu şəxsən özü idarə edirdi. 1 may 1566-cı ildə ordusu ilə birlikdə İstanbuldan ayrıldı. Osmanlı ordusu Siqetvar şəhərini ələ keçirsə də Sultan Süleyman bu qələbəni görmədən öldü.