Qara şəhər
From Wikipedia, the free encyclopedia
Qara şəhər — yerli neftqayırma sənayesinin uğurları ilə bağlı Bakı yaxınlığında yaranan kiçik bir yaşayış məntəqəsidir.
Bu ərazidə, əsasən, neft zavodları yerləşirdi. Hələ 1873-cü ildə bir çox zavodların Bakıdan kənardakı boş ərazilərə çıxarılması haqqında sərəncam veriləndə həmin vaxt bu ərazidə 100-ə yaxın zavod, ticarət müəssisələri və yaşayış yerləri tikildi. Tezliklə zavodlardan çıxan tüstü və his həmin ərazini qaraya boyadı, bu ərazini də haqlı olaraq "qara şəhər" adlandırdılar. XIX əsrin ikinci yarısında sürətlə inkişaf edən neft sənayesi Bakı ətrafında böyük bir ərazini əhatə edir və bu ərazidə yerləşən zavodların tüstü və hisi bütün ətrafı bürüyürdü. Şəhərin inkişafına mane olan bu cür hallarla bağlı ictimai fikirlər quberniya hakimiyyətini bu problemi həll etmək məcburiyyətində qoymuşdu. Beləliklə də 1870-ci ildə şəhərdə və şəhərin yaşayış məhəllələrində yerləşən 147 zavodun sökülməsi barədə quberniya hakimiyyəti qərar qəbul etdi və şəhərin yaşayış məntəqələrindən 2 km aralı olmaq şərti ilə boş ərazilərə köçürülməsi qərarlaşdırıldı.
Beləliklə də 1876-cı ildə Keşlədəki otlaq sahələrində və yerli əhalinin bağ və bostan sahələrinin yerində yeni sənaye rayonu salındı. 1880-ci ildə yeni sənaye rayonunda 118-dən artıq müəssisə fəaliyyət göstərirdi. 1905-ci ildə demək olar ki, Bakının bütün iri neft sənayesi obyektləri burada yerləşdirilmişdi. Buradakı tikililərin hamısını qara his basdığından hər tərəf qapqara görsənirdi. Elə buna görə də 1880–90-cı illərdə və o zamanlardan bəri bu ərazi artıq "Qara şəhər" kimi tanınır.
Elə ki, "Qara şəhər"də sənaye tikililərinin limiti bitdi, neft sənayeçiləri tikiləcək yeni obyektləri üçün yeni ərazilər axtarışına çıxdılar. "Qara şəhər"ə ən yaxın ərazi Keşlə əhalisinin torpaq sahələri idi. Tezliklə də bu ərazilərdə yeni sənaye şəhərciyi "Ağ şəhər" əmələ gəldi. Bu "Qara şəhər"in şərqdən davamı idi.
1878-ci ildə Nobel qardaşları tərəfindən Rusiya İmperiyasında ilk olaraq Balaxanıdan "Qara şəhər"ə qədər neft kəməri çəkilmişdir.