From Wikipedia, the free encyclopedia
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya — BMT-nin Baş Assambleyasının 34 /180 saylı 18 dekabr 1979-cu il tarixli qətnaməsi ilə qəbul edilmiş qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəd. Konvensiyanın özünəməxsusluğu ondan ibarətdir ki, digər beynəlxalq müqavilələrdə ümumi şəkildə insan üçün təmin olunan hüquqlar burada məhz qadın üçün nəzərdə tutulmuşdur. Digər müqavilələrdən fərqli olaraq Konvensiyanın əsasında digər beynəlxalq müqavilələrdə təmin edilən “bərabərlik” deyil, “ayrı-seçkiliyin ləğv olunması” durur. [1][2]
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya | |
---|---|
ing. Convention on the Elimination of All Forms of Discrimination Against Women (CEDAW) | |
Müqavilənin tipi | Konvensiya |
İmzalanma tarixi | 18 dekabr 1979 |
İmzalanma yeri | Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı, Nyu-York |
Qüvvəyə minməsi | 3 sentyabr 1981 |
İmzalayanlar | 99 |
Tərəflər | 189 |
Dilləri | ingilis dili, rus dili, fransız dili, ispan dili, Çin dili, ərəb dili |
Vikianbarda əlaqəli mediafayllar |
Keçən əsrin 70-80-ci illərində qadın hüquqları uğrunda hərəkatın daha da genişlənməsi, BMT-nin təşəbbüsü ilə 1975-ci ildə Beynəlxalq qadın ilinin, daha sonra 1975-1985-ci illərdə Qadın onilliyinin keçirilməsi qadın hüquqlarının tənzimlənməsinə dair xüsusi beynəlxalq hüquqi aktın qəbul edilməsi zərurətini meydana çıxartdı və BMT-nin Baş Assambleyası 18 dekabr 1979-cu il tarixdə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanı qəbul etdi.[3] Konvensiya 3 sentyabr 1981-ci il tarixində qüvvəyə minmişdir. Bu gün Konvensiya Uşaq Hüquqları Konvensiyasından sonra dünyada ən çox ratifikasiya olunmuş beynəlxalq müqavilədir. Azərbaycan Respublikası 1995-ci il 10 iyul tarixində Konvensiyanı ratifikasiya etmişdir.
Konvensiya preambula, 30 maddə və 6 hissədən ibarətdir. Konvensiyanın preambulasında qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv edilməsi, qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsi BMT-nin əsas prinsiplərindən biri kimi qeyd olunur və qadınların vəziyyətinin yaxşılaşdırılması problemi müasir dövrün ən qlobal problemləri sırasına aid edilir. [4][5]
I hissə (Maddə 1-6)
Konvensiyanın 1-ci maddəsi qadına qarşı ayrı-seçkiliyin tərifini müəyyən edir: “Bu Konvensiyaya görə, “qadınlara qarşı ayrı-seçkilik” qadınların ailə vəziyyətindən asılı olmayaraq kişi və qadınların hüquq bərabərliyi əsasında və siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya hər hansı digər sahədə insan hüquqlarının və əsas azadlıqlarının tanınmasının, istifadə edilməsinin və ya həyata keçirilməsinin əngəllənməsinə və ya heçə endirilməsinə səbəb olan və ya bu məqsədi daşıyan, cinsi əlamətə görə hər hansı fərqləndirmə, istisna, yaxud məhdudiyyət deməkdir.” Konvensiyanın 2-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarını qınayır və bütün mümkün yollarla bu ayrı-seçkiliyin aradan qaldırılması siyasətini “təxirə salınmadan” həyata keçirirlər. 3-cü maddə 2-ci maddədə əks olunan siyasəti həyata keçirmək üçün bütün sahələrdə müvafiq tədbirləri müəyyənləşdirir. 4-cü maddə qadın və kişi bərabərliyinə nail olmaq üçün müvəqqəti xüsusi tədbirlərin tətbiq edilməsinə icazə verir. 4-cü maddənin 2-ci bəndi kişi və qadın arasında bioloji fərqlərə görə onlarla fərqli davranılmasının mümkünlüyünü istisna etmir. Qeyd olunur ki, üzv dövlətlər tərəfindən analığın müdafiəsinə yönəlik xüsusi tədbirlərin görülməsi ayrı-seçkilk sayılmır. Konvensiyanın 5-ci maddəsində göstərilir ki, əgər kişi və qadınların bərabərliyi hüquqla təmin olunursa və de facto bərabərliyin dəstəklənməsi üçün xüsusi tədbirlər görülürsə belə, hələ də cinslərdən birinin naqisliyi, yaxud üstünlüyü ideyasına, yaxud kişilərin və qadınların roluna dair stereotiplərə əsaslanan xurafatın kökünün kəsilməsinə, adətlərin və hər cür başqa praktikanın ləğv edilməsinə nail olmaq məqsədilə kişi və qadınların sosial və mədəni davranış modelini dəyişdirmək zərurəti mövcuddur. Konvensiyanın 6-cı maddəsində göstərilir: "İştirakçı-dövlətlər qadın alverinin bütün növlərinin və qadınların fahişəliyindən istifadənin kökünü kəsmək üçün bütün müvafiq tədbirlər, qanunvericilik tədbirləri daxil olmaqla, görürlər." .[6]
II hissə (Maddə 7-9)
7-ci maddə ölkənin siyasi və ictimai həyatında iştirak sahəsində qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üçün bütün müvafiq tədbirlərin görülməsini, o cümlədən qadının bütün seçkilərdə və açıq referendumlarda səs vermək və bütün açıq seçkili orqanlara seçilmək hüququnun təmin olunmasını iştirakçı-dövlətlərdən tələb edir. 8-ci maddə qadınların bərabər şəraitdə bərabər imkanlara sahib olaraq heç bir ayrı-seçkiliyə məruz qalmadan hökuməti beynəlxalq səviyyədə təmsil edə və beynəlxalq təşkilatların işində iştirak edə bilmələri üçün bütün müvafiq tədbirlərin görülməsini tələb edir. 9-cu maddə qadınlara vətəndaşlıq almaq, onu dəyişdirmək yaxud saxlamaq üçün kişilərlə bərabər hüquqlar verir.[7]
III hissə (Maddə 10-14)
10-cu maddə iştirakçı-dövlətlərin üzərinə təhsil sahəsində ayrı-seçkiliyi aradan qaldırmaq üçün bütün müvafiq tədbirləri görmək öhdəliyi qoyur. Buna nail olmaq üçün qız və qadınlar təhsil almaq üçün bərabər imkanlara sahib olmalı, onlar üçün ibtidai və orta təhsil icbari olmalıdır. 11-ci maddə isə iştirakçı-dövlətlərin üzərinə qadınların əmək sahəsində bərabər hüquqlarının, imkanlarının, seçimlərinin və müavinətlərinin olmasını təmin etmək öhdəliyi qoyur. 11-ci maddə qadın hamilə olduqda iş yerində onun sağlamlığının qorunmasının təmin olunmasını da tələb edir, hamiləliyə və analıq məzuniyyətinə görə işdən çıxarılmağı qadağan edir. 12-ci maddə qadınların bərabərlik əsasında tibbi xidmət almasını təmin edir. Bu öhdəlik qadınların mövcud tibbi xidmətlərdən tam olaraq isitfadə etməsinə imkan verməyən və ya onu çətinləşdirən hüquqi və sosial maneələrin aradan qaldırılmasını tələb edir. 13-cü maddə iştirakçı-dövlətlərin qadınların iqtisadi müstəqilliyini təmin etmədikcə, onların öz evlərinə sahib ola və öz işlərini qura bilməmələri səbəbinə görə kişilərlə həqiqi, real bərabərliyə malik ola bilməyəcəklərini ifadə edir. 14-cü maddə kənd yerlərində yaşayan qadınların ehtiyaclarına həsr olunmuşdur.
IV hissə (Maddə 15-16)
15-ci maddəyə görə iştirakçı-dövlətlər qadınların qanun qarşısında kişilərlə bərabərliyini tanımalı, qadınlara kişilərlə bərabər mülki hüquq qabiliyyəti və onu həyata keçirmək üçün bərabər imkanlar verməlidirlər. 16-cı maddə ailə hüququ sahəsində qadına qarşı ayrı-seçkiliyin aradan qaldırımasına yönəlmişdir. Konvensiyanın 16(1)(b) maddəsi iştirakçı-dövlətlərin üzərinə qadınlara nikaha yalnız özünün azad və tam razılığı ilə daxil olmaq hüququnun təmin edilməsi öhdəliyi qoyur. 16(2)-ci maddəyə görə uşağın nişanlanması və nikahı hüquqi qüvvəyə malik deyil və qanunvericiliklə qadağan olunmalıdır.
V hissə (Maddə 17-22)
Konvensiyanın 17-ci maddəsi əsasında onun “həyata keçirilməsinin gedişini yoxlamaq” məqsədi ilə yaradılmış və üzvləri vətəndaşı olduqları dövlətdən asılı olmadan çalışan Qadınlara qarşı ayrı-seçkiliyin qadağan edilməsi üzrə Komitə (CEDAW Komitəsi2) bir sıra ümumi xarakterli təklif və tövsiyələri ilə Konvensiyanın ayrı-ayrı maddələrinə aydınlıq gətirmişdir. Digər maddələrdə isə komitənin milli hesabatları (18-ci maddə), prosedur qaydaları (19-cu maddə), iclasları (20-ci maddə) və xüsusi agentliklərin rolu (22-ci maddə) öz əksini tapmışdır. Konvensiyanın 21-ci maddəsində Komitənin ümumi xarakterli təklif və tövsiyələr vermək səlahiyyəti qeyd olunur. Komitə indiyə qədər 25 ümumi tövsiyə qəbul etmişdir.[6]
VI hissə (Maddə 23-30)
Bu hissədə Konvensiyanın icra edilməsi və tərəflərin ratifikasiyası ilə bağlı məsələlərə yer verilmişdir.
Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi Komitəsi (CEDAW) Qadınlara Qarşı Ayrı-seçkiliyin bütün formalarının ləğvi edilməsi üzrə Konvensiyanın 17-ci maddəsinə müvafiq olaraq yaradılmışdır. Komitə yüksək mənəvi keyfiyyətlərə malik olan və konvensiyanın əhatə etdiyi məsələlər üzrə tanınmış 23 ekspertdən ibarətdir. Ekspertlər 4 il müddətinə seçilir və Komitədə onu təqdim edən dövlətin nümayəndəsi qismində deyil fərdi keyfiyyətdə çıxış edir. Komitə yarandığı vaxtdan, yəni 1982-ci ildən onun tərkibi bir istisna olmaqla həmişə müxtəlif peşələr üzrə ixtisaslaşmış (hüquqşünaslar, diplomatlar, müəllimlər, gender məsələləri üzrə ekspert) qadınlardan ibarət olub. Komitə ildə bir dəfə öz iclaslarını Nyu-York və ya Vyanada keçirir. Öz fəaliyyəti barədə Baş Məclisə İqtisadi və Sosial Şura (ECOSOC) vasitəsi ilə məruzə təqdim edir.[6][7]
Ad | Ölkə | |
---|---|---|
Gladys Acosta Vargas (Vice-Chairperson) | Peru | 2022 |
Hiroko Akizuki | Yaponiya | 2022 |
Tamader Al-Rammah | Səudiyyə Ərəbistanı | 2022 |
Nicole Ameline (Vice-Chairperson) | Fransa | 2020 |
Gunnar Bergby | Norveç | 2020 |
Marion Bethel | Baham adaları | 2020 |
Louiza Chalal | Əlcəzair | 2022 |
Esther Eghobamien-Mshelia | Nigeriya | 2020 |
Naela Gabr | Misir | 2022 |
Hilary Gbedemah (Chairperson) | Qana | 2020 |
Nahla Haidar | Livan | 2020 |
Dalia Leinarte | Litva | 2020 |
Rosario Manalo | Filippin | 2020 |
Lia Nadaraia (Rapporteur) | Gürcüstan | 2022 |
Aruna Devi Narain | Mavriki | 2022 |
Ana Pelaez Narvaez | İspaniya | 2022 |
Bandana Rana (Vice-Chairperson) | Nepal | 2020 |
Rhoda Reddock | Trinidad və Tobaqo | 2022 |
Elgun Safarov | Azərbaycan | 2022 |
Wenyan Song | Çin Respublikası | 2020 |
Genoveva Tisheva | Bolqarıstan | 2022 |
Franceline Toe Bouda | Burkina-Faso | 2022 |
Aicha Vall Verges | Mavritaniya | 2020 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.