Portal:Gürcüstan/Seçilmiş bioqrafiya
From Wikipedia, the free encyclopedia
Mixail Saakaşvili (gürcücə - მიხეილ სააკაშვილი) - Gürcü siyasətçisi və 2004-cü ildən Gürcüstan Respublikasının prezidenti. 2003-cü ilin oktyabrında Gürcüstanda baş vermiş qızılgül inqilabının əsas ideya müəllifi olmuş və 15 yanvar, 2004-cü ildə ümumxalq səsverməsinin nəticələrinə əsasən Gürcüstan Respublikasının prezidenti seçilmişdir. 5 yanvar, 2008-ci ildə növbədənkənar seçkilərdə qələbə qazanaraq 2-ci dəfə bu etimada layiq görülmüşdür. Atası Nikoloz Saakaşvili həkim, anası Giuli Alazania isə Tbilisi Dövlət Universitetinin Tarix kafedrasında professor və Gürcüstan Elmlər Akademiyasında şöbə müdiri vəzifəsində çalışır.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/96/Mikhail_Saakashvili%2C_Davos_%28cropped%29.jpg/320px-Mikhail_Saakashvili%2C_Davos_%28cropped%29.jpg)
Saakaşvili Kiyev Dövlət Universiteti nəzdində Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq ixtisasını bitirmişdir. 1980-ci ilin sonlarından etibarən 2 il müddətində Sovet ordusu tərkibində Çexoslovakiya və Macarıstanda həqiqi hərbi xidmətdə olmuşdur.
1992-ci ildən il yarım müddətində Osloda yerləşən Norveç İnsan Hüquqları İnstitutunda, sonra isə Tiflisdə Gürcüstan İnsan Hüquqları Komitəsində çalışmış və azlıq hüququ üzrə ixtisaslaşmışdır. 1993-cü ildə Strasburqda yerləşən Beynəlxalq İnsan Hüquqları İnstitutunun diplomuna layiq görülmüşdür.
1994-cü ildə "Edmund S. Muskie Graduate Fellowship" proqramı üzrə təqaüd qazanaraq Kolumbiya Universitetinin Hüquq elmləri fakültəsində magistraturaya daxil olmuş, 1995-ci ildə Corc Vaşinqton Universitetində müdafiə edərək doktorluq dərəcəsi qazanmışdır.
Sandra Rulofs adlı holland əsilli qadınla ailə həyatı qurmuşdur və Eduard və Nikiloz adlı 2 övladı vardır. Ana dili ilə yanaşı ingilis, rus, fransız və ukrayna dillərində sərbəst danışır.