Naxçıvan Ali Məclisinin VI çağırış deputatlarının siyahısı
From Wikipedia, the free encyclopedia
Naxçıvan Ali Məclisinin VI çağırışı — 9 fevral 2020-ci il tarixində baş tutan Naxçıvan Ali Məclisinə seçkilər əsasında formalaşdırılmış parlament.
Ali Məclisin 45 deputatından 42-si Yeni Azərbaycan Partiyasının üzvü, 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü,[lower-alpha 1] 2-si isə bitərəf idi. 20 iyun 2020-ci il tarixində Hüseyn Həşimlinin və 18 noyabr 2022-ci il tarixində Nazim Bababəylinin vəfat etməsiylə[3][4] deputatların siyasi partiya mənsubiyyətləri üzrə dağılma belə olmuşdur: 41 nəfər Yeni Azərbaycan Partiyası[5] üzvü, 1 nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü və 1 nəfər bitərəf.
Ali Məclisin 45 deputatından 10-u qadın, 35-i isə kişidir. 20 iyun 2020-ci il tarixində Hüseyn Həşimlinin və 18 noyabr 2022-ci il tarixində Nazim Bababəylinin vəfat etməsiylə[3][4] deputatların cinsiyyət üzrə dağılış sayı belə olmuşdur: 33 nəfər kişi və 10 nəfər qadın.
2020-ci ilin fevralın 24-də Ali Məclisin VI çağırışının birinci sessiyası baş tutmuşdur.[6] Sesiyada VI çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov seçilmişdir.[6][7][8][9]
Naxçıvan Ali Məclisinin 21 dekabr 2022-ci il tarixində keçirilmiş təcili qapalı iclasında Ali Məclisin sədr müavini Azər Zeynalov Vasif Talıbovun səhhəti ilə əlaqədər Ali Məclisin sədri vəzifəsindən istefa verdiyini, lakin deputat kimi fəaliyyətinə davam edəcəyini açıqlamışdır. Yeni sədr seçilənədək sədr vəzifəsi müvəqqətən sədrin birinci müavini Azər Zeynalova həvalə edilmişdir.[10]
Naxçıvan Ali Məclisinin 16 may 2023-cü il tarixində keçirilmiş iclasında Anar İbrahimov Ali Məclisin sədr müavini vəzifəsinə seçilmişdir.[11]
Ali Məclisin VI çağırışının ən yaşlı üzvü 1947-ci il təvəllüdlü Fərəc Fərəcov və Telman İbadov, ən gənc üzvü isə 1990-cı il təvəllüdlü Günel Vəliyeva olmuşdur.