From Wikipedia, the free encyclopedia
Mələk İbrahim Paşa (d. 1595 - ö. 3 dekabr 1685) — Osmanlı sultanı IV Mehmed dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Mələk İbrahim Paşa | |
---|---|
osman. شيطان ابراهيم پاشا | |
Əvvəlki | Gürcü Mustafa Paşa |
Sonrakı | Silahdar Ömər Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sivas |
Vəfat tarixi | 3 dekabr 1685 |
Vəfat yeri | Belqrad |
Vəfat səbəbi | Edam |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Ruqiyə Sultan |
Uşaqları |
Ayşə xanım Sultan Fatma xanım Sultan |
Təxminən 1595-ci ildə Sivasda dünyaya gəldi. Gənc yaşlarında İstanbula gələrək həmyerlisi olan Seyid Mustafa Paşanın himayəsinə girdi. Müxtəlif vəzifələrdə çalışdıqdan sonra Seyid Mustafa Paşanın baş dəftərdarlığa gəlməsiylə, İbrahim Paşa da onun kəndxudalığına gətirildi. Bu vəzifədə ikən qıvraq zəkası və çoxbilmişliyi səbəbilə Şeytan ləqəbi almışdır. Ancaq sonrakı illərdə bu ləqəbi IV Mehmed tərəfindən Mələk olaraq dəyişdirildi.
2 dekabr 1656-cı ildə baş dəftərdalığa gətirilən və 4 ildən çox bu vəzifədə çalışan İbrahim Paşa bu vəzifədə ikən sədrəzəm Körpülü Mehmed Paşanın bir çox səfərlərinə qatılmışdır. Yüksək xidmətləri səbəbilə sədrəzəm tərəfindən vəzirliyə gətirilmişdir. 3 may 1661-ci ildə, ona qarşı çıxan üsyan səbəbilə vəzifədən alınan Gürcü Mustafa Paşanın yerinə Misir bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən Qahirədə bir məscid inşa etdirmişdir. 3 il boyunca bölgəni əmin-amanlıqla idarə edən İbrahim Paşa 1663-cü ildə Sultan Muradın qızlarından Ruqiyə Sultanla nigahlandı. Ancaq həmin il paytaxta gətirdiyi Misir xəzinəsinin əskik olması səbəbilə vəzifədən alındı və həbs edildi. 7 ay həbs tutulduqdan sonra 700 kisə axca müsadirə edilərək azadlığa buraxıldı və həmin ilin sonlarında Diyarbəkir bəylərbəyliyi ilə paytaxtdan uzaqlaşdırıldı. 1672-ci ildə qübbə vəziri seçilərək Lehistan səfərinə çağırıldı. 23 fevral 1673-cü ildə Kandiyə qalasının mühafizəsi ilə vəzifələndirilmiş, 1675-ci ildə Şam bəylərbəyi və Lehistan sərdarlığına gətirilmişdir. Ertəsi il bu cəbhədə qazandığı qələbələr nəticəsində indiki Ukrayna torpaqları Osmanlı himayəsinə girmişdir. Qışı Babadağ ətrafında keçirdikdən sonra 1677-ci ildə Özü bəylərbəyi olaraq Ukraynanın mərkəzindəki Çəhrin qalasının geri alınmasıyla vəzifələndirildi. May 1677-ci ildə bölgəyə doğru hərəkət edən İbrahim Paşa Krım tatarlarıyla birləşərək iyun ayında qalanı mühasirəyə aldı. Ruslardan alınan dəstək qüvvələrlə mühasirə müddəti uzandı və 7 sentyabrda Osmanlı ordusu mühasirəni qaldıraraq Bəndərə geri çəkildi. Bu məğlubiyyətin ardından vəzifədən alınan İbrahim Paşa mərkəzə çağırıldı və Çatalcada Sultan Mehmedin qarşısına çıxarıldı. Sultan tərəfindən təqsirli görülən İbrahim Paşa 53 gün boyunca Yeddiqüllə zindanlarında həbs tutuldu.
Daha sonra 1677-ci ilin sonlarında Kandiyə, ardından Ərzurum və Diyarbəkir bəylərbəyliklərinə təyin edilərək paytaxtdan uzaqlaşdırıldı. Daha sonra Budin qalasının mühafizəsi ilə vəzifələndirildi və Qara Mehmed Paşanın vəfatının ardından Budin bəylərbəyliyinə təyin edildi. Bu vəzifədə ikən qalanı gücləndirmiş, ard-arda baş tutan Avstriya hücumlarına qarşı qalanı aylarca müdafiə etmişdir. Nəticədə 29 oktyabr 1684-cü ildə Avstriya qüvvələri mühasirəni qaldıraraq geri çəkildi və külli miqdarda ordu ləvazimatları ələ keçirildi. Onun bu zəfərinin ardından Sultan Mehmed onu və əmrindəki əsgərlərini mükafatlandırmış, Şeytan olaraq bilinən ləqəbini Mələk olaraq dəyişdirmişdir.
Ancaq cəbhədə qazandığı uğurlar ona mərkəzdə bir çox düşmən qazandırdı. Belə ki, sədarətə gətirilməsi barədə gəzən şayələrin ardından sədrəzəm Qara İbrahim Paşanın düşmənliyini qazandı. Paytaxta çağırılmaması üçün Macarıstan sərdarlığı verilərək cəbhədə tutulan Mələk İbrahim Paşa qışı Belqradda keçirdi və paytaxtdan gözlədiyi yardım qüvvələrinin gecikməsi səbəbilə zəif təhkimatlı orduyla səfərə çıxdı. Ancaq Esterqon yaxınlığındakı ani hücumla məğlub olan Osmanlı ordusu Budinə çəkilməyə məcbur oldu. Üstəlik mühasirədəki Uyvar qalası da itirilmiş, qaladakı müsəlman əhali qətlə yetirilmişdi.
28 noyabr 1685-ci ildə şeyxülislam Əli Əfəndi, sədarət naibi Sarı Süleyman Paşa, qazəsgərlər və yeniçəri ağasının iştirakıyla Sultan Mehmedin keçirdiyi məclisdə vəziyyət müzakirə edildi. İştirakçıların bir çoxu paşanın edamını tələb etdi. Xəstə olmasını bəhanə edərək məclisə qatılmayan sədrəzəm Qara İbrahim Paşa da göndərdiyi bir ərizəylə eyni fikirdə olduğunu bildirdi. Anadolu qazəsgəri Əbusəidzadə Feyzullah Əfəndinin etirazlarına baxmayaraq, Mələk İbrahim Paşa məclisin qərarı və şeyxülislam Əli Əfəndinin fətvası əsasında Sultan Mehmedin yazdığı fərmanla Belqradda edam edildi (3 dekabr 1685). Bədəni Belqradda, kəsik başı isə Ədirnədə dəfn edildi.
Ayşə xanım Sultan və Fatma xanım Sultan (ö. 1726) adlı qızlarının olduğu, kiçik qızının Bığlı Mehmed Paşanın xanımı olduğu bilinir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.