From Wikipedia, the free encyclopedia
Monqolustan mədəniyyəti köçəri monqolların təsiri ilə yaranmışdır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dövlət | Monqolustan |
Muxtar ərazi | |
Xaqanlığa namizəd | |
Yaşadığı ərazilər | |
Monqol dilinin statusu | Çin (Rəsmi status) |
Monqolların etnik qrupları |
Barqutlar, Bayatlar, Buryatlar, |
Digər böyük topluluq və ya diaspora ölkələri | |
Monqolustan, əsasən dağlıq ölkə olub, ən böyük silsilələri -Monqol Altayı (4362 m), Qobi Altayı (3957 m), Xanqayı (3539 m) əhatə edir. Onun mərkəzi hissəsində Xentey yaylası yerləşir. Müasir Monqolustan ərazisi geoloji cəhətdən Ural-Monqolustan qırışıqlı geosinklinal qurşağının bir hissəsini təşkil edən Mərkəzi Asiya sisteminə daxildir.
Monqolustanın tarixinə nəzər saldıqda Aşağı Paleolit dövründən məskunlaşdığı məlum olur. Yuxarı Paleolit dövründə Monqolustanın qədim əhalisi arasında matriarxal-qəbilə quruluşu mövcud idi. Neolit dövründə əhalinin əsas məşğuliyyətinin ovçuluq və balıqçılıq olduğu sübut edilir. Neolitdən Eneolitə keçiddə isə ölkənin cənub və şimal rayonlarında əkinçiliyə keçid başlandı. Tunc dövrünün sonu – Dəmir dövrünün əvvəlində (e.ə. I minillik) monqol tayfaları köçəri maldarlığa keçərək patriarxal-qəbilə quruluşunu formalaşdırır. Tarixin axarında ölkənin ictimai-siyasi aləmində dəyişikliklər təzahür olunur: belə ki, e.ə. IV–III əsrlərdə xüsusi mülkiyyət yaranır, mübadilə başlanır, feodalizm münasibətləri formalaşır.
Aparılan tədqiqatlardan Monqolustanın qədim sənətkarlığından canlı sübutlar əldə edilir ki, bu da ölkənin keçmiş mədəniyyəti haqqında təəssüratın formalaşmasına səbəb olur. Xüsusilə, paleolit mərhələsinin tapılmış abidələri bu cəhətdən maraq doğurur.
Monqol ölkəsinin bu tarixi mərhələsinin ilk tədqiqatçısı olan N. K. Nelson 180 düşərgə, F. Berqman isə Qobidə 327 abidə aşkar etməklə, ölkənin daş dövrünü əhatə edən mədəniyyət haqqında müəyyən bilik toplamışlar. Aşkara çıxarılmış düşərgələrdə insan cəsədlərinin nümunələri, heyvan skeletləri, silah, məişət, zinət əşyalarının nümunə və hissələri Monqolustanın qədim mədəniyyətinin özünəxas səciyyə kəsb etdirdiyini sübut edir. Belə düşərgələrdən Ulan-Bator yaxınlığındakı Zaysan-tolço, Moyltın-am, Kobdo çayı ətrafındakı Bayan-nur və onlarla başqalarını nümunə göstərmək olar.
Paleolit dövrünün insanları iqlim və coğrafi şəraitdən çox asılı olduqlarına görə, bu amillər onların sənətkarlığında da güclü şəkildə hiss olunur. Tapılan düşərgələrin divar təsvirlərindəki rəsmlər yuxarı paleolitin zəngin flora və faunasını sübuta yetirir. Təsvirlərdəki mamont, tülkü, kərgədan, mağara şiri, bizonlar, maral, at, ceyran, balıq və quşlar o dövrün təbiəti haqqında dəyərli məlumatlar verir. Bu fauna təsvirləri Hoyt-Tsenheriynaquydakı mağarada da əks olunmuşdur. Təsvirlər qırmızımtıl, sarı-qəhvəyi, tünd qəhvəyi rəng çalarında ifadə olunmuşdu. Bu rəsmlərin öyrənilməsinə rus-monqol ekspedisiyasının 1966-cı ildəki tədqiqatları zamanı nail olunmuşdur. Tədqiqatçıların başlıca məqsədi bu unikal abidəlrin tarixi və dünya incəsənət xəzinəsindəki yerini müəyyənləşdirmək idi. Ekspedisiyanın rəhbəri A. P. Okladnikov və onun ardıcılları abidənin yuxarı paleolitə aid olduğunu iddia etdilər. Haqqında söhbət gedən Hoyt-Tsenheriyn-aquy mağarası Ulan-Batorun qərbinə doğru 1200 km məsafədə yerləşir. Mağaranın adı yaxınlıqda axan çayın – Hoyt-Tsenher (şimal mavisi) adından götürülmüşdür. Rəsmlər mağaraya girişdə aşkar olunur. Mağaranın arkasayağı girişi şimal-şərqə istiqamət götürərək 6–7 m hündürlükdə yerləşir. O bir iri zaldan və ondan şaxələnmiş çox da dərin olmayan mağaralardan ibarətdir. Divardakı oyuq və taxçalarda rəsmlər, hətta gündüz çətin hiss olunur. Taxçalardakı rəsm obrazları birbirindən müəyyən əlamətlərinə görə həm oxşar, həm də fərqlidirlər.
Birinci taxçadakı rəsmlər girişdən çox da uzaq olmayan sol tərəfdə yerləşir. Taxçanın dərinliyi və hündürlüyü bir metrə bərabər olsa da, qeyri-bərabər ölçüdədir. Belə təəssürat oyanır ki, paleolit "rəssam"ı tavandakı rəsmləri uzanmış vəziyyətdə çəkmişdir. Tavan rəsmləri qırmızı rəngli müxtəlif çalarları ilə işlənmişdir. Ceyran və qoyun təsvirləri bir qədər parlaq çalarda verilmişdir. Buradakı təsvirlər canlı fiqurların qovuşmasını, xüsusilə buynuz, işarələrin, uzun xətlərin çarpazlaşmış şəkildə təzahürü spesifik məzmun kəsb edir. Bunların içərisində "buynuz", "ox", "bumeranq", ilanabənzər fiqur təsvirləri daha çox üstünlük təşkil edir. Bütün rəsmlərin eni 5 və 14 mm həcmdə olan kontur xətlərlə həyata keçirilmişdir. Bəzi təsvirlər də heyvanları əks etdirsələr də, onları insan obrazının timsalı kimi də qəbul etmək olar. Məsələn, antilopların kişi obrazını ifadə eməsini üç ayaq, buynuz, qulaqla verilməsi və hərəkətdə olması əlamətləri ilə dərk etmək mümkündür. Bu mağaradakı təsvirləri xüsusiyyətlərinə görə dünyanın digər qədim abidələrindəki təsvirlərlə də müqayisə edərək eyni cizgiləri müşahidə etmək mümkündür. Məsələn, fiqurlardakı hərəkət və ekspressləri Lez Eyzidəki Fon de Qomp mağarasında rəngarəng öküzün rəsmində və ya qoyun təsvirlərini Fransanın Dordoni mağarasındakı maral təsviri ilə müqayisə etmək olar.
Hoyt-Tsenheriy Aquy mağarasının ikinci taxçası birinci oyuğun yanında yerləşir. O əvvəlkindən daha geniş olub, tavan və divarlarında rəsmlərinin çoxluğu ilə fərqlənir. Tavandakı rəsmlər daha çoxdur. Rəmzi işarə və nöqtələrdən əlavə, qoyun, keçi, at, fil, mamontların təsviri xüsusi yer tutur.
Buradakı bəzi heyvan təsvirləri (fil, mamont, dəvəquşu) Monqolustan təbiət və cəmiyyətinə yad olsa da, qədim monqolların bunlar haqqında təsəvvürlərinin olmasını sübut edir.
Üçüncü taxçanın rəsmlərinə ikinci oyuqdan adlamaqla şahid olmaq mümkündür. Buradakı ən maraqlı rəsm ikidonqarlı vəhşi dəvə təsviridir. Onun ətrafında aydın olmayan şaxələnmiş buynuzlar, qırıq-qırıq xətlər maraq doğuran təsvirlərdən biridir. Bu işarələr arasında küknar budaqları təsvirləri də üstünlük təşkil edir ki, dünyanın digər mağaralarındakı bu eyni rəsmlər kişi timsalını verir. Bu təsvirlərdəki maraqlı detallardan biri dəvənin altında dağları bildirən xətlərin çəkilməsidir ki, bu da Qərbi Avropa təsvirlərindən məlum olan landşaft mənasını bildirir.
Dördüncü taxçadakı rəsmlər tacvari tavanda xaotik şəkildə yerləşdirilmişdi: rəsmlərin üst və aşağı hissələri məlum deyil. Bu təsvirlərdə də nöqtə, ox, əyilmiş xətlər, üçbucaqlar, ay şəkilli fiqur və quşlar üsiünlük təşkil edir. Bütün təsvirlər qırmızı və ya qəhvəyi rəngdədir. Buradakı rəsmlərin ölçüsü 34 x 35 sm-dən 60 x 65 sm-ə qədərdir.
Aparılan təhlillər göstərir ki, öz manera və texnikasına görə qədim monqol rəsmləri Ural və qərbi Avropa təsvirlərindən fərqlənir. Buradakı təsvirlər daha çox canlıların – heyvanların rəsmləridir. Vəhşi heyvanlar kompozisiyadankənar təsvir olunur. Kompozisiyanın bu cür tam sərbəstliyi qədim monqol təsviri sənətinin fərqləndirici xüsusiyyətlərindəndir. Apardığımız qısa ekskursdan məlum olur ki, monqol mağara təsviri sənətində yeni-yeni personajların üstünlük kəsb etməsi ən vacib əlamətlərdəndir: əvvəlcə fil, sonra dəvəquşu, nəhayət, dəvə təsvirlərinin üstünlüyü dediklərimizə sübutdur.
Qərbi Monqolustan mağara təsvirlərini paleolit Avropası təsviri sənəti ilə doğmalaşdıran, yaxın edən digər cəhət rəsmlərin daha çox görünən, hiss olunan məkanlarda deyil, məhz əlçatmaz yerlərdə – qaranlıq qalereyalarda, quyularda və s. yerləşdirilməsidir. Bəzi fərqlərə (insan fiqurlarının olmaması, divarlarda relyeflərin zəif olması) baxmayaraq Hoyt-Tsenheriyn-aquy mağarası Monqolustan təsviri sənətinin Qərbi Avropa ilə müqayisəsində hələ ki təkdir.
Monqolustan mağaraları və buradakı təsvirlər qədim monqol dünyagörüşündən, fəlsəfə və mifologiyasından da dəyərli məlumatlar verir. Tədqiqatçı A. Lerua-Quranın fikrincə, paleolitin simvollar, işarələr sistemi təsadüfi hadisə deyil, onlar qədim əcdadların dünya, həyat, təbiət haqqındakı təsviri düşüncələri, təsəvvürlərinin əyani təzahürləridir. Dünyanın digər nöqtələrində olduğu kimi, qədim Monqolustanda da miflərin, əsatirlərin təşəkkülü bu zəmindəndir. Miflərdə dünya, kainat haqqında ilkin təəssürat Hoyt-Tsenheriynaquy mağara təsvirlərində öz təzahürünü tapmışdı. Məsələn: sirli aləm – quşların, yeraltı və sualtı dünya – ilan, balıq timsalında təmsil olunur. Paleolit adamının mağara təsvirlərində quş və ilanlarla yanaşı, dırnaqlı heyvanların da rəsmi həyat mübarizəsi – xeyir vəşərin antaqonist münasibətlərini ifadə edirdi.
Qədim Monqolustan incəsənətindən söhbət açarkən mezolit abidələrinin də adlarını çəkmək lazımdır. Xüsusilə Şərqi Monqolustanın Here-ull dağı ətrafındakı yaşayış məkanları mühüm əhəmiyyət kəsb edir. Burada silahlar, texniki ləvazimatlar tapılmışdır.
Hoyt-Tsenheriyn-aquy mağarasından 1500 km kənarda yerləşən bir ərazidə Arşan-had adlı dağda müqəddəs hesab edilən bir çox yerlər mövcuddur. Dağın bir çox qayalıqlarının səthi rəsmlərlə zəngindir. Bu həndəsi fiqur və ləkələr, cızılmış və həkk edilmiş təsvirlər qədim monqolların sənətindən xəbər verir. Bir daşın üzərində isə ərəb, tibet, çin və qədim monqol yazıları da açıq şəkildə hiss edilir. Belə bir təəssürat oyanır ki, bura müqəddəs yer hesab edildiyindən "qurbankəsmə" kimi dini ayinlər həyata keçirilib. Bu rəsmlərin mezolitə aid olduğu ehtimal edilir. Lövhələrdə heyvan və insan təsvirləri deyil, dairə, xaç, üçbucaq, nöqtəli çevrələr və s. üstünlük təşkil edir. İşarələr elə həkk olunmuşdur ki, biri digərinə maneçilik yaratmır. Qədim insanların bunları xaotik şəkildə həyata keçirməklərində hansı məqsədə və ya qanunauyğunluqlara riayət etməsini ehtimal etmək çətindir. Arşan-haradakı heroqliflərdə ən geniş yayılan təsvir "dırnaqlı heyvan" təsviridir ki, ona 55 dəfə rast gəlinir. Bu təsvirlərə Tsaan-ayriqdəki Orta qobi qayalıqlarında da təsadüf olunur.
Neolit dövrü Monqolustanda insan cəmiyyətindəki inkişaf dəyişiklikləri ilə müşayiət olunurdu. Ovçuluqla yanaşı yığıçılıq və əkinçilik bir çox rayonlarda insanların oturaq həyat tərzinə səbəb oldu. Sənətkarlıqla bağlı əmək alətlərini, Yamat-nur gölü (Hovirq stansiyasının 10 km) ətrafındakı yaşayış məskənində məişət ləvazimatları tapılmışdır.
Erkən neolitə cənubi Qobidəki komplekslərin bir çox abidələri sübutdur. İlk abidə Sulanqhere-obanın şimalına 4 km yaxın yerdə yerləşir. Burada ilk emalatxananın izləri aşkar edilmişdir: bir çox məişət əşyaları tapılmışdır. Əşyaların hazırlanma materialı əsasən müxtəlif rənglərdə – sarı, tünd qırmızı, qəhvəyi, ağ və mavi yəşəm (yaşma) daşıdır. Abidələrin yaşı, təxminən b.e.ə. IV–III minilliyə aid edilir. Sənətkarlar get-gedə təkmilləşərək məişətdə işlənən gil qablar hazırlığına bayşalırlar. Bu cür məskunlaşma yerləri və emalatxanalar, demək olar ki, ölkənin hər yerində yayılmağa başlayır. Lakin bu zaman bir cəhəti xüsusi qeyd etmək lazımdır ki, ölkə sakinlərinin yaşayış və fəaliyyətində yekcins həyat tərzi hökm sürmürdü: ölkənin bəzi rayonlarında təsərrüfatçı-yığıcılar, digərlərində isə, ovçular yaşayır və bu fəaliyyət sahələri ilə məşğul olurdular.
Arxeoloqların apardıqları tədqiqatlara əsasən Monqolustanın qədim abidələrini aşağıdakı təsnifat üzrə qruplaşdırmaq olar:
Adları qeyd olunan bu mənbələrin hər birində qədim monqol sənətinin incəliklərini bəyan edən məqamlar mühüm əhəmiyyət kəsb edir. Mağara və qaya təsvirlərindəki heroqliflər təkcə incəsənət amili kimi deyil, həm də qədim insanların ideologiyasının elementi kimi çıxış edirdi.
Monqolustan heroqlifləri, xüsusilə, çuluut işarələri bu ölkənin qədim sakinlərinin mifoloji təsəvvürlərinin müəyyən edilməsinə yardım edir. Çuluut heroqlifləri fraqmentar və sxematik olsa da, qədim insanların dünya, həyat mənbələri, ölüm və əbədilik, kainatda insanın yeri kimi təsəvvürləri ifadə edirdi.
Monqolustanın ən qədim dini ayinlərinə — anaya nəsilartıran varlıq kimi yanaşma aid idi. Qadın obrazı divar kompozisiyalarında özünüməxsus yer tuturdu. Xüsusilə, qadını təcəssüm etdirən heyvan təsvirlərinin qırmızı, kişinin qara rəngli ifadəsi rəmzi məna verirdi. Paleolitin heykəltəraşlıq təsvirlərində də qadın əlamətlərinin qabardılması qadın heykəllərinə misal idi. Təsvirlərdə qadının "barvermə" başlanğıcı daha üstünlük təşkil edir. Şimali Monqolustanın qayalıqlarında eneolit dövrünə aid qadın təsvirlərində bu incəliklərə "qədim həkkak"lar diqqət yetirmişlər. Qadın-şaman obrazları da nəzərdən qaçılmazdır. Təsvirlərdəki quş rəsmləri isə, əsasən insan ruhunun ifadəçisi kimi təzahür tapır. Dünyanın bir çox xalqlarının mifoloji təsəvvürlərində "insanın quşa çevrilməsi" kimi anlam qədim monqollara da doğma olduğundan, qəddar Ele ruhunun quş görkəmində pislik, bədbəxtlik gətirməsi, digər şər ruh — Adanın göyə qalxaraq insanları qorxutması, xəstəlik gətirməsi mövzuları etnoqrafik və folklor mənbələrində öz bədii əksini tapmışdı. Çox zaman isə quş xeyirxah əməllər rəmzi kimi də çıxış edirdi.
Qədim Monqolustan dinlərində totem anlayışında maral obrazı müstəsnalıq təşkil edirdi. Maral obrazı ilahiləşdirilərək şərəfinə xüsusi ayinlər həyata keçirilmişdi. Bu ayinin ən qədim izləri Monqolustanın bir çox əsrlər boyu çuluut müqəddəs yerlərindəki təsvirlərdə müşahidə olunur. Sonrakı tarixi mərhələlərdə ana maralın başındakı buynuz rəsmi ritual mahiyyət kəsb etməyə başlayır. Uzun illər maral buynuzundan rəqs maskaları, şaman baş geyimləri elementləri də bu totemdən miras qalmış məqamlardır. Folklorda maral obrazının populyarlığı bu günədək qalmaqdadır. Nqanasanlılarda hətta yer üzünün yaradıcısı məhz vəhşi dişi maral və dişi sığın olması haqqında əfsanə də vardır. Çuluut rəsmlərində nqonun obrazı – vəhşi maralın timsalında təzahür edir. Bu varlıq, həm ana, həm ata, "sahib" adını daşıyan hər bir kəs ola bilər. Kollektiv yaz mərasimlərində nqasanların hər birinin evində maralı boğaraq "pay" şəklində əcdadlara – ana Yerə qurban verirdilər. "Pay"ın verildiyi yer, çox güman ki, müqəddəs yer hesab olunurdu.
Şimali, Mərkəzi Asiyada olduğu kimi qədim Msiqo mifologiyasının mühüm personajlarından biri "böyük vəhşi heyvan" olan sığındır. Amur nanaylarının miflərində "sığın" anlayışı kainatın yaradıcısı kimi təcəssüm tapmışdır.
Monqolustanın şərqində neolit dövründən öküz dini ayini özünüməxsus yer tutmuşdur. Bir qədər sonralar bu, Monqolustanda məskunlaşmış tayfaların əcdad toteminə çevrildi. Xanqay dağlarındakı heroqliflərdə səma öküzləri və inəklərinin obrazları təsvir olunmuşdur. Çuluutda da eyni rəsmlərə rast gəlmək olur. Çuluutun eneolit dövrünü əhatə edən təsvirlərində kosmik rəmzlər (günəş və ay), səma öküzü və inəklərinə də üstünlük verilir. Təsvirlərin birində yuxarı – səma aləmi – öküz timsalında, orta – yer aləmi – qoyun, aşağı mərtəbədə isə
– yeraltı aləm ilanlar obrazında təsvir olunur. Bu rəsmlərdə ən maraqlı elementlər qadın antropomorf fiqurlardır. Təsvirlərdə heyvanların hissələrə bölünməsi, yaxud dərisinin soyulması məqamları qədim Monqol tayfalarında mövcud olan "qurban kəsmə" ayininə birbaşa sübutdur.
Monqolustan tunc dövründə heyvandarlığın, metallurgiyanın inkişafı ilə əlamətdardır. Buradakı mədəniyyət karasuk (bu ad Karasuk çayının sahilləri ilə bağlıdır) mədəniyyətinə, incəsənət isə karasuk üslubuna mənsub idi. Çoban tayfalarının ayrılması – əməyin bölgüsündəki ilk böyük ictimai hadisə idi. Bu, çoxsaylı sürülərin təşəkkülünə, sərvətin çoxalması nəticəsində mülkiyyət müdafiəsi üçün hərbçinin rolunun artırılmasına başlıca səbəb oldu.
Qeyd etdiyimiz kimi, Monqolustanda tunc dövrü Karasuk mədəniyyəti ilə bilavasitə bağlıdır. Bu mədəniyyət Qobi Ordos ərazisindən cənuba — Krasnoyarskın şimalınadək böyük bir məkanı əhatə edirdi. Göründüyü kimi, karasuk mədəniyyəti Mərkəzi Asiya və cənubi Sibirin qədim xalqlarını əhatə edir. Karasuk mədəniyyəti b.e.ə. II minilliyin ortalarından Asiyanın mərkəzində skiflərdən öncə geniş vüsət tapmış bir mədəniyyətdir. Lakin bu mədəniyyətin özündən əvvəlkilərdən fərqli xüsusiyyətləri, spesifik cəhətləri və əlamətləri olmuşdur ki, bu da tunc dövrü mədəniyyətini müstəqil şəkildə qavramağa imkan verir. Xüsusilə, tünc materialından məişət avadanlıqlarının hazırlanması sənətkarlıq aləmində mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Tunc bıçaqlar, xəncərlər, orijinal zinət əşyaları bu qəbildən olan sənətkarlıq nümunələridir. Qablar və dolçalar üzərindəki ornamentlər də bu mədəniyyətin elementlərindəndir.
Qədim Qərbi Monqolustanda maral daşları kimi tanınan sütunlar mədəniyyətin ən aparıcı sahələrindəndir. Bu daşlarda maral təsvirləri üstünlük təşkil edərək, xüsusilə hündür dağlarda qorunaraq saxlanırdı. Bunlar qranit, mərmər və ya bazaltdan monumental heykəltəraşlıq nümunələri olub, 2–5 metr hündürlükdə, üzəri yonulma təsvirlərlə bəzədilmiş abidədir. Bu abidələrin üzərinin b.e.ə. II minilliyə gedib çıxması haqqında da bəzi dəlillər mövcuddur ki, bu da Monqolustanın qərb vəşimal-qərbinə aiddir. Ölkənin şərqində maral daşları qəbir daşları kimi təcəssüm tapırsa, qərbdə onlar memarlıq kompleksi rolunu oynayır. Bu daşlar Monqolustan peyzajının əsas tərkib hissələrindəndir. Bu abidələrin təsviri və ümumiyyətlə, digər səciyyəvi məqamları haqqında uzun illər mübahisə və diskussiyalar getsə də, onlar haqda bəzi təsnifat və nəticələri də vermək olar. Məsələn, bu daşlardakı təsvirlərə görə onları 3 tipdə təsnif etmək olar:
Maral daşlarının özünəxas simvolika və semantikası mövcuddur. Bunların əsas rəmzi mənası əcdada – marala (daha sonralar — ata), günəşə, totemə həsrolunmadır.
Abidənin bir çox elementləri, ötən dövrlərdən ən maraqlı və unikal cəhətləri özündə əks etdirmişdir. Əgər abidələri təsvirlərə görə hissələrə bölsək, onda onun yuxarı təbəqəsinin bəzək hissəsi ilə səmaya doğru istiqamətləndiyinin şahidi olarıq ki, bu da göy cisimlərinə, bir növ Allaha xitab rəmzi kimi təsəvvür oyadır. Daşın mərkəzi hissəsi isə, maral və digər dırnaqlı heyvanların təsvirləri ilə örtülür ki, bu da Yer həyatının, rəmzidir. Nəhayət, aşağı təbəqə, yeraltı dünyanı simvolizə edən döyüş silahlarını təzahür etdirir. Göründüyü kimi, maral daşlarının hər üç təsvirinin vahid tərkibi "həyat" anlayışını, yəni doğulan gündən ölənə qədər – bütöv bir müddəti çoxmənalı və obrazlı, rəmzi şəkildə təsvir edir. Daşın özü nəsillərə həyat verən əcdada abidə rolunu oynayır.
Haqqında söhbət gedən ilk memarlıq mədəniyyəti Şimali və Qərbi Monqolustanı əhatə edən karasuk tayfalarına məxsusdur.
Qədim Monqolustan mədəniyyətinin əsas abidələrindən birini də, xüsusilə, ölkənin şərqində mövcud olan qəbirlər təşkil edir. Bu qəbirlərin əsas "mədəniyyət" obyekti olması qəbir daşları üzərindəki qədim insanların həyatını əks etdirən təsvirlər, basdırılan cəsədin yanında məişət, hərbi ləvazimatların olması və s. faktlarıdır. Məhz bu faktlar əsasında Monqolustanın qədim sənətinə aydınlıq gətirmək mümkündür. Ulanqom qəbiristanlığında dediklərimizi sübut edən onlarla mənbəyə rast gəlmək olar. Bu mənbələrdə monqol tayfalarının təsərrüfat, həyat tərzi, peşəkarlıq və sənətkarlığı haqqında da informasiya əldə etmək olur. Məsələn, qəbirlərə əsasən bilmək olar ki, qədim tayfalar heyvandarlıqla, xüsusilə, maldarlıqla məşğul olmuşdur. At, öküz, qoyun, keçi sümükləri qəbirlərdən tapılmış əsas dəlillərdir. Bu mənbələrə əsasən belə bir fərziyyəni dəqiqləşdirmək olar ki, Mərkəzi Asiya, o cümlədən Monqolustanda köçəri maldarlıq daha çox üstünlük təşkil etmişdir.
B.e.ə. I minilliyin ortalarında köçəri monqollar heyvanların 5 növündən – at, iri buynuzlu mal, keçi, dəvə və qoçdan istifadə etmişdir. Ovçuluqda qədim insanlar kiçik heyvanlar və quşlara ətinə görə, iri heyvanlara isə, ətlə yanaşı, dəri və xəzinə görə meyil edirdilər. Bu ov səhnələrinə Kobdo və Arxançay heroqliflərində rast gəlmək olar. Eyni rəsmlərə Çuluut təsvirlərində də rast gəlmək mümkündür.
Qədim monqol mədəniyyətində, məişətində qadın, ailə məsələləri önəmli yer tutan amillərdəndir. Aparılan unikal tədqiqat və axtarışlar, Ulanqom qəbiristanlığındakı qəbirlərdəki vəziyyət b.e.ə. I minilliyin ortalarında Qərbi Monqolustan cəmiyyətinin strukturu haqqında zəngin və dəyərli məlumat verir. Məsələn, I qəbirdə əldə olunanlara əsasən yetkin yaşlı qadının yanında 25–30 yaşlarında gənc oğlanın dəfni, yaşa görə onun oğlu olması ehtimalını verir.
II qəbirdə uşağın yanında iki nəfər yaşlı kişinin basdırıldığı bilinir. cənazələrin düzülüş istiqaməti də maraq doğurur: belə ki, bunlar ya sağ, ya da sol tərəfə doğru basdırılmışlar. Bütün bunlar sözsüz ki, qədim monqolların dəfnetmə mərasiminin də xüsusi qaydalara malik olduğunu göstərir.
Qədim Monqolustan mifoloji dünyagörüşündə Allah obrazlarında Ana Yer obrazı Etugen xeyir və şər başlanğıclarını tərənnüm edən və onlara vücudverəndir. Səma isə başqa vücuda – insana ruh verir. Varlığı yaradan Ana od məhsuldarlıq, uşaqların doğulması, illərin dəyişilməsi ilə əlaqədardır.
Qədim Monqolustan ayinlərini dərk etmək üçün od-ananın şərəfinə qurbanvermələrin keçirilmə prosesi əhəmiyyət kəsb edir. Bu ayinin mənşəyinin daha qədimlərə gedib çatması ehtimalı da var. Alman professoru V. Hayssiq qədim monqolların daş, qaya və dağlara olan mifik səcdəsinin kökünün daş dövrünə aid olması fərziyyəsini irəli sürür. Ona görə də uzun əsrlər monqol xalqında məhz daşda əcdadların ruhu olduğu ideyası qalmaqdadır.
Monqolustanın mədəniyyəti onun tarixi inkişafı, hadisələrin ardıcıllığı ilə tam əlaqəli olduğuna görə, bu sahədəki durum şəraitlə birbaşa eyni məzmun kəsb edirdi. E.ə. IV–III əsrlərdə artıq xüsusi mədəniyyət yaranır, mübadilə başlanır, tayfa ittifaqları meydana gəlir. İbtidai icma quruluşu dağılmağa başlayır, feodalizm münasibətləri formalaşır. Monqolustan ərazisində ilk tayfa ittifaqı – hunkuların ittifaqı yaranır. O, 300 il yaşadıqdan sonra ardınca Syanbi, cucaney, Kidan dövlətləri, Türk, Uyqur xanlıqları formalaşır. Vahid Monqol dövləti, yalnız XIII əsrə təsadüf edir. Bu dövlətə Temuçin başçılıq edir. 1206-cı ildə monqol xalqlarının qurultayında Temuçin Çingiz xan adı ilə "böyük xan" elan edildi. İstismar dairələrini genişləndirmək və digər ölkələrin sərvətlərini talan etmək yolu ilə varlanmağa cəhd göstərən feodalların mənafeyi naminə yaradılan hərbi-feodal dövləti tezliklə ilhaqçılıq və işğalçılıq müharibələrinə başladı.
Artıq orta əsrlərin başlanğıcında Monqolustanda şəhər tikintisi mədəniyyətin özünəməxsus inkişafında çox mühüm bir hadisəyə çevrildi. Əslində bu sahədə işin təşəkkülü, hələ vahid dövlət quruluşu yaranmazdan xeyli əvvəllərə təsadüf edir. Hələ VIII–IX əsrlərdə Uyğur xanlığı dövründə şəhər tikintisinə başlanılır. VIII əsrdə Ordubalıq xanlığının paytaxtı tikilir, hazırda bu yer Orxon-Hara-Balqasun adlandırılır. Burada xan sarayı, hərbi kazarmalar, ticarət köşkləri, sənətkar emalatxanaları yerləşmiş, Baybalıq şəhərini isə Ordubalıqdan bir qədər kənarda tikməklə monqollar onu mədəni mərkəzə çevirdilər.
Kidan hakimiyyəti çağlarında mənbələrin verdiyi məlumatlara əsasən sənətkarlıq və kənd təsərrüfatı inkişaf etməklə oturaq həyat tərzi başlıca yer tutmuş, bu isə şəhər və kəndlərin salınmağında ən başlıca amillərdən biri olmuşdu. Bu, xüsusilə aparılan arxeoloji qazıntılar zamanı əldə edilən tapıntılardan sübut olunur.
Vahid Monqol dövlətçiliyi epoxasında isə sənətkarlıq istehsalı, şəhər tikintisi, ticarət geniş vüsət tapdı.
Qədim Monqol şəhər tikintisi və memarlığının ən gözəl nümunəsi Monqol dövlətinin paytaxtı Orxon sahillərində yerləşən Qara-Qorum (Hara-Hori, Qara Qayalar şəhəri) idi. Monqol xanları bu şəhəri bütün kainatın mərkəzi kimi görmək niyyətində olduğundan burada zəngin binalar tikdirmişlər: 9 budda, 1 xristian məbədi və 2 məscid şəhəri bəzəyirdi. Onun tikintisinə 1220-ci ildə hələ Çingiz xanın dövründə başlanılmışdır. Şəhər özünün çiçəklənmə çağını Uqedey xanları hakimiyyətində yaşamışdı. Qara-Qorumda rəngarəng memarlıq üslubları təzahür olunurdu ki, bu da xarici ustaların, xüsusilə, qəsb edilmiş ölkələrdən sənətkarların cəlb olunmasını sübut edir. Lakin milli ənənəvi üslublar da inşaat-tikinti işlərində özünü təcəssüm etdirirdi. Bu şəhərdə ilk dəfə Avropa səfirləri sifətilə səyyahlar olmuş və təəssuratlarını yazılı şəkildə ifadə etmişlər. Fransız səfiri monax Qil (Vilhelm) Rubruk 1251-ci ildə Qara-Qorumu səyahət edərkən öz qeydlərində yazmışdır: "Şəhər gil divarlarla əhatələnmiş və dörd qapıya malikdir. Şərq qapısında buğda və taxıl satılır; qərb qapısında qoyun və keçi; cənub qapısında öküz, peyin, şimalda isə at satılır".
Qazıntı işləri zamanı əldə edilən məlumatlardan biri də rəngarəng bəzəklərlə müxtəlif qablar istehsal edən emalatxanaların olması haqqında faktlar mövcud idi.
Yuxarıda qeyd etdiyimiz kimi Qara-Qorumda müxtəlif dinlərə xas olan 12 sayda kilsənin olması faktı da əldə olunmuşdur. Xüsusilə budda dininə həsr olunmuş bina öz füsunkarlığı ilə seçilirdi. Bina 1256-cı ildə tikilmiş və 1311–1346-cı illərdə bərpa olunmuşdur. Daş lövhə üzərində "1346" rəqəminin yazılması kilsənin böyük Uqedey xanının dövrünə təsadüf etdiyini sübut edir. Qeyd etmək lazımdır ki, buddizm əvvəlki çağlarda da Monqol dövlətçiliyində xüsusi yer tutan dinlərdən biri olmuşdur. Şəhərin digər əzəmətli bəzəyi Uqedey adan xan sarayı idi. O, 1235-ci ildə inşa edilmişdi. Rəşid-ad-Dinin yazdığına görə, Uqedey xanı Qara-Qorumda gözəl bina tikmək əmrini verərək memarlardan bu sarayın çox əzəmətli olmasını tələb etmişdi. Saray əsasən böyük və möhtəşəm sütunlardan ibarət idi. Sarayı çox rəngli kirəmit dam örtüyü bəzəyirdi ki, bu da günəş şüaları altında gözü qamaşdırırdı. Sarayın daxili divarları çin sənətkarları tərəfindən təsvirlərlə bəzədilmişdi. Döşəmənin altı qızdırıcı sistemlə təchiz olunmuşdu. Sarayın mərkəzində tacqoyma məkanı tikilmişdi. Sarayın üç qapısı cənub tərəfə doğru istiqamətləndirilmişdi. Qapıların əks hissəsində Munke Xanın əsir düşmüş fransız ustası Vilhelm Buşyeyə sifariş verdiyi gümüş qapı yerləşdirilmişdi. Sarayın əlamətdar yerlərindən biri şir heykəllərinin ağzından kumıs içkisinin, ilan heykəllərinin ağzından isə südlü arağın fəvvarə vurması idi.
Quyukların hakimiyyəti çağlarında xanın yataq dəstini, möhürünü hazırlayan rus sənətkarı Kosma (Kuzma)da çalışırdı.
Çingiz xanın hakimiyyəti dövründə Monqolustan ərazisində şəhər-qalaların, qəsrlərin tikintisi çox böyük vüsət aldı ki, burada da monqollarla yanaşı, xaricilər də yaşayırdılar. Alınan məlumatlara görə, Tyan-Çcanhay (Çinçay) şəhər-qalasında Türküstandan 300 ticarətçi ailəsi, 300 çin toxucu ailəsi yaşayırdı. Bu şəhərin özü böyük ticarət və sənətkarlıq mərkəzlərindən biri idi. Burada 10 min adam yaşayırdı. 1223-cü ildə Monqolustana səyahət etmiş səyyah Çan Çunun verdiyi məlumata görə, Çinçay tez bir zamanda böyüyərək aparıcı şəhərlərdən birinə çevrildi və şəhərin kənarlarında torpaqla məşğulluq da üstünlük təşkil etməyə başladı. Yuan dövründə isə bu şəhər Monqolustan ölkəsinin qərbində ən aparıcı əkinçilik mərkəzlərindən birinə çevrildi.
Şimali Çində öz hakimiyyətini möhkəmlətmək məqsədilə monqol feodalları öz idarəetmə mərkəzlərini yaxşılaşdırmağı planlaşdıraraq 1255-ci ildə Munke-xan qardaşı Hubilaya Dolon-nora gölü ətrafında yeni şəhər tikilməsi haqqında əmr verdi. Kaytin şəhəri belə yarandı. Bir çox monqollar bu şəhəri Şandu-Balçasun (Şandu) adlandırdılar. Şəhərdə sənətkarlıq emalatxanaları, budda məbədləri, böyük bazarlar üstünlük təşkil etdi. Buradakı saraylar isə öz milli memarlıq üslubuna görə digərlərindən fərqlənib seçilirdi.
Hubilay-xan özünün dörd şəhər-qərargahını yaratmışdır: Xanbalqasun (Pekin), Şandu, Çahan-nore (Şandu və Daydu arasında), Lantin (Erçul çayının başlancığı mənbəyində). Hyan dövründə Monqol imperiyasının Rara-Roruma keçilməsi ilə əlaqədar şəhər əyalət şəhərinə çevrildi.
Şəhər tikintisi mədəniyyətində yaşayış evlərinin inşası da özünəməxsus yer tuturdu. Belə ki, monqolların öz həyat tərzinə görə əsas yaşayış tipi yurtlar hesab olunurdu. Dördkünc bina və evlərdən başqa, dairəvi formalı yurtlar da orta əsr mədəniyyətinin əsas nümunələrindən hesab olunur. Monqol yurtlarının (çer) bir çox növləri mövcud idi: ordo (urqoo) çer, şilte-sutey çer, ebesun nembule çer, barqosun çer, modın çer, çer luq, çer terçen və s. Hər bir yurtun da öz xüsusiyyəti mövcud idi. Məsələn, ordo (urqoo) çer – xanların yaşayışı üçün nəzərdə tutulan dairəvi formaya malik bir məkandır. O, söyüd budaqlarından hörülmüş, ağac dayaq sütunlarından qurulmuş, bayır səthi qızılla, içərisi pambıqla, möhkəm parça ilə örtülmüş formaya malik idi. Şilte isə şüşə və daşdan istifadə edilərək yurt formasına malik olan yaşayış məkanı tipidir. Belələrində xanın yaxın adamları – tanınmış şəxslər yaşayırdı. Çer-terçen yurtu isə araba üzərində daşınan evcikdir.
Kalmık alim və memarı D. B. Pyürveyevin təsnifatına əsasən öz funksional təyinatına görə yurtlar 4 növə bölünür: 1) xar-çer – qara yer deməkdir və o, ailənin yaşayışı üçün nəzərdə tutulur; 2) urqoo çer – xan, knyaznoyonların yaşayışı üçün; 3) tsaqon (ağ) çer – fəxri qonaq və yeni evlənənlərin qəbulu üçün; 4) xurlın (dua) çer isə ibadət üçün nəzərdə tutulurdu.
Memarlıqda saray və məbədlərin tikintisi xüsusi yer tuturdu. Onların ölçüsündəki dəyişmələr sarayın görkəminə təsir edən amillərdən biri idi. XIII əsrdə digər saraylar da tikilməyə başladı. Lakin onların ömrü uzun olmadı. Belə ki, XIV–XV əsrlərdə ölkədə gedən müharibələr bu dövrdə böyük həcmli tikililərin aparılmasında fasilə yaratdı. Paytaxt köçərilərin əlində oldu. Monumental memarlıq ölkədə XVI əsrin axırlarında vüsət tapmağa başladı ki, buna da əsas təkan verən amil buddizmin yayılması hadisəsi oldu. Bu, çoxsaylı dini məbədlərin inşasını sürətləndirdi. İlk böyük monastır Qara-Qorum yaxınlığında 1585-ci ildə Tibet nümunələrinə oxşar Erdeni-Dzu idi. Monastır 3 məbəddən ibarət olub, yüksək ağ, mərmər platforma üzərində tikilmiş, dam örtüyü isə kənarı yuxarı olan kirəmitlə örtülmüşdür. Digər monastır isə İh-Hure adlanaraq XVII əsrin abidəsinə çevrilmişdir. Hazırda o, paytaxt olan Ulan-Batorun tarixi görkəminin nişanəsidir.
Orta əsrlərdə Monqolustanda buddizmin yayılması ilə əlaqədar məbədlərin tikintisində interyerin heykəltəraşlıq nümunələri ilə bəzədilməsi əsas tərtibat elementinə çevrilmişdi. Budda ilahələrinin ağac, tunc, gil, kağız, qızıldan hazırlanması və parlaq boyalarla rənglənməsi mühüm yer tuturdu. Bu incəliklər məbədin işıqlanmasına şərait yaradırdı.
Monqolustanda tunc heykəltəraşlığının çiçəklənməsi XVII əsrə aiddir. Bu, monqol ruhanilərinin başçısı olan Dzanabadzaranın adı ilə bağlıdır. Yaşıl Tara adlı ilahənin (ruhların himayəçisi) şəfqəti onun formaca dəqiqlik və incəliklə işlənməsində, yonulmasında özünü göstərir. Gənc ilahənin şanagüllə çiçəyinin tağı ilə təsviri onun həqiqət, təmizlik, saflıq rəmzinin ifadəsidir. XVI əsrdə tikilən Abatay-xan sarayında 300 adam yerləşə bilərdi. Tsaqanhurada (Ağ monastır, 1647) 150-dən 200-ə qədər adam yerləşirdi. Göründüyü kimi, orta əsrlər monqol mədəniyyətində tikinti, inşaat işləri xüsusi əhəmiyyət kəsb edirdi. Orta əsrlərdə Monqolustan mədəniyyətində inkişaf edən sahələrdən biri də riyaziyyat elmi olmuşdur. Monqolların riyazi biliklərinin kökləri hələ lap qədimlərə, xüsusilə, onluq say sisteminin təşəkkülü çağlarına gedib çatır. Qədim monqolların ən ibtidai sadə say sistemi barmaq hesabından başlanmışdı. Məsələn, sağ və sol əlin baş barmağı 1 (10), nişan barmağı 2 (0), orta barmaq 3(9), dördüncü barmaq 4 (7), çəçələ barmaq isə, 5(6) rəqəmlərini ifadə edirdi.
Riyaziyyatın inkişafının lap erkən mərhələsində birinci onluq dini-mistik rəmzə malik idi. Bunlar qədim monqolların təsəvvüründə təkcə rəqəm deyil, həm də ətraf aləmin mahiyyətini ifadə edirdi. Rəqəmlər həyat hadisələrinin, şeylərin ekvivalentini əks etdirən fəlsəfi xarakter kəsb edirdi. Məsələn, monqolların təsəvvürlərinə görə "4" (dorov) – "okeanı", "15" (arven tav) – bədirlənmiş ayı, "32" (qruçin xoyer) "diş"ləri və s. ifadə edirdi. Bəzi hallarda rəqəmlər ulduz toplularını ifadə edirdi. Bürclərin adı da ulduzların toplusunu əks etdirən saya əsasən müəyyən olunurdu.
Monqolların riyazi biliklərində ölçü vahidləri də xüsusi yer tuturdu: Uzunluq ölçüləri – ald, delim, toxoy, xuruu; çəki ölçüsü – cin, lan, tsen; həcm ölçüsü – suulça, duu, şim; sahə ölçüsü – dorvolcin ald, uuden am; zaman ölçüsü – xonoq, tsaç, moç, xuv, çinluur, amsçal, eqşin, densen. Bu biliklər içərisində ən xırda ölçü vahidləri də mühüm yer tuturdu: məsələn, delnş xyalqas — at tükünün ölçüsündə olan 0,5 mm; tarianı orqon buğdanın diametri olan 3 mm; temeeni utasnı orqon — dəvə yunundan olan sapın ölçüsünü əks etdirən 3,2 mm göstərirdi.
XIII əsrdən başlayaraq Monqolustanda yazılı riyaziyyatın inkişafına təkan verildi. Bu, ilk növbədə vahid Monqol dövlətlərinin yaranması ilə əlaqədar ümummonqol yazısının üzə çıxmasına səbəb oldu. Yazılı riyaziyyatın vüsətinə dair mənbələrə isə yalnız XVII–XVIII əsrlərdə rast gəlinir. Bunlar aşağıdakılardır: "Qədim müdriklərin beşiyi" ("Merqed qaraxın oron"), "Çalışmaların həllinə dair tövsiyələr" ("Bodloqın usqmyq taylan yalçasan taylbar biçiq").
Aparılan tədqiqatlar sübut edir ki, Monqol riyaziyyatı Hind, Tibet, Çin, Orta Asiya ölkələrinin riyaziyyatı ilə sıx əlaqəli olub. Orta əsrlərdə monqol riyaziyyatının inkişafı XI–XVIII əsrlərdə Şizixutaha, Tatatunqa, Quuşinha, Myanhata kimi riyaziyyatçı alimlərin meydana çıxmasına səbəb oldu. Görkəmli riyaziyyatçı Myanhatanın "Riyazi qanunların detallı şəkildə işlənməsi", "Dairənin kəsişməsi ilə Pi-nin müəyyən edilməsinin qısa metodu" adlı elmi əsərləri göstərmək olar. İkinci əsərini riyaziyyatçı alim Ç. Nyutonun (1643–1727), C. Qreqorinin (1638–1675) riyazi tədqiqatlarını dərindən öyrəndikdən sonra yazmışdı.
53 cilddən ibarət olan "Riyazi qanunların detallı şəkildə işlənməsi" əsərini müəllif 1712-ci ildə yazmağa başlayaraq 10 ildən sonra – 1722-ci ildə yekunlaşdırmışdır. Əsərin I hissəsi (II–IV cild) "Həndəsənin başlanğıcı" adlandırılır. Bu hissədə Myanhat Evklid nəzəriyyəsini təkrarlayır. "Həndəsənin başlanğıcı" əsəri 12 fəsildən ibarətdir. Birinci fəsil 24 paraqrafı əhatə edərək bucaq, dairə, paralel xətlər, üçbucaq, dördbucaq, teoremlər və d. mövzulara aiddir.
Myanhat həm də astronomik əsərləri ilə məşhurdur. Onun bu sahədə ən məşhur əsəri "Təbiət hadisələrinin yoxlanılması və dərk edilməsi haqqında oçerklər" adlanır. Bu kitabda müəllif səma cisimləririnin hərəkəti, düzülüşü, Günəş və Ay sisteminin vəziyyəti, kainatın quruluşu haqqında elmi məlumat verir. O, Qərbi Avropanın məşhur alimləri Kopernik, Kepler, Tixo Braqenin heliosentrik nəzəriyyəsini rəhbər tutaraq öz fikirlərini əsaslandırmışdı. Bu elmi kitab Yaponiyada da məşhur idi. Belə ki, Kansenin məşhur yapon astronomik təqvimi Myan hatanın bu əsəri əsasında tərtib edilmişdi.
Orta əsrlərdə digər elmlərin inkişafı da özünəxas formada vüsət tapmaqda idi. Xüsusilə, monqol fəlsəfəsində dini təfəkkür buddizm üzərində vüsət etdi. Budda rahiblərinin fəlsəfi traktatları yayıldı. Bu qəbildən ilk əsər "Dərk edilənin izahı" adlanaraq XIII əsrdə Loda caltsan tərəfindən yazılmışdı. XVI–XVII əsrlərdə isə bu din lamanizm formasında rəsmi dövlət dini kimi ad qazandı.
Rocamba Sodnom Vancal məntiq və dialektikaya dair "Günəş ziyası" adlı dərslik yazdı. XVIII əsrin I yarısında Çan-Ça-Xu-tuq-tu "müdriklər lüğəti"ni tərtib etdi.
Orta əsrlərdə ədəbiyyatda dünya şöhrətli yeni-yeni bədii əsərlər yaranmağa başlayır: "Monqolların dəruni dastanı" (1240), Lubsan Dandzanın "Altun dastan"ı (XVII əsr), Saqan Setsenin "Sarı hekayət" dastanları belələrindəndir. Xüsusilə, orta əsrlər poeziyasının nümunələri XVII–XVIII əsrlərə aid salnamələrdə mühafizə olunmuşdur.
Monqol musiqisinə gəldikdə isə onu söyləmək lazımdır ki, incəsənətin pentatonikaya əsaslanan bu növündə mahnı, epik dastan və instrumental musiqi başlıca yer tuturdu. Mahnılar zəngin ornament, geniş diapozonlu, asta templi (urt duu) və sadə quruluşludur (bogino-duu). Epik dastanlar xurçi (xurçalan), uligerçi (dastançı), duuçi (solist müğənni), xoqcimçilərin (instrumentalist) yaradıcılığında təmsil olunurdu. Musiqi alətlərinə limba (fleyta növü), morinxur və xuçir, şaiz (simli), yooçin (simba) növü və s.
Monqolustan teatrının kökü də qədimlərə gedib çıxır. Belə ki, qədim rəqslərdə və məişət mərasimlərində – toy, məhsul bayramları və s. teatr ünsürləri formalaşır. Daha sonralar bunlar misteriya tamaşalarına, dünyəvi məzmunlu saray teatrlarına keçmişdi.
Mədəniyyətin qədim ənənələri müasir gündə də yaşamaqdadır. Qədim kökə əsaslanmış müasir monqol mədəniyyətinin bu gün inkişaf tendensiyası mövcuddur. Xüsusilə, Monqolustan Xalq Respublikası yarandıqdan sonra (1924-cü il) mədəniyyət xeyli inkişaf etməyə başladı. Monqolustanda kütləvi savadlanma məqsədilə dövlət xalq maarifi sistemi formalaşaraq ibtidai məktəbdə 3 il, natamam məktəbdə 8 il, tam orta məktəbdə isə 10 il təhsilə qərar verildi. Monqolustanın paytaxtı olan Ulan-Batorda Dövlət Kütləvi Kitabxana, Mərkəzi Uşaq kitabxanası və onlarla profilli kitabxana şəbəkəsi təşkil olundu. Təhsil və maarif sisteminin inkişafı monqol elminin dinamik yüksəlişi ilə müşahidə olunurdu. Artıq ötən əsrin 50–60-cı illərində Monqolustanda elmitədqiqat institutlarının sayı gündən-günə artaraq öz tədqiqat yeniliklərinə görə dünyada əhəmiyyət kəsb etdi. Hidrometereoloji tədqiqatları 60-dan artıq elmi laboratoriya və stansiyalar yerinə yetirir. Əsas elmi mərkəz isə MXR-nın EA-dır.
Monqolustan Xalq Respublikası yarandıqdan sonra incəsənətin bütün sahələrində — musiqi, teatr, memarlıq və kinoda yeniliklər baş verməyə başladı. 1960–1970-ci illərdə inşaatda sənaye üsulları geniş yayıldı. Təsviri sənəti inkişaf etdirən bir çox rəssamların — Yadamsurep, Senketsoxno, Damdinsurenin mövzu dairəsi xeyli genişləndi, yağlı boya ilə işləyən boyakarlar — Çaydoq, Seveqcav, Qava, Sultem, Amqalanın əsərləri dünya miqyasında tanındı.
1935-ci ildə Ulan-Batorda kinostudiya yaradılır, 1937-ci ildə "Dünyanın o başında" adlı ilk monqol bədii filmi çəkilir. Bunun ardınca bir çox kino əsərləri meydana gəlir: "Monqolustanın oğlu" (1936, rej. Ç. Trauberq), "Onun adı Suxe-Batordur" (1942, rej. A. Xarxi və Ç. Xeyfqts), "Səhra qəhrəmanları" (1945, rej. U. Taric) və s. filmləri sovet rejissorları ilə birgə lentə alınmışdı. Hazırda Ulan-Batorda fəaliyyət göstərən kinostudiya hər il onlarla müxtəlif mövzularda kino əsərləri lentə alır.
Bu gün Monqol mədəniyyətinin aparıcı sahələrindən birini təşkil edən musiqinin inkişafında burada 1964-cü ildən təşkil olunan Bəstəkarlar İttifaqı, 1972-ci ildə yaranan Dövlət Filarmoniyasının rolu böyükdür. 1963-cü ildən ayrıca bir qurum kimi fəaliyyət göstərən Dövlət Opera və Balet teatrında milli musiqili səhnə əsərləri ilə yanaşı dünya, avropa klassik və müasir əsərləri də tamaşaya qoyulur. Milli musiqinin görkəmli nümayəndələri S. Qonçiksumdı, B. Damdinsuren, L. Murdorc, D. Luvsaşnarava, E. Çoydoqanın yaratdıqları musiqi əsərləri dünya bəstəkarlıq məktəbində tanınmaqdadır. Monqolustanın paytaxtı Ulan-Batorda musiqinin inkişafı məqsədilə müxtəlif tipli musiqi məktəbləri və orta-ixtisas müəssisələri fəaliyyət göstərməkdədir.
Beləliklə, Monqol mədəniyyətinin tarixinə qısa ekskursiya belə bir təsəvvür yaradır ki, dünya mədəniyyətinin inkişafı axarında onun özünəməxsus yeri və rolu vardır. Bu mədəniyyət bütövlükdə monqol xalqının tarixi inkişaf xüsusiyyətlərinin məntiqi davamı olmuş və olmaqdadır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.