From Wikipedia, the free encyclopedia
Mona Lizanın Prado versiyası (isp. Mona Lisa del taller de Leonardo da Vinci) — Leonardo Da Vinçinin Luvr muzeyində saxlanan "Mona Liza" adlı portretinin Madriddəki Prado muzeyində saxlanan versiyasıdır. Portret Prado muzeyində 1819-cu ildən[2] nümayiş etdirilsə də, onillər ərzində əhəmiyyətsiz kopya hesab edilmişdir.[3] Lakin, 2012-ci ildə həyata keçiriən bərpa işlərindən sonra Prado Mona Lizasının Leonardonun məşhur şah əsərinin ən erkən versiyalarından biri olduğu elan edilmişdir.[4]
Mona Liza | ||
---|---|---|
isp. Mona Lisa del taller de Leonardo da Vinci | ||
| ||
Rəssam | Leonardo da Vinçinin emalatxanası | |
Tarixi | 1503-1516 | |
Üslubu | portret | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 76,3 sm[1] × 57 sm[1] | |
Materialı | yağlı boya[d] | |
Sifarişçi | Liza Gerardini | |
Saxlanıldığı yer | Prado muzeyi | |
İnventar nömrəsi | P000504 | |
Vikianbarda əlaqəli mediafayllar |
"Mona Liza"nın XVII–XVIII əsrlərə aid olan və dövrümüzə çatmış onlarla nüsxələrinin olmasına[4] baxmayaraq, Prado Mona Lizası elmi baxımdan tarixi əhəmiyyətə malik ən mühüm nüsxə hesab edilir.[5] Həmçinin müəyyən edilmişdir ki, Prado Mona Lizası Leonardonun öz əsərini işlədiyi vaxtda və onun studiyasında, tələbələrindən biri tərəfindən çəkilmişdir.[6] Leonardonun tələbələri arasında Salai və Françesko Melzi Prado Mona Lizasının mümkün müəllifləri arasında əsas namizədlər kimi qeyd edilsələr də, bəzi tədqiqatçılar əsərin müəllifinin Leonardonun ispan tələbələrindən biri olması ehtimalını da irəli sürmüşlər.[7]
Prado Mona Lizasının mənşəyi Leonardonun "Mona Liza"sı ilə eyni köklərə malikdir, çünki, onlar ehtimal ki, eyni studiyada və eyni vaxtda işlənmişlər.[3] Madriddəki Alkazar Mediodia Qalereyasının 1666-cı il invertarına aid olan sənəddə əsər haqqında ilk dəfə məlumat verilir və o, "Mujer de mano de Leonardo Abince" (Leonardonun əlli qadını) kimi qeyd edilir.[8] Lakin, əsərin İspaniya Kral Kolleksiyasına nə vaxt daxil olması bu günə kimi naməlum qalmaqdadır, lakin, XVII əsrin əvvəllərində portret artlq İspaniyada ola bilərdi.[9] 1819-cu ildə Prado muzeyinin yaradılmasından sonra əsər muzeyin kolleksiyasına verilməklə, daimi ekspozisiyaya əlavə edilmişdir.[2]
Restavrasiya işlərinin həyata keçirilməsindən əvvəl, əsər XVI əsrin əvvəllərinə aid anonim kopya kimi kataloqlaşdırılmışdı. Buna baxmayaraq, o, daima Rafael və Andrea del Sarto kimi İtaliya rəssamlarının əsərləri ilə bir zalda nümayiş etdirilirdi; portret həm də, anonim rəsmlər üçün qeyri-adi olan litoqrafiyaya malikdir.[10]
Prado versiyasını Luvrda sərgilənən "Mona Liza" portretindən fərqləndirən bir çox xırda detallar olmasına baxmayaraq, əsas fərq, restavrasiyadan əvvəl Prado versiyasında fon peyzajının görünməməsi idi. 2010–2012-ci illərdə Prado muzeyi tərəfindən həyata keçirilmiş bərpa işləri zamanı portreti təmizlənməsindən sonra onun da peyzaj hissəsi aşkara çıxarılmışdır.[11] Bərpanın başa çatmasından sonra, Luvr muzeyi 29 mart – 25 iyun 2012-ci ildə təşil edilmiş "Leonardonun son şah əsəri: Müqəddəs Anna" (ing. Leonardo's last masterpiece: The Sainte Anne) adlı sərgidə həmin versiyanın da sərgilənməsinə icazə verilməsini xahiş etmişdir.[12] Saralmış və dizlanmış lak təbəqəsi göstərmişdir ki, qara boya əsərə onun çəkilməsindən təxminən iki yüz il sonra, yəni 1750-ci illərdə əlavə edilmişdir.[13] Bərpa zamanı, əsər həm də infraqırmızı reflektoqrafiya və radioqrafiyanın köməkliyi ilə tədqiq edilmiş və müəyyənləşdirilmişdir ki, Prado versiyası Leonardonun "Mona Liza"sı ilə eyni studiyada və eyni vaxta çəkilmişdir.[4] Bu kəşfin "açarı" əsasında dərqli stildə olan və düzəlişlər edilmiş təsvir durur.[14]
Luvrdakı versiya ilə müqayisədə Prado versiyasının yaxşı vəziyyəti əsərin boyalarının saralıb rəngini itirməzdən əvvəl necə göründüyünü anlamağa imkan verir. Buna görə də, bu kəşflərin Leonardonun orijinal əsərini daha dərindən anlamağa kömək etdiyi güman edilir.[15]
Bərpa işlərindən əvvəl rəng çalarlarına görə əsər bəzən Flamand rəssamlığına aid edilirdi. Çünki, uzun müddət onu əhatə edən çərçivənin palıddan hazırlanması düşünülürdü. Lakin, restavrasiya zamanı müyyənləşdirilmişdir ki, əsərin çərçivəsi palıddan yox, qoz ağacından hazırlanmışdır və orta əsrlərdə belə bahalı material yalnız Leonardonun "Xanım sincab ilə", "Gözəl Ferronyera", "Vəftizçi İohann" kimi əsərləri üçün çərçivələrin hazırlanması məqsədi ilə istifadə edilirdi.[4]
Restavrasiya işlərindən sonra portretin müəllifinin Leoardonun iki məşhur tələbəsindən biri – Salai və ya Françesko Melzi – olması güman edilsə də[2][5], bəziləri bu fikirlə razılaşmayaraq, Prado Mona Lizasının Leonardonun ispan tələbələri Frenando Yanez de la Almedina və ya Hernando de los Llanis tərəfindən işləndiyini bildirmişlər.[16] Dəqiq və incə işlənmə xüsusiyyəti, həmçinin lyapis-lazur və qırmızı lak kimi nadir materialların istifadə edilməsinə görə, Prado Mona Lizasını adi studiya kopyası hesab etmək olmaz.[17]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.