Merilin Monronun filmoqrafiyası
From Wikipedia, the free encyclopedia
Merilin Monronun filmoqrafiyası — amerikalı kinoaktrisa Merilin Monronun çəkilmiş olduğu filmlər haqqında məlumatları özündə cəmləşdirir.
Monro 1945-ci ildə fotomodel karyerasına başlayıb,[1] 1946-cı ildə isə Fox kino şirkəti ilə bir illik müqavilə imzalayıb və bu şirkətin bir neçə az tanınan filmlərində epizodik rollarda görünüb.[2] O, özünün ilk baş rolunu 1948-ci ildə Columbia studiyasının az büdcəli müzikli olan "Xor qadınları" filmində oynayıb.[3] Bu film Monronun danışdığı, həm də oxuduğu ilk film olub.[4] 1949-cu ildə o, Marks qardaşlarının "Xoşbəxt məhəbbət" filminin reklam kompaniyasında iştirak etmiş və epizodik rol oynamışdır.[5]
1950-ci ildə "Asfalt cəngəllik" və "Yeva haqqında hər şey" filmləri ekranlara çıxdıqdan sonra, Monro tənqidçilərin diqqətini cəlb edib.[6] Bu epizodik rollardan sonra aktrisa 20th Century Fox kino şirkəti ilə, həftədə 750 dollar məvacib şərti ilə uzunmüddətli müqavilə imzalayıb. Bu müqavilədən sonra Monro ardıcıl olaraq orta səviyyəli komediyalarda "küt sarışın gözəlçə" rolunda çəkilib.[7] 1952-ci ildə o, özünün ilk nuar filmi olan "Qapını döymədən gəlmək olar" filmində baş rolu ifa edib,[8] sonra isə Keri Qrant və Cincer Rocers ilə birlikdə “Meymun biznesi” komediyasında çəkilib.[9] 1953-cü ildə Monro, Cozef Kotten və Cin Piterslə "Niaqara" nuar filmində çəkilib.[10] Bu rol aktrisanın karyerasında mühüm rol oynayıb. Sonralar aktrisa ardıcıl olaraq Loren Bekoll və Betti Qreybli ilə "Milyonçuya necə ərə getməli?" (1953),[11] Ceyn Rassel və Çarlz Kobern ilə “Centlmenlər sarışınlara üstünlük verir” (1953),[12] Robert Mitçem ilə “Dönülməz çay” (1954)[13] və sonralar çoxsaylı parodiya predmeti olacaq məşhur “ətəkqalxma” səhnəsini canlandırdığı "Yeddinci ilin həvəsi" (1955) filmlərində çəkilib.[14]
1956-cı ilin "Avtobus dayanacağı" filmində Monro karyerasında ilk dəfə dramatik rolda çıxış edib, bu roluna görə o, tənqidçilər tərəfindən müsbət rəylər alıb.[15] 1957-ci ildə Monronun öz şirkəti olan — Marilyn Monroe Productions — baş rollarda özünün və Lourens Olivyenin çəkildiyi "Şahzadə və rəqqasə" romantik filmini istehsal edib.[16] Bu filmə görə aktrisa David di Donatello adına kino mükafatına layiq görülüb.[17] Monronun çəkildiyi ən məşhur film və aktrisalıq karyerasının zirvəsi, 1959-cu il istehsalı olan, baş rollarında Cek Lemmon və Toni Körtisin də çəkilmiş olduğu "Bəziləri isti sevir" (sovet prokatında "Cazda yalnız qızlardır") filmi olub.[18] Bu filmdə Merilin "I wanna be loved by you" kompozisiyasını ifa edib, tənqidçi Rocer Ebert qeyd edib ki, bu mahnı ekranda seksuallığın himnidir.[19][20] Film aktrisaya "komediya və ya müzikl filmində ən yaxşı qadın roluna görə" nominasiyasında "Qızıl qlobus" mükafatını qazandırıb.[21][22][23] Monronun çəkildiyi növbəti iki film, İv Montan və Toni Rendalla "Sevişək" (1960) və Klark Qeybl və Montqomeri Kliftlə “Talesizlər" (1961) nə tamaşaçılar, nə də tənqidçilər tərəfindən uğurla qarşılanmayıb.[9]
Monronun çəkildiyi sonuncu film 1962-ci il istehsalı olan "Nəsə olacaq" filmi olub. Filmin çəkilişləri, istehsalçı studiya və aktrisa arasında münasibətlərin kəsilməsi ilə yekunlaşıb.[24] Film 1963-cü ildə Monronun faciəli ölümündən sonra, baş rolları Doris Dey və Ceyms Harner ifa etməklə tamamilə yenidən çəkilib.[25] 2001-ci ildə əvvəllər çəkilmiş material əsasında Monronun ad gününə hazırlanmış 37 dəqiqəlik kinolent montaj edilib.[26][27]
- "Xor qadınları" (1948)
- "Niaqara" (1953)
- “Centlmenlər sarışınlara üstünlük verir” (1953)
- "Yeddinci ilin həvəsi" (1955)
- "Bəziləri isti sevir" (1959)