From Wikipedia, the free encyclopedia
Marksist kriminologiyası Karl Marksın idealarından yaranan və davamçıları tərəfindən inkişaf etdirilən kriminoloji nəzəriyədir. Bu nəzəriyyəni digərlərindən fərqləndirən başlıca cəhətlər onun kapitalist sistemini bütövlükdə cinayətkar sistem adlandırması və əsasən güclü təbəqənin cinayətlərinə fikir verməsidir. Kriminologiya və sosiologiya yaranandan bəri bütün nəzəriyyələr yalnız küçə cinayətlərini tədqiq edirdi. Lakin, 1949-cu ildə Amerikan *Edwin Sutherland güclü təbəqənin cinayətlərini tədqiq edərək bu elmdə yeni bir yolun fundamentini qoydu. Ancaq, Sutherland-a kimi Karl Marks qeyri-bərabərlik üzərində qurulan kapitalist sistemində güclülərin cinayətkar olduğu halda cəzalandırılmadığını qələmə almışdır. Baxmayaraq ki Marksın özü cinayət mövzuzu barədə elə də dərindən yazmayıb, onun davamçıları olan Willem Bonger, Taylor və onun yoldaşları və Bill Chambliss kimi tanınmış şəxslər onun idealarını genişləndirib və günümüzün aktual məsələlərindən olan korporat cinayət, dövlət cinayəti və hegemon təbəqənin cinayətini dərindən araşdırmışlar.
Tarixən, statistik göstəricilər yalnız küçə cinayətləri olan təcavüz, oğurluq, qətl və vandalizm kimi aktları qeydə alıblar. Nəticədə də ortaya birtərəfli və olduqca subyektiv göstəricilər ortaya çıxırdı. Sanki cinayət deyilən məfhum imkanlı təbəqəyə uzaq bir məfhum idi. Buna görə də Marks və onun tərəfdarları statistik göstəriciləri hakim sinfin idarəetmə alətlərindən biri olaraq görürdülər. Statistik göstəricilər xalqın ideologiyasının formalaşmasında birbaşa iştirak edir, və orada yalnız "gücsüzlərin" cinayətlərinin əks olunması ictimaiyyətdə cinayət barədə birtərəfli fikir yaradır. Bu da o deməkdir ki xalq kapitalistləri və dövləti cinayətkar kimi yox, cinayətə qarşı mübarizə aparan qüvvə olaraq görür. Lakin, *Edwin Sutherland-in sayəsində statistik göstəricilər də yavaş-yavaş dəyişməyə başladı. Artıq müasir dövrdə sosioloqların və kriminoloqların apardıqları intensiv araşdırmalar nəticəsində bizlər korporat və yüksək vəzifəli məmurların cinayətləri barədə məlumatlana bilirik. Lakin, hələ də yüksək təbəqənin etdiyi cinayətlərin tam həcmini müəyyən etmək qeyri-mümkündür. Səbəb isə bu tip cinayəti törədənlərin cinayətlərini gizlədə bilməsi və eyni zamanda dövlətlə əlbir olmasıdır. Nəzərə alsaq ki cinayət statistikasını dövlət qurumları hazırlayır və cinayəti o qurumlar aşkar edir, nəyə görə statistik məlumatlarda güclülərin cinayətinə çox az hallarda, hətta heç rast gəlməməyimiz təəccüblü deyil.
Bu mövzuda Marksın özü yox, neo-kriminooqlar ətraflı şəkildə yazıblar. Taylor, Young and Walter üçlüyü bu sahənin əsasını qoyan şəxslər sayılır. Onların fikirlərinə görə, küçə cinayəti kapitalistlərin yaratdığı qeyri-bərabərsizliyə görə baş verir. Bu bərabərsizlikdən əziyyət çəkənlər cinayət törədərək üsyan edirlər. Eyni zamanda isə, cinayəti həyatda qalmaq üçün də törədirlər. Kapitalist cəmiyyətinin dəyərləri də küçə cinayətində rol oynayır. *Robert Merton qeyd etmişdir ki, bu tip cəmiyyətlərdə maddiyyət ən yüksək dəyəri olan obyektdir, və sahibinə güc və nüfuz verir. Nə qədər çox maddiyyətin varsa, bir o qədər güclüsən. Lakin, burada bir nüans qeyd edilməlidir. Greenberg (1982) düzgün şəkildə qeyd edir ki, maddiyyətə bu qədər önəm verilməsi lazımsız, yalan ehtiyaclar və sonsuz iştaha yaradır. Nəticədə, küçə cinayətlərinin bir qismi də sırf maddiyyətin çoxaldılması niyyəti ilə baş verir. Kapitalizmin qəti əleyhidarı olan Karl Marks bu sistemin başdan ayağa cinayətdən ibarət olduğunu qeyd edib. Bu cinayət maddiyyəti qeyri-bərabər bölmək və işçi sinfini istismar etməkdən ibarətdir. Qeyri-bərabər maddiyyət bölgüsü qaçınılmaz olaraq gücün də qeyri-bərabər paylanmasına səbəb olur. Kapitalizmdə pul güc, nüfuz və təsir mənbəyi sayıldığından pulu olan şəxslər cəmiyyətdə daha güclü mövqeyə sahib olur, və beləcə öz maraqlarını qorumaq üçün müxtəlif üsullara əl atırlar. Bu üsullardan biri də qanunu öz xeyrinə olan formada yazmaq və tətbiq etməkdir. Güc hökumət və onunla sıx əlaqədə olan kapitalistlərdə olduğundan, onlar öz maraqlarına uyğun qanunlar yazır və o qanunları, *Howard Becker-in dediyi kimi, tamamilə subyektiv və ədalətsiz formada tətbiq edirlər. Məsəlçün, kapitalistlərin özləri müxtəlif cür cinayətlərə əl atsalar da, onların yalnız cüzi bir qismi cəzalanır, lakin, onların mülkünə ziyan verən bir sadə şəxs ağır cəzaya məruz qalır. Snider (2000) qeyd edir ki, bir çox ölkənin əmlak qanununa baxsaq görərik ki onlar pozulduğu ağır cəzalar tətbiq olunur, lakin, ətraf mühitlə bağlı qanunlarda vəziyyət fərqlidir. Belə ki, ətraf mühit qanunları pozulduğu halda yüngül cəza verilir. Eyni zamanda, onlar gündəlik olaraq kapitalistlər tərəfindən pozulsa da bunu törədənlər cəzasız qalırlar. Tombs və Whyte (2007) apardıqları araşdırmalar nəticəsində maraqlı bir tapıntı əldə ediblər. Belə ki, tədqiq etdikləri yüksək təbəqənin törətdiyi cinayət hallarında onlara verilən maddi cəzanın ortalama £15-45.000 dəyərində olub. Cinayətkarların maddi gücünü nəzərə alsaq, bu rəqəm onların bir neçə saatda qazandığı puldur, və bununla onları qorxutmaq mümkün deyil.
Bu cinayətlərə təşkilat, korporasiya, biznes şirkəti və dövlət, yaxud bunların birlikdə gördükləri işlər aiddir. Süni qiymət artımı, ağır qanun pozuntusu, fırıldaqçılıq, külli miqdarda pulun mənimsənilməsi, təhlükəsizlik və sağlamlıq qaydalarının pozulması, ətraf mühitə külli miqdarda ziyan, müharibə və digər növ hallar bu kateqoriyaya düşür. Marksistlərə görə bu növ cinayət kapitalizmin qaçınılmaz tərəflərindən biridir. Buna əsas səbəblər kapitalizmin daim insanlar arasında ifrat dərəcədə rəqabət yaratması və dövlətlə biznes şirkətlərinin yaxın əlaqələridir Friedrichs (2010). Maddiyyətə hədsiz dərəcədə önəm verildiyi kapitalist quruluşunda hətta ən imkanlı korporasiyalar da, dövlətlər də cinayətə əl atırlar, çünki onlar arasında sonsuz materialist rəqabət var. Greenberg (1982) dediyi kimi, bu ifrat rəqabət insanlar arasında lazımsız ehtiyaclar yaradır. Lakin, bu mühit korporat cinayətin törədilməsinə təkcə səbəb ola bilməz. Korporat cinayəti edəcək qurum bunun nəticəsini hesablayır, və yalnız anlayanda ki edəcəyi cinayətin qarşılığında ağır cəza görməyəcək, o, məqsədini reallaşdırır. Həqiqətən də cəzaların ədalətsiz olduğunu və qanunların ayrı-seçkiliklə tətbiq olunduğunu baş vermiş korporat cinayətlərinə nəzər yetirməklə görə bilərik. Məsəlçün, 2008-ci ildə baş verən iqtisadi böhranda bir çox məşhur bankın əli olduğu halda, o bankların heç biri cəzalandırılmadı. Əksinə, dövlət tərəfindən külli miqdarda yardım alaraq ayaqda qala bildilər. Lakin, minlərlə insan müxtəlif formada maddi zərər aldı. Digər bir nümunə olaraq 20-ci əsrin ortalarında dərman sənayesində baş vermiş dəhşətli korporat cinayətini göstərə bilərik. Alman şirkətlərindən biri *thalidomide tərkibli dərman istehsal etməyə başlayır. Dərman insanlara əsəb və həyəcan kimi hisslərin azaldılmasında kömək etməli idi, lakin, qısa müddət sonra ortaya faciəli mənzərə çıxdı. Dərmanı qəbul edən hamilə qadınlar fiziki qüsurlu uşaqlar dünyaya gətirdi. Səbəb açıq-aşkar dərmanın tərkibində olsa da, şirkətin heç bir yüksək vəzifəli nümayəndəsi dəmir barmaqlıqlar arxasına göndərilmədi, baxmayaraq ki şirkət zərərçəkmişlərə kompensasiya ödədi. Bu cür cinayətlərə nümunələr saysız hesabsızdır, lakin, onlara verilən cəzalar olduqca yüngüldür. Bu da Marksizm cərəyanının üzvlərinin dediklərinə haqq qazandırır. Bu problemin yalnız daha ədalətli və bərabər cəmiyyət qurmaqla həll oluna biləcəyini irəli sürən Marksistlər bizlərin kriminologiya mövzusuna olan baxışımızı genişləndirməyə bacardılar. Artıq cinayətlərə sadəcə kasıb təbəqənin etdiyi bir fenomen kimi yox, eyni zamanda böyük təbəqənin də daim törətdiyi bir fəaliyyət kimi baxa bilirik.
İlkin baxışda nəzərə çarpmasa da, bu tip cinayətlərin nəticəsi hər bir mənada küçə cinayətindən ağırdır. Birləşmiş Ştatlar və Böyük Britaniyada, korporat cinayətlərin maddi ziyani $100 milyardlarla ölçüldüyü halda küçə cinayətlərinin zərəri sadəcə $10–15 milyard ətrafındadır. Ətraf mühitə vurulan ziyan cəhətdən də vəziyyət olduqca gərgindir. Nüvə istehsalı prosesi zamanı korporasiyalar ətraf mühitə hər gün külli miqdarda zərərli tullantılar buraxırlar. Rusiyanın meşələrlə zəngin olan bölgələrində qara bazarın nüfuzlu nümayəndələri tərəfindən günaşırı qanunsuz ağac kəsmə əməliyyatları aparılır. Hindistanda Koka-Kola öz fabriklərinə gərək olan su ehtiyacını kənd camaatı üçün nəzərdə tutulmuş yeraltı su yataqlarından götürür, və nəticədə, quraqlığın yaranmasında rol oynayır. Korporat və dövlət-korporat cinayətlərin mənəvi və mücərrəd ziyanları da böyükdür. Böyük cinayətkarların cəzalandırılmadığını görən ictimaiyyətin həm dövlətə qarşı, həm də cinayətkar korporasiyalara inamı azalır. Bu növ cinayət hallarının geniş vüsət aldığı ölkələrdə rüşvət da yayılır, çünki pulla hər bir məsələni həll etməyin mümkünlüyünü görənlər rüşvətə əl atır.
Həm Marksistlər, həm də bəzi qeyri-Marksistlər (məsəlçün Frankfurt məktəbinin liderləri *Adorno və *Horkheimer) medianın burjuaziya sinfinin ideoloji aləti olduğunu iddia edirlər. Media superstrukturun bir hissəsidir və əsas vəzifəsi əslində hegemon sinfin ömrünü uzatmaqdır. Bunu isə yalnız bir şəkildə etmək olar; reallığı gizlətmək və kütlənin başını yalan məlumatlarla qatmaq. Cinayətin media tərəfindən işıqlandırılması prosesi Marksistlərə görə tamamilə subyektivdir, çünki medianın sahibi kapitalistlərdir, və təbii ki onlar da öz media vasitələri ilə özlərinə qarşı heç bir propaqanda aparmazlar. Gündəlik cinayət haqqındakı verilişlər demək olar yalnız aşağı dərəcəli cinayətlər haqqında danışır. Bəzi hallarda isə kiçik bir cinayət media tərəfindən elə dərəcədə böyüdülür ki sanki o cinayətin təsiri korporat cinayətdən daha da böyükdür. Bütün bu addımlar kapitalist və elit təbəqənin öz mövqeyini gücləndirməsinə hesablanıb (Adorno və Horkheimer 1944).
Mediadan savayı polis və məhkəmə sistemi də cinayət məsələsinə subyektiv yanaşır. Bu iki institut əsasən maddi cəhətdən aşağı olanların etdikləri cinayəti üzə çıxartmaqla və zəif cinayətkarları yaxalamaqla məşquldur. Lakin, çox az saylı hallarda yüksək təbəqənin cinayətkar nümayəndələri də məsuliyyətə cəlb olunurlar, ancaq, Marksistlər bunun sadəcə bir illüziya olduğunu iddia edirlər, çünki bu tip cinayətkarları cəzalandırmaqla dövlət xalqın gözündə elə bir təfərrüat yaratmaq istəyir ki, sanki hər kəs qanun qarşısında eynidir və kimliyindən asılı olmayaraq cəzalandırıla bilər. Halbuki, reallıq tamamilə fərqlidir. Kramer və Michalowski (2006) dövlət-korporat cinayətinə dair apardıqları genişmiqyaslı araşdırmada çox maraqlı bir nüansı kəşf ediblər. 20-ci əsrin ortalarından fəaliyyət göstərən və ətraf mühitə hədsiz dərəcədə ziyan vuran nüvə istehsal edən amerikan korporasiyalarının heç biri cəzalandırılmadığı halda, yalnız maddi cəhətdən zəif olan Rockwell korporasiyası cəzaya məhkum edilib.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.