Macar turançılığı
From Wikipedia, the free encyclopedia
Macar turançılığı (mac. Turánizmus/Turanizmus) macar tarixi və xalqı ilə Orta Asiya, Mərkəzi Asiya və ya Ural bölgəsinin tarixi və xalqlarının eyniləşdirilməsi yaxud əlaqasini əhatə edən qarışıq fenomendir. Bu, özündə çoxlu fərqli konsepsiyaları birləşdirir və bir çox siyasi hərəkatlar üçün aparıcı prinsip rolunu oynamışdır. XIX əsrin ikinci və XX əsrin birinci yarısı ən fəal vaxtı idi. Bu, turançılıq konsepsiyası ilə əlaqəlidir.
Macar zadəgan tarixi ənənəsi türk xalqlarını macarların ən yaxın qohumu hesab edirdi.[1] Bu ənənə XIII əsrə aid olan orta əsr salnamələrində (məsələn, İohan de Turok tərəfindən yazılmış Gesta Hungarorum [2] və Gesta Hunnorum et Hungarorum[3] Macarıstanın İllüstrasiyalı Xronikası və Macarıstan salnaməsi) qorunub saxlanmışdır. Macarıstan salnaməsinə əsasən macarlar hunların nəslindəndir. Onlar İskitin Asiya hissələrindən gəlmiş, türklər də bu iskit mənşəyini onlarla bölüşmüşdür. Bu ənənə Macarıstanda və xaricdə XVIII əsrdə başlayan macar xalqları etnogenezinin elmi tədqiqatlarının başlanğıc nöqtəsi rolunu oynamışdır. Sandor Koroyşi Çoma (ilk tibet-ingilis lüğətinin müəllifi) Türküstanda uyğurlar arasında maqyarlardan olan bir kəs tapa biləcəyinə dair bir inamla Asiyaya səyahət etmişdir.[4] Karpat hövzəsinin Macarıstanı fəth etməsindən əvvəl macarlar yarı köçəri idi [5] və mədəniyyətləri digər çöl xalqlarınınkına bənzəyirdi. Əksər alimlər Ural bölgəsini qədim macar işğalçılarının vətəni hesab edirlər (əsasən geneoloji dilçilik zəminlərinə və fəth dövründən qalan qəbirlərdə tapılmış, məhdud sayda olan qədim skeletlər üzərində aparılan genetik tədqiqatlara əsaslanaraq [6]).
İlk macar tayfaları Avrasiya meşələrinin çöllük ərazisində yaşamışdır.[7] Buna görə də, macarların bu qədim əcdadları və atçılıqla məşğul olan digər köçəri xalqlar ilə əlaqələri tədqiqat mövzusu olmuşdur və hələ də belə qalmaqdadır.[8]
Turançılıq elmi bir hərəkat olaraq, Macarıstan tarixi və mədəniyyəti kontekstində Asiya mədəniyyətlərini araşdırmaqla məşğul idi. Bu, əvvəlcədən eyni fikirləri bölüşmüş (yəni macarların Asiya mənşəli və Asiya xalqları ilə qohumluğu) və sonda eyni və ya çox oxşar nəticələrə gəlmiş bir çox alim tərəfindən təcəssüm və təmsil edilmişdir. Turançılıq macar ictimai elmlərinin, xüsusən dilçilik, arxeologiya və şərqşünaslığın inkişafında hərəkətverici qüvvə olmuşdur. Siyasi turançılıq XIX əsrdə ölkədə böyük etnik alman və slavyan əhalisi olduğuna görə Macarıstan dövləti tərəfindən millət və dövlət üçün çox təhlükəli sayılan pan-almanizm və pan-slavizmin artan təsirinə cavab olaraq yaranmışdır.[1] Bu siyasi ideologiya öz başlanğıcını pan-turanizm ideologiyasını, yəni Ural-Altay xalqlarının irqi birliyinə və gələcək böyüklüyünə inamı müdafiə edən fin millətçisi və dilçisi Matias Aleksandr Kastrenin əsərindən götürmüşdür. O, finlərin Orta Asiyada meydana gəldiyini, kiçik, təcrid olunmuş bir xalq olmadığını, maqyarlar, türklər, monqollar və s. kimi xalqları özündə birləşdirən daha böyük bir cəmiyyətin bir hissəsi olduğu qənaətinə gəldi.[9] Siyasi turançılıq macarlarla türklər, monqollar, farslar və s. kimi Qafqaz, Daxili və Orta Asiya xalqları arasında ortaq əcdad və mədəni yaxınlığın vacibliyini vurğulayan romantik bir millətçi hərəkat idi. Bu, ortaq mənafelərin təmin edilməsi, inkişaf etdirilməsi üçün və Avropanın böyük güclərinin siyasətinin yaratdığı təhdidlərə qarşı bir vasitə olaraq, onlar ilə Macarıstan arasında daha sıx əməkdaşlığa və siyasi ittifaqa çağırış idi. “Turan qardaşlığı və əməkdaşlığı"” ideyası pan-slavyan “Slavyan qardaşlığı və əməkdaşlığı” konsepsiyasından götürülmüşdür.
Siyasi turançılıq Birinci Dünya müharibəsindən sonra etnik millətçi təbiətinə görə Macarıstanın sağçı ideologiyalarının formalaşmasında rol oynadı,[10][11] yəhudilər əleyhinə fikirlər səsləndirməyə başladı və “vahid macar irqinin varlığı və üstünlüyünü” göstərməyə çalışdı.[12] Buna baxmayaraq, Endryu C. Canson turançılığın ifrat sağçı ideologiyaların müharibələrarası inkişafındakı rolunun əhəmiyyətsiz olduğunu iddia edir. İkinci dünya müharibəsindən sonrakı kommunist dövründə turançılıq xüsusi faşist ideologiyası kimi təsvir olunmuş və təhqir edilmişdir. 1989-cu ildə kommunizmin süqutundan bəri turançılığa olan maraq artmaqdadır.