Mərakeş rabitəsi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Mərakeş- Şimal-Qərbi Afrikada dövlət .Əlcəzair və Qərbi Böyük Səhra ilə həmsərhəddir. Aralıq dənizi və Atlantik okeanı ilə əhatələnir. Paytaxtı Rabat şəhəridir. Dağlıq ölkədir.Əhalisinin 99%-i mərakeşlilərdir, lakin fransız, ispan və digər xalqların nümayəndələri də burada yaşayır.
Bir sıra Afrika ölkələri kimi Mərakeş də son illərdə yüksək texnologiyanı inkişaf etdirən dövlət olduğunu sübut etmək üçün siyasət irəli sürdü. Ölkədə 1997-ci ildə keçirilən seçkidən sonra informatizasiyanın dünya iqtisadiyyatına inteqrasiyası təsdiq edildi. Bu da informasiya texnologiyaları sektorunun Mərakeşin siyasi və iqtisadi həyatında vacib amil olduğunu göstərir. Ölkə rəhbərliyinin səyi nəticəsində 1997-ci ildə Mərakeşi rəqəmli əsrə aparacaq bir orqan işıq üzü gördü. Bu, Poçt və İnformasiya Texnologiyaları Nazirliyidir. Əhalinin tələbatına tam cavab verilməsi üçün informasiya texnologiyaları üzrə xidmət və məhsulların təkmilləşdirilməsi məqsədilə dövlət tərəfindən bir sıra layihələr irəli sürülməyə başlandı. Ölkə rəhbərliyi informasiya texnologiyaları sahəsinin böyük potensiala malik olacağını zənn edərək sahəyə investisiyalar buraxdı.
Nəhayət Mərakeşdə elektron hökumət layihəsi irəli sürüldü. Mərakeşin qlobal informasiya cəmiyyətinə qoşulması üçün hökumət tərəfindən 2001-ci ildə "Elektron Mərakeş" milli dövlət strategiyası həyata keçirilməyə başlandı. Strategiyada təhsildə verilənlərin ötürülməsi üçün sürətli milli şəbəkənin təşkili, elektron kommersiya, e-dövlət, tədris, inzibati, iqtisadi və digər sahələrdə informasiya texnologiyalarının tətbiqi əsas yer tutur. Ölkə rəhbərliyi İT infrastrukturunun təkmilləşdirilməsi məqsədilə işgüzar mühit yaratmışdır. Bu mühitin yaradılması üçün ixtisaslaşmış mütəxəssislərə ehtiyac var idi. Bu məqsədlə ölkə rəhbərliyi tədris proqramlarının həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayırmış və bu addım yaxşı nəticə vermişdir. Tədris müəssisələri internet və digər multimedia avadanlıqları ilə təchiz olundu.
Ölkədə texnoparklar da mövcuddur. Kasablankada yerləşən texnoparkı xüsusi qeyd etmək lazımdır. Kasablankada yerləşən park 90 İT şirkətinə malikdir. Parka ABŞ, Fransa və Cənubi Koreya kimi ölkələr investisiya buraxmışlar. Digər 2 parkın ərsəyə gəlməsi ilə bağlı işlər aparılır.
İnformasiya texnologiyaları sahəsi üzrə aparılan layihələrdən biri də kompüterləşmə və proqram təminatı məsələsidir. Mərakeş proqram təminatı istehsal edən Afrika ölkələrindən biridir. Ölkədə ilk kompüter 1957-ci ildə ölkə müstəqillik əldə etdikdən sonra meydana çıxdı. İnformasiya inqilabı 1980-cı ildə tədris və maliyyə sektorlarında baş verdi. Getdikcə kompüter texnologiyası istifadəçilərinin sayı artmağa başladı ki, bu da informasiya texnologiyalarına olan marağın artmasını bildirir. Ölkə rəhbərliyi əhalinin informasiya cəmiyyətinin fəal üzvü olduğunu aşkar etdiyi üçün kompüterləşmə ilə əlaqədar bir sıra layihələr irəli sürdü. Aparılan siyasət sayəsində sahə üzrə Mərakeş bazarı 2005-ci ildə Afrika ölkələri arasında 3-cü, ərəb dünyasında isə 5-ci yeri tutmuşdur.
Kompüterləşmə əhalinin elektron kommersiya xidmətindən geniş istifadəsinə şərait yaradır. Elektron ticarətin aparılması üçün bir çox xidmətlər mövcuddur. Hətta banklar belə bu xidmətdən istifadə edir. Hökumət elektron kommersiyanın inkişaf etdrilməsini dəstəkləyir. Mərakeş Poçt və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən İT və elektron kommersiyanın tənzimlənməsi və sahədə hüquqi aspektlərin tətbiqi ilə əlaqədar komissiya yaradılmışdır. Ümumiyyətlə, internet və elektron ticarət ölkədə fəaliyyət göstərən şirkətlərə gəlir gətirən iqtisadi artım şəraitini yaradır. Mərakeşdə elə sahələr var ki, onlar fəaliyyətlərini məhz elektron kommersiya üzərində qurur və onun vasitəsilə işgüzar mühitə çıxırlar. Mərakeşdə elektron kommersiya xidməti turizm sahəsində daha geniş yayılmışdır.
Ölkəni rəqəmli əsrə aparacaq layihələrin irəli sürülməsi telekommunikasiya sahəsində struktur dəyişikliklərinin aparılması ilə nəticələndi. Beləliklə, Mərakeşdə telekommunikasiya infrastrukturu təkmilləşdi və xidmət keyfiyyəti artdı. Mərakeşin həqiqətən də müasir telekommunikasiya infrastrukturuna ehtiyacı var idi. Bu inkişaf 3 səbəbdən ərsəyə gəldi. Bunlar siyasi demokratiya, texnoloji inkişaf və yeni telekommunikasiya strategiyasıdır. Bu prosesi milli özəlləşmə proqramı kimi də qəbul etmək olar. Telekommunikasiya sisteminin modernləşməsi ölkədə aparılan vacib islahatlardan biridir. Liberallaşma nəticəsində Mərakeşdə hər növ telekommunikasiya xidmətlərinə qoşulma imkanı yaradıldı. Bu ilkin olaraq Mərakeşin vilayət və kənd yaşayış məntəqələrinə şamil edildi. Bununla yanaşı ictimai yerlərdə universal qoşulma imkanına malik telefon köşkləri də quraşdırılmağı başlandı. Telekommunikasiya sahəsində aparılan islahatlar "Microsoft", "Nokia", "Siemens" və digər xarici investisiyalar sayəsində həyata keçirilmişdir.Nəhəng investisiya qoyuluşlarına baxmayaraq hələ də bəzi yerlərdə zəiflik hiss olunur və bu problemin aradan qaldırılması məqsədilə dövlət tərəfindən məqsədyönlü işlər aparılır. Ümumiyyətlə "Maroc Telecom" ölkədə telekommunkasiya xidməti təqdim edən inhisarçı müəssisə hesab edilir.Bu müəssisə sabit, mobil və internet xidmətini təqdim edir. 2006-cı ilin 1 iyun tarixindən "Maroc Telecom" ADSL xətti ilə internet televiziya xidmət paketini təqdim etməyə başlamışdır. Bununla yanaşı ölkədə "Meditel" müəssisəsi də fəaliyyət göstərir. Bu müəssisə sabit və mobil rabitə xidmətini təqdim edir.
Ölkədə mobil rabitə də inkişaf etdirilir. Hazırda mobil rabitə istifadəçilərinin sayı sabit rabitəyə nisbətən çoxluq təşkil edir. Ölkədə "Vodafone", "Orange" və "Mobile Network Operators" kimi mobil rabitə operatorları fəaliyyət göstərir.
Mərakeş internetinin tarixi 1980-cı ilə təsadüf edir. İnternetə qoşulma üçün ilk tədqiqatlar məhz universitetlərdə aparılırdı. İlk internet əlaqə 1993-cü ildə Rabatın orta məktəbində yaranmışdır. İlk zamanlar Mərakeşdə internet elmi tədqiqatların aparılması, beynəlxalq aləmdə olan elm xadimləri ilə əlaqənin yaradılması üçün alət hesab edilirdi. İnternet universitet və tədqiqat mərkəzlərində istifadə olunurdu. Sonra 1995-ci ildə artıq internet ictimaiyyətin istifadəsinə verildi. Əvvəl Mərakeşdə internetin zəif inkişafı kompüter avadanlığının məhdud olması və tariflərin yüksək olması ilə əlaqədar idi. Ölkə rəhbərliyi bu prolemin həlli yollarını tapdı. Bir çox orta məktəblər, regional pedaqoji mərkəzlər, kiber-kafelər və bir sıra ictimai yerlər internetə qoşulma imkanı qazandı. Kiber-kafe istifadəçilərin sayı getdikcə artır. Kiber-kafedə hər nəslin nümayəndəsinə rast gəlmək mümkündür. Artıq 2005-ci ildə ölkədə internet istifadəçilərin sayı 1 milyona çatmışdır. Ölkə rəhbərliyi istifadəçilərin sayını 2010-cu ilə 10 milyona çatdırmağı nəzərdə tutmuşdur.Ölkədə internetin tez inkişafı müəyyən strukturlar tərəfindən Mərakeşin mədəniyyət və adət-ənənələrinə xələl gətirəcəyi kimi qiymətləndirilirdi.Hətta internetin nəzarət altına götürülməsi barədə parlamentdə təklif irəli sürülmüşdür. Lakin parlament Mərakeşin azad ölkə olduğunu və şəbəkəni nəzarət alında saxlamağa ehtiyac olmadığını bildirmişdir. Hazırda ölkədə internet qlobal bazar hesab edilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.