Kvant mexanikası
From Wikipedia, the free encyclopedia
Kvant mexanikası — əsası alman fiziki Verner Heyzenberq tərəfindən qoyulmuşdur və nəzəri fizikanın bir bölməsidir. Plank sabiti ilə müqayisə olunan fiziki hadisələri öyrənir. Kvant mexanikası hərəkətin Plank sabiti ilə müqayisə olunan qiymətlərində (atom və ya foton miqyaslarında) fiziki hadisələri izah edən nəzəri fizika sahəsidir. Kvant mexanikasının verdiyi proqnozlar klassik mexanikanın verdiyi proqnozlardan əhəmiyyətli dərəcədə fərqlənə bilər. Plank sabitinin makroskopik cisimlərin hərəkəti ilə müqayisədə olduqca kiçik qiymətə malik olması səbəbindən kvant effektləri əsasən mikroskopik miqyaslarda müşahidə olunur. Əgər sistemin fiziki hərəkəti Plank sabitindən kifayət qədər böyük olarsa, kvant mexanikası üzvü şəkildə klassik mexanikaya keçir. Öz növbəsində, kvant mexanikası sahənin kvant nəzəriyyəsinin qeyri-relyativist yaxınlaşmasıdır (başqa sözlə, sistemin böyük hissəciklərinin enerji ətaləti ilə müqayisədə aşağı enerjilərə yaxınlaşmasıdır)
Makroskopik ölçülərdə olan sistemləri yaxşı təsvir edən klassik mexanika molekul, atom, elektron və foton səviyyələrində bütün hadisələri təsvir edə bilmir. Kvant mexanikası müvafiq olaraq atomları, ion, molekul, kondensə olunmuş mühitləri və digər elektron-nüvə quruluşlu sistemleri kifayət qədər yaxşı təsvir edə bilir. Kvant mexanikası eyni zamanda elektron, foton və digər elementar zərrəciklərin hərəkətlərini təsvir etmək iqtidarındadır, lakin elementar hissəciklərin çevrilmələrinin dəqiq invariant relyavistik təsviri sahənin kvant nəzəriyyəsi çərçivəsində qurulur. Kvant mexanikasının köməkliyi ilə əldə olunmuş nəticələri eksperimentlər birmənalı təsdiq edirlər.
Kvant dinamikasının əsas tənlikləri – Şredinger tənlikləri, fon Neyman tənlikləri, Lindblad tənlikləri, Heyzenberq tənlikləri və Pauli tənliyidir. Kvant mexanikası tənlikləri riyaziyyatın operatorlar nəzəriyyəsi, ehtimallar nəzəriyyəsi, funksiya analizi, cəbri operatorlar və qruplar nəzəriyyələri ilə sıx şəkildə bağlıdır.