Kreytser (pul vahidi)
From Wikipedia, the free encyclopedia
Kreytser (alm. Kreuzer, [krо́ytser]; mac. Krajcár, köhnə orf. Krajczár, [krо́ytsar]) — XIII—XIX-cu əsrlərdə Mərkəzi Avropanın bir sıra ölkələri və İtaliyanın mis və gümüş sikkələrinin adı. İlk kreytserlər Karintiya və Krayna hersoqu və Tirol qrafı II Meynhardın gümüş qrossolarından ibarət idilər. İlk dəfə 1271-ci ildə zərb edilmişdir. Aversdə ikili xaç (adi və Andrey xaçları) yerləşib, sikkə məhz buna görə bu cür adlandırılmışdır. Yaxşı keyfiyyəti və xarab olmaması səbəbindən sikkə qısa müddətdə cənubi alman torpaqlarında geniş yayılmışdır.
1458-ci ildə Avstriya ershersoqu III Fridrix ona məxsus ərazilərdə pul dövriyyəsi islahatını həyata keçirtdi. 1 qulden = 60 kreytser nisbəti quruldu. 1551-ci ildə qəbul edilmiş Auqsburq Pul Nizamnaməsi bu pul vahidini Müqəddəs Roma İmperiyasının imperiya sikkələri dərəcəsinə qaldırdı.
Almaniyada kreytserlər düz 1873-cü ilə qədər buraxılırdı, həmən ildə onun ərazisində dövr edən quldenlər və talerləri qızıl marka ilə əvəz etdilər. Sonuncu Avstriya kreytserləri 1891-ci ilə aiddir. Onların buraxılışın dayandırılmasının səbəbi Avstriya quldeninin Avstriya-Macarıstan kronu ilə əvəz olunması oldu, sonuncunun xırda pulu heller oldu.