Kondor əməliyyatı
From Wikipedia, the free encyclopedia
"Kondor" əməliyyatı (isp. Operación Cóndor) — 1970-1980-ci illərdə Cənubi Amerikanın bir sıra ölkələrində siyasi müxalifətin (əsasən kommunistlər və sosialistlərin) təqib edilməsi və məhv edilməsi kampaniyasıdır. Bunu ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə Çili, Argentina, Uruqvay, Braziliya, Paraqvay, Boliviyanın diktator rejimləri həyata keçirib.
Bu dövlətlərin xüsusi xidmət orqanları koordinasiyalı şəkildə fəaliyyət göstərərək müxalifət nümayəndələrinin oğurlanmasını, işgəncə verilməsini, məhkəməsiz və istintaqsız edamlarını (xüsusən də “ölüm uçuşları”) təşkil edirdi. Tanınmış siyasətçilər, diplomatlar və ictimai xadimlər əməliyyatın qurbanı olurdu. Ümumilikdə, müxtəlif hesablamalara görə, 40-60 min insan o illərdəki terrorunun qurbanı olub: 30.000 argentinalı, 3.000 perulu, 3.000-dən çox çilili, 160 paraqvaylı, 150 boliviyalı, 140 uruqvaylı və 6 ekvadorlu[1][2][3][4][5]..
1992-ci ildə Paraqvaylı hüquq müdafiəçisi Martin Almada diktatura rejimlərinin dissidentlərin və müxalifətçilərin məhvi ilə bağlı dosyelər, hesabatlar və digər məlumatlardan ibarət terror arxivlərini aşkar etdi.
2001-ci ildə bir sıra insan haqları təşkilatları ABŞ-nin keçmiş dövlət katibi Henri Kissinceri Kondor əməliyyatında iştirakda ittiham edərək ona qarşı iddia qaldırıb. Argentinalı cinayəti araşdıran hakim Kissincerin potensial şübhəli və hətta müttəhim olduğunu söyləmişdi. Kissincer müstəntiq tərəfindən dindirilməyə çağırıldıqdan sonra dərhal Fransanı tərk emiş və Braziliyaya getməkdən imtina etmişdir[6].
Belə bir əməliyyatın olduğu haqda ilk informasiya isə 1979-cu ildə “Vaşinqton Post”un müxbiri Cek Anderson tərfindən yayılmışdı[7].