From Wikipedia, the free encyclopedia
Kompression-distraksion üsulu — Sümüklərin sınığı qədim zamanlardan çox zəhmət tələb edən, çox vaxt müvəffəqiyyətsizliklə nəticələnən xəsarətlərdən sayılır. Keçmiş zamanlarda sınıqları müalicə etmək üçün yumurta, saqqız sarğılarından, adi taxta parçalarından, palma yarpağından istifadə edilmişdir. Bu əməliyyatı sadə sınıqçılar və yaxud xalq həkimləri yerinə yetirirdilər. Naşı adamların müalicə etdiyi xəstələrin çoxu ya axsayır, ya da onlarda başqa fəsadlar baş verirdi. Açıq sınıqların müalicəsi daha çətin olurdu. Çox hallarda yaralar irinləyir, irin sümüyə keçir və tibbi dilində desək, “osteomielit” xəstəliyi əmələ gəlir. İlk dəfə məşhur rus cərrahı, müasir cərrahiyyənin atası Nikolay Piroqov sümük sınıqlarında gips sarğılarından istifadə etmişdi. Bu üsul cərrahiyyədə bir inqilab olub, hələ indi də istifadə edilir. Sonra fransız alimləri daimi dartma üsulunu tətbiq etməyə başladılar ki, bu, bir çox üstün cəhətlərə malikdir. Xəstə bir qədər hərəkətli olur və bir çox fəsadların qarşısı alınır. Nəhayət, XX əsrdə sınıqların cərrahi üsulla müalicə metodları tətbiq olunmağa başladı. Travmatologiyada (sınıqlar müalicəsindən bəhs edən elmdə), sözün əsl mənasında dünya tibb elmində həqiqi inqilab sınıqların müalicəsində kompression-distraksion metodun tətbiq edilməsi oldu. Bu metodla xəstələrin sınmış sümükləri düzəldilir (repozisiya edilir) və sonra xüsusi millər keçirilib, sınmış sümüklərdə hərəkətsizlik əmələ gətirilir (fiksasiya edilir), sonda sümüklər birləşir. Bunun başqa metodlardan üstün cəhətləri nədir: xəstə əksər hallarda cərrahi əməliyyatlardan xilas olunur, irinləmə və başqa dəhşətli fəsadların sayı olduqca azalır. Aparat yüngüldür, belə aparat qoyulmuş xəstələr müalicə dövründə hərəkətli olurlar, şikəstlik halları olduqca azalır, müalicə müddəti başqa üsullara nisbətən dəfələrlə azalır, bu da iqtisadi nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir. Kompression-distraksion metodla (sıxma-dartma üsulu) qısa ətrafları 25 sm-ə qədər uzatmaq mümkündür. Bu da tibb elmində əvəzsiz bir nailiyyətdir. Bu zaman belə bir sual meydana çıxır: bəs bu mühüm müalicə üsullarının yaradıcısı kimdir? Bizim ölkədə bu müalicə üsulunun yaradıcısı Qavril İlizarov (əsli Qusardandı) hesab edilir. İndiki dövrdə İlizarovu tanımayan az adam olar. Vaxtilə başına çox bəlalar gəlib. Sürdüyü ideyanı çox qamçılayıblar, hətta onu ruhi xəstəliklə təqsirləndirənlər də olub. Nəhayət, bu alim öz dediyindən dönməyib və istədiyinə nail olub. İndi İlizarovu bütün dünya tanıyır və bu üsuldan Yer kürəsinin hər yerində istifadə edirlər. Bu sahədə məşhurlaşmış və öz xüsusi aparatlarını tətbiq edən alimlərdən K.M. Sivaş, O.N. Quduşauri, V.K. Kalnberz və başqalarını da göstərə bilərik. Bunları söyləməkdə məqsəd odur ki, bu müalicə üsulunun nə qədər əhəmiyyətli olduğu aydınlaşsın. Maraqlı burasıdır ki, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Latviya Elmi Tədqiqat Travmatologiya və Ortopedi İnstitutunun direktoru, professor Viktor Konstantinoviç Kalnberz deyib: "Bilirsinizmi, ilk xarici fiksasiya aparatları 1930-cu illərdə bakılı doktor Ağarəhim Əlizadə tərəfindən yaradılmışdır. 20 ildən sonra yeni, daha mükəmməl aparatlar K.M. Sivaşın, O.N. Quduşaurinin, M.V. Volkovun və başqalarının aparatları yaradılır. Qavril Abramoviç İlizarovun aparatı bütün dünyada məşhurdur" ("Nedelya" qəzeti, 21–27 iyul, 1986, №30). Deməli, bakılı həkim Əlizadə bu metoddan öz həmkarlarından əvvəl – 30-cu illərdə istifadə etmiş və belə aparatın ilk yaradıcılarından sayılır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.