Kindertransport əməliyyatı
From Wikipedia, the free encyclopedia
"Kindertransport əməliyyatı" (alm. Kindertransport "uşaq nəqliyyatı") — İkinci dünya müharibəsinin başlanmasından 9 ay əvvəl həyata keçirilən xilasetmə əməliyyatı.
Əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Əməliyyatı "Kristal gecə" hadisəsindən dərhal sonra planlaşdırmağa başladılar və yalnız Almaniyanın Polşaya müdaxilə etdiyi gündə başa çatdırdılar.[1] 200 uşaqdan ibarət ilk dəstə "Kristal gecə"dən üç həftə sonra artıq İngiltərənin Harviç limanına çatmışdı.[1] Ümumilikdə Böyük Britaniya təxminən 10.000 yəhudi qaçqın uşağı qəbul etdi.[1][2] Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Həmin uşaqların böyük əksəriyyəti müharibənin şahidi olmuş, bir hissəsi isə Holokostda məhv edilmiş ailələrin həyatda qalan yeganə üzvləri idilər.[3]
"Ümumdünya yəhudi yardım təşkilatı" (o zaman bu təşkilat "alman yəhudilərinin mərkəzi Britaniya fondu" adlanırdı) 1933-cü ildə yaradılmış və "Kindertransport" proqramının həyata keçirilməsində mühüm rol oynamışdır. Əməliyyat nəticəsində xilas edilərək Böyük Britaniyada yerləşdirilən uşaqların hər biri haqqında bütün məlumatlar təşkilatın arxivində saxlanılır. Bu sənədlərin surətləri, yalnız inzibati xərcləri ört-basdır edən kiçik ödəmə müqabilində qaçqın ailələrinin üzvlərinə verilə bilər.
Müharibə illərində bir çox Kindertransport uşaqları Böyük Britaniya silahlı qüvvələrində xidmət edir, tibb bacısı işləyir, qida istehsalında iştirak edir və müharibə ilə bağlı digər sənaye sahələrində fəaliyyət göstərirdilər. Müharibə başa çatanda uşaqların bir neçə mini Böyük Britaniyada qaldı. Onlar yetkin şəxslər kimi Britaniyaya xidmət, sənaye, ticarət, təhsil, müdafiə, rifah, elm və incəsənət sahələrində dəyərli töhfələr vermişdilər. Əməliyyat zamanı xilas edilən uşaqlar arasında, gələcək nobel mükafatı laureatları olub: fizik və astronom Arno Penzias, nəzəriyyəçi-fizik Valter Kon.[2]
"Kindertransport" əməliyyatı mövzusunda müxtəlif bədii və sənədli filmlər çəkilmişdir. 2000-ci il istehsalı olan "Yad əllərdə: Kindertransport hekayələri" (ing. Into the Arms of Strangers: Stories of the Kindertransport) sənədli filmi "Ən yaxşı sənədli film" nominasiyasında Oskar mükafatı qazanmışdır.[4]