![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/az/thumb/6/61/MC_ZSh.jpg/640px-MC_ZSh.jpg&w=640&q=50)
Kimyəvi element
From Wikipedia, the free encyclopedia
Kimyəvi element — eyni cins atomlardan ibarət olan, fiziki və ya kimyəvi yollarla özündən daha sadə və fərqli maddələrə ayrıla bilməyən saf maddələrə element deyilir. Məsələn su bir element deyil. Lakin suyun elektrolizindən əldə edilən hidrogen və oksigen elementdirlər.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/az/thumb/6/61/MC_ZSh.jpg/640px-MC_ZSh.jpg)
Elementi meydana gətirən bütün atomların böyüklükləri və atomların arasındakı uzaqlıq eynidir. Lakin bir elementin atomları ilə başqa bir elementin atomlarının böyüklükləri və atomları arasındakı məsafə fərqlidir. Eyni elementdən düzəldilən fərqli maddələr də eyni cins atomlardan meydana gəlirlər. Elementi meydana gətirən atomların bir-birinə olan uzaqlığı elementin qatı, maye və qaz halına görə dəyişə bilər. Canlı və cansız varlıqların hamısı elementlərdən meydana gəlirlər. Kimyəvi element nüvəsinin yükü eyni olan atom növüdür. Kimyəvi elementlər bir-biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirirlər. Hər bir kimyəvi element nüvəsində eyni sayda elektrik yükü və atom örtüyündə eyni sayda elektron olan atomlardan ibarətdir. Atom kimyəvi elementin bütün xassələrini özündə saxlayan ən kiçik hissəcikdir və bütün maddələrin ilkin materialıdır. Atom müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarətdir. Atomların nüvəsi isə proton və neytronlardan təşkil olunmuşdur. Proton müsbət yüklü, neytron isə yüksüz zərrəcikdir. Dövri sistemdə elementin sıra nömrəsi protonların sayını, kütlə ədədi isə nuklonların sayını göstərir. Proton və neytron birlikdə nuklon adlanır.
Dövri sistem cədvəlini 1 mart 1869-cu ildə rus alimi D.İ.Mendeleyev tərtib etmişdir. Həmin cədvəldə cəmi 63 element mövcud idi. Mendeleyev elementləri atom kütlələrinin artması sırası ilə yerləşdirərək dövri qanunu belə ifadə etmişdir: Kimyəvi elementlərin və onların əmələ gətirdiyi kimyəvi birləşmələrin forma və xassələri atom kütlələrinin artmasından dövri surətdə asılıdır. Mendeleyev bəzi hallarda bu qanundan kənara çıxaraq elementlərin cədvəldə yerini onların atom kütlələrinin artması ardıcıllığına deyil, xassələrinin qanunauyğun dəyişməsinə görə müəyyən etmişdir. Daha sonra 1913-cü ildə ingilis alimi Mozli müəyyən etmişdir ki, elementlərin xassələri onların atom kütlələrinin artması ilə deyil, nüvələrinin yükü ilə bilavasitə müəyyən olunur. Dövri qanunun müasir ifadəsi belədir: Kimyəvi elementlərin və onların əmələ gətirdiyi birləşmələrin forma və xassələri atom yükündən dövri surətdə asılıdır.
Bəzi kimyəvi elementlər yer qabığında geniş yayılmışdır. Elementlərin yer qabığında yayılması miqdarının tədqiqi ilə ilk dəfə amerika alimi Klark məşğul olmuşdur. O, 50-yə qədər elementin yer qabığında yayılmasını faizlə hesablamışdır. Elementlərin yer qabığında yayılma xarakteri və qanunauyğunluqları ilə geokimya elmi məşğul olur. Yer qabığında ən geniş yayılmış element oksigendir və kütləcə yarısını təkcə o təşkil edir. Ümumiyyətlə yer qabığında ən çox yayılmış elementlər bunlardır: O — 49,1%, Si — 26,0%, Al — 7,5%, Fe — 4,2%, Ca — 3,2%, Na — 2,4%, K — 2,3%, Mg — 2,3%, H — 1,0%, Ti — 0,9%. Kimyəvi elementlərin bir qrupu ümumi ad ilə "Nadir elementlər" adlandırılır. Nadir element dedikdə, yer qabığında miqdarı adi elementlərdən xeyli az olan və xassələrinin lazımi dərəcədə öyrənilməməsi ilə əlaqədar olaraq, tətbiqi məhdud çərçivədə olan elementlər nəzərdə tutulur: Li, Be, Ga, Ge, V, Se, Re, Rb, Sr, Sc, Kr, Nb, Te, Cs, İn, Hf, Ta, Y, Tl, La və lantanoidlər. Nadir elementlərin siyahısı sabit qalmayaraq tədricən dəyişir, yəni istehsalı və tətbiqi genişləndikcə onlar adi elementlər qrupuna keçir. Elementlərin canlı orqanizmdə yayılma xarakterinin öyrənilməsi ilə biokimya məşğul olur. İndiyə kimi canlı orqanizmdə 70-dən artıq elementin mövcudluğu müəyyən edilmişdir. Orqanizmdə O, C, H və N daha çox yayılmışdır. Bu dörd elementin orqanizmdə atomlarının miqdar faizi belədir: H- 63%, O- 25,5%, C- 9,5%, N- 2%.