From Wikipedia, the free encyclopedia
Kəndli (ing. Peasant[1][2][3]; rus. Крестьянин[4][5]) — kənddə yaşayan və əsas peşəsi kənd təsərrüfatı olan adam; kənd əhli, kəndçi[6].
Kəndlinin əsas xüsusiyyətləri: torpaq üzərində işləmək, bir kəndin və ya kənd həyatının bütün sahələrində ənənələrdə tənzimləyici rol oynamasıdır. Kəndli ilə fermer arasındakı fərq ondadır ki, kəndlinin istehsal etdiyi məhsulun çox hissəsini ailəsi istehlak edir.
Bütün dünyada, kəndlilərin məşğuliyyəti olduqca rəngarəngdir və təkcə əkinçilik və heyvandarlıq ilə məhdudlaşmır. Yuxarıda göstərilənlərlə yanaşı, bu cür fəaliyyətlərə: arıçılıq, bağçılıq, yağ hazırlama, üzümçülük, dulusçuluq, toxuculuq, dülgərlik və xarratlıq, tara və qab düzəltmə, dəmirçilik və s aiddir.
Əvvəlki dövrlərdə və o cümlədən də, XVII əsrdə Azərbaycanda cəmiyyətin əsas istehsalçısı və istismar olunan təbəqəsi kəndlilər idi[7]. Bu dövrdə vergi verən kəndlilər (rəiyyət) — əllərində olan torpağın sahəsindən asılı olaraq aşağıdakı qruplara bölünürdülər: Hampa — İş heyvanı, istehsal alətləri, toxumu olan və feodaldan aldığı torpağı özü becərən kəndlilər idi.
Əkər (rəncbər) — Təsərrüfatsız və yardımçı kənd təsərrüfatı işlərində çalışanlar (gözətçi, çoban, bağban və s.) və məşğuliyyəti olmayan yoxsul kəndlilər idi.
Xanlıqlar dövründə (XVIII əsrin ortaları – 1828-ci illər) Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlər bütün ölkə miqyasında qanunla rəsmiləşdirilməmiş və nizamlanmamışdı. İşğaldan sonra bu problem dərhal həll olunmadı, çünki Rusiya Azərbaycanın ali təbəqəsinin – xan, sultan, məlik, bəy və ağalarının torpaq üzərində mülkiyyət hüququnu uzun müddət tanımadı, hətta 10 aprel 1840-cı il inzibati-məhkəmə islahatından sonra hökumət 1841-ci il 23 may tarixli fərmanı ilə ağalardan malik olduqları kəndləri geri almışdı. Belə bir fərman Kaspi vilayətinin tiyuldar bəylərinə də verilmişdi. Lakin diyarda yaranmış gərgin vəziyyət bu fərmanın sonrakı taleyini qeyri-mümkün etdi. Rusiya imperatoru I Nikolayın əmri ilə 1844-cü ildə Qafqazda canişinlik yaradıldı və ilk canişin qraf M.S.Vorontsova verilən göstərişlərdən biri də Azərbaycan bəy və ağalarının silki hüquqi və imtiyazlarının nizamlanması idi. Çarın 6 dekabr 1846-cı il fərmanı ilə Azərbaycan ali silkinin torpaq üzərində mülkiyyət hüququ tanındı və qanuniləşdirildi. Yalnız bundan az sonra bəylərlə feodal-asılı kəndlilərin qarşılıqlı münasibətlərini qanuniləşdirən — "Kəndli Əsasnamələri" verildi.
1847-ci il 20 aprel "Əsasnaməsi"ndə torpaq mülkiyyətçiləri ilə kəndlilərin qarşılıqlı münasibətlərini müəyyənləşdirən, sahibkar kəndlilərinin iqtisadi və hüquqi vəziyyətinə aid bir sıra müxtəlif məsələlərə toxunulurdu. "Əsasnamə" torpaq mülkiyyətçilərinin üzərinə 15 yaşından yuxarı kişi cinsindən olan hər bir kəndlini taxılçılıq, maldarlıq və bostançılıq üçün yararlı olan 5 desyatinlik pay torpağı ilə təmin etmək vəzifəsi qoyurdu. Kəndlini torpaqla təmin etmək vəzifəsini irəli sürən qanunverici, hər şeydən əvvəl xəzinənin və dövlət təhlükəsizliyinin mənafelərini müdafiə etməyi, sahibkarlar və dövlət üçün torpaq rentasiyasının toplanmasını təmin etməyi qarşısına məqsəd qoymuşdu. Sahibkar kəndliləri isə islahata qədər ki, dövrdə olduğu kimi 5 desyatindən az torpaq sahələrindən istifadə edirdilər.
"Əsasnamə"nin əsas maddələrindən biri kəndlilərin mükəlləfiyyətləri məsələsi idi. Qanun kəndli mükəlləfiyyətlərinin müxtəlif növlərini, onların ödənilməsi və yerinə yetirilməsi üsullarını ətraflı surətdə şərh edirdi.
Malcəhət — torpaq sahəsinin kəndlinin vəsaiti (iş heyvanı, kənd təsərrüfatı alətləri, toxum) hesabına becərilməsi şərti ilə istənilən kənd təsərrüfatı bitkisi məhsulunun sahibkarın xeyrinə ayrılan 1/10 hissəsi əsas məhsulla toplanan mükəlləfiyyət idi. "Əsasnamə" rəiyyətləri çoxdan bəri mövcud olmuş bir sıra digər məhsulla toplanan mükəlləfiyyətlərdən azad edərək və ya onları malcəhətin ümumi miqyasına daxil edərək, bu sahəyə nizamlayıcı əsas tətbiq edir və kəndlilərdən alınan natural məhsulla toplanan vergiləri müəyyən dərəcədə azaldırdı. Kəndlilər öz pay torpaqlannı sahibkarların iş heyvanı, alətləri və toxumundan istifadə edərək becərdikləri təqdirdə, onlar məhsulun 1/5-dən çox olmayan hissəsini sahibkara verməli idilər. Bu maddə feodal asılı kəndlilərinin rənc-bərlər (əkərlər) və nökərlər kimi əvvəlki zümrələri, habelə var-yoxdan çıxmış rəiyyətlər ücün nəzərdə tutulmuşdur.
"Əsasnamə"yə görə, torpaq mülkiyyətçiləri onlara pay torpağı ayırmalı idilər. Torpaq alan, lakin istehsal vasitələri olmayan bu kəndlilər "kömək" üçün feodala müraciət etməli olurdular.
"Əsasnamə" kəndlilər üzərinə məhsul yığımından sonra üç gün ərzində sahibkarın payını ayırmaq, feodal malikanənin hüdudlarında yaşayırsa, bu payı növbəti üç gün, məhsul yığılan yerdən 50 verstdən uzaqda yaşadığı təqdirdə 15 gün ərzində ona çatdırmaq vəzifəsini qoyurdu.
"Əsasnamə" məhsulla ödənilən vergi ilə yanaşı, kəndlilərin bəyin xeyrinə işləyib-ödəmə rentasını yerinə yetirmələrini nəzərdə tuturdu. "Əsasnamə" hər kəndli ailəsi üzərinə sahibkarın tələbi ilə öz iş eyvanı və alətlərilə ildə 18 gün ərzində onun təsərriifatında işləmək üçün bir işçi vemək təhəddüdü qoyurdu. Mükəlləfiyyətin bu növü, yəni biyar Azərbaycanda çoxdan bəri mövcud idi. Onun müddəti Azərbaycanın heç bir qəzasında dəqiq müəyyən edilməmişdisə də heç yerdə kəndlilərin feodalın xeyrinə işlədikləri günlərin sayı ―"Əsasnamə"də göstərilmiş rəqəmin heç yarısına da çatmırdı. "Əsasnamə" biyarın həcmini iki dəfədən çox artırdı və bununla da, əvvəlcə mövcud olmuş mükəlləfiyyəti daha ağır və məşəqqətli etdi. Hər ailədən işçi verməklə yanaşı, kəndlilər ildə bir-iki gün bütün kənd cəmiyyəti ilə, elliklə sahibkar üçün işləyərək (əvrəz), feodalın göstərişinə görə, kənd təsərrüfatı və ya suvarma işlərini yerinə yetirməyə borclu idilər. Əvrəz nəticəsində yığılmış məhsul büsbütün feodalın xeyrinə gedirdi.
"Əsasnamə"yə görə kəndlilər elliklə sahibkar malikanələrində arxlar və yollar çəkməli, köhnə tikililəri təmir etməli idilər. Bununla da "Əsasnamə" feodallara, lazım gəldikdə, müftə işçi qüvvəsindən istifadə etməklə, özləri üçün xeyirli olan yol və suvarma işlərini genişləndinnək imkanı verirdi. Əkinçiliklə və oturaq maldarlıqla məşğul olan kəndlilər mal-qaranın sahibkar torpağında otarılmasının müqabilində məbləği müəyyənləşdirilməmiş xüsusi pul vergisi — çöpbaşı ödəməli idilər. Çöpbaşı "yerli adətlərə görə müəyyənləşdirilməmiş" qaydalar üzrə alınırdı. Bu da torpaq sahibkatları tərəfindən özbaşmalıqlar üçün şərait yaradırdı.
"Əsasnamə"nin üç maddəsi müstəsna surətdə maldarlıqla məşğul olan kəndlilərin mükəlləfiyyətlərini müəyyənləşdirirdi. Bu kəndlilər sahibkara, adətlərə görə, çöpbaşı verməyə və hər ailə gümüş pulla 4 man. məbləğində pul vergisi ödəməyə borclu idilər.
"Əsasnamə"yə görə, kəndlilər feodala nökərlər də (hər 10 həyət dən 1 kişi və hər 15 həyətdən 1 qadın) verməli idilər. Qanun feodala kişi nökərlərindən həm çöl, həm də ev işlərində istifadə etməyə icazə verirdi. "Kəndli əsasnamələri"nin nəşrinə qədər də feodallar kəndliləri kişi nökərləri verməyə, lakin "Əsasnamə"də nəzərdə tutulduğundan xeyli az miqdarda, məcbur edirdilər. Əvvəllər kəndlilər heç vaxt qadın nökərlər vermirdilər. Çar müstəmləkəçilərinin özlərindən uydurduqları bu mükəlləfiyyət Azərbaycan xalqının çoxəsrlik ənənələrinə hörmətsizlik idi və elə dərin hiddət doğurdu tezliklə ləğv edildi.
"Əsasnamə" sahibkarlara onların torpaqlarında yaşayan kəndlilər üzərində polis və məhdud məhkəmə hakimiyyəti verirdi. "Əsasnamə"yə görə, torpaq mülkiyyətçiləri onların torpaqlarında yaşayan kəndlilərin "farağatlığına, ədəb-ərkanına və əxlaqına" nəzarət etməli idi. Feodal həmçinin kəndlilər arasındakı çəkişmələr üzrə çıxarılmış (bu çəkişmələri kəndlilər içərisindən seçilmiş adamlar həll edirdilər) cinayət cəzası tələb etməyən qərarları təsdiqləyirdi. Polis və məhdud məhkəmə hakimiyyətinin feodalın şəxsində birləşdirilməsi onun kəndlilər üzərində hakimiyyətini gücləndirirdi. O hər hansı bir qanun pozuntusuna görə, istənilən kəndlini məsuliyyətə cəlb edə bilərdi. Kəndlilərin şəxsiyyəti üzərində feodala belə hakimiyyətin verilməsi, kəndlilər tərəfindən mükəlləfiyyətlərin yerinə yetirilməsi zamanı sahibkarların özbaşınalıqları üçün geniş imkanlar açırdı. Bütün bunlardan əlavə, "Əsasnamə" kəndlilər tərəfindən seçilən kətxudaların təsdiq olunmasını da sahibkarların nəzarətinə verirdi. "Əsasnamə" kəndlilərin "şəxsən azad və digər sahibkarın yanına keçmək hüququna malik olmalarını" etiraf edirdi. Lakin bu hüquq birincisi, kəndlilər tərəfindən adambaşına ən azı 5 desyatin torpaq satın alınmasından, ikincisi, kəndlinin həm tərk etdiyi, həm də onu qəbul edən kənd cəmiyyətlərinin, habelə torpağında bu keçmənin baş verdiyi feodalın razılığından asılı vəziyyətdə qoyulurdu. Bütün hallarda, bunlardan əlavə, kəndlilərin öz mükəlləfiyyətlərini tamamilə yerinə yetirmələri və "diyarın baş rəisinin", yəni canişinin özünün icazəsi tələb olunurdu. Keçmiş xanlar və onların qohumların torpaqlarında yaşayan kəndlilərin, habelə xan nökərlərinin başqa yerə keçməsi daha artıq dərəcədə çətinləşdirildi. 15 il keçəndən sonra da Bakı qubernatoru qeyd edirdi ki, 1847-ci ildən etibarən kəndlilərin bəy torpaqlarından xəzinə torpaqlarına keçməsi halları məhdud xarakter daşıyır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.