Küləklə sovrulanlar (film)
From Wikipedia, the free encyclopedia
Küləklə sovrulanlar (ing. Gone With The Wind) — Marqaret Mitçellin 1936-cı ildə Pulitser mükafatına layiq görülmüş eyni adlı romanı əsasında, 1939-cu ildə çəkilmiş epik tarixi sevgi filmidir. Film “Selznick International Pictures”dən Devid O. Selznik tərəfindən istehsal edilmiş və Viktor Fleminqin rejissorluğu ilə çəkilmişdir. Hadisələrin XIX əsrdə Şimali Amerikada baş verdiyi filmdə, Corciyada plantasiya sahibinin möhkəm iradəli qızı Skarlett O’Hara, Eşli Uilkes, Melani Hemilton və Ret Batlerin həyatından bəhs olunur. Hadisələr ABŞ Vətəndaş müharibəsi və Cənubda yenidənqurma fonunda baş verir və əhvalatlar ağ dərili cənubluların mövqeyindən danışılır. Filmdə əsas rollar Vivyen Li (Skarlett), Klark Qeybl (Ret), Lesli Hovard (Eşli) və Oliviya de Hevillend (Melani) tərəfindən canlandırılmışdır.
Küləklə sovrulanlar | |
---|---|
Gone with the Wind | |
Janr | romantik film, dram filmi, tarixi film, roman ekranlaşdırması[d], müharibə filmi, melodram[d] |
Əsas mövzu | qisas[d], ABŞ-da köləlik |
Rejissor | Viktor Fleminq |
Prodüser | Devid Selznik |
İcraçı prodüser | Devid Selznik |
Əsərin müəllifi | Marqaret Mitçellin "Küləklə sovrulanlar" romanı əsasında |
Ssenari müəllifi | Sidni Hovard |
Baş rollarda |
Vivyen Li Klark Qeybl Oliviya de Hevillend |
Operator | Ernest Haller |
Bəstəkar | Maks Steyner |
İstehsalçılar |
Selznick International Pictures Metro-Goldwyn-Mayer Warner Bros. |
Distribütor | Netflix, HBO Max[d] |
İlk baxış tarixi | 15 dekabr 1939 |
Müddət | 238 dəqiqə |
Büdcə | $3.85 milyon |
Gəlir | $400 milyon[1] |
Ölkələr | ABŞ |
Dil | İngilis dili |
İl | 1939 |
Rəng | rəngli, ağ-qara[d] |
Çəkiliş yeri | Kaliforniya |
IMDb | ID0031381 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin çəkilişləri başlanğıcdan çətinliklərlə üzləşmişdir. Devid O. Sleznikin Klark Qeybli Ret Batler rolu üçün razı salması və iştirak üçün müraciət etmiş 1.400-dən çox qadının Skarlett rolu üçün müsahibədən keçirilməsi məqsədiylə çəkilişlər təxirə salınmışdır. Filmin orijinal ssenarisi Sidney Hovard tərəfindən yazılsa da, lazım olan uzunluğun əldə edilməsi üçün bir neçə dəfə müxtəlif yazıçılar tərəfindən yoxlanmışdır. Əvvəlcə filmin rejissoru Corc Kyukor təyin olsunsa da, çəkilişlərin başlamasından qısa müddət sonra o, istefa vermiş və Viktor Fleminqlə əvəzlənmişdir, lakin, Fleminq də bir müddət mənəvi bitkinlik səbəbiylə çəkilişlərdən uzaqlaşmış və Sem Vudla əvəzlənmişdir.
1939-cu ilin dekabrında çıxarılmasından sonra film tənqidçilər tərəfindən əsasən müsbət rəylər almış, lakin bəziləri dramatikliyin çatışmadığını və bəzi səhnələrin çox şişirdildiyini də qeyd etmişlər. Aktyor seçimi xüsusi maraq doğurmuş və Vivyen Linin Skarlett obrazına çox uyğun olması bildirilmişdir. 1940-cı ildə baş tutmuş XII Oskar mükafatlarının təqdim edilməsi mərasimində “Küləklə sovrulanlar” on üç nominasiyadan onu üzrə (səkkiz müsabiqə iki şərəf mükafatı) mükafata layiq görülmüşdür. Filmin qazandığı mükafatlar arasında Ən Yaxşı Film, Ən Yaxşı Rejissor (Viktor Fleminq), Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari (ölümündən sonra Sidney Hovard üçün), Ən Yaxşı Aktrisa (Vivyen Li) və İkinci Dərəcəli Rolda Ən Yaxşı Aktrisa (Hetti MakDeniel, Oskar mükafatı almış ilk afro-amerikan olmuşdur) nominasiyaları da olmuşdur. Həmin dövrdə nominasiyalar və mükafatların sayına görə film rekord göstəriciyə nail olmuşdur. Film çox böyük populyarlıq qazanaraq həmin dövrə kimi çəkilmiş filmlər arasında ən çox gəlir gətirən ekran əsəri olmuş və bu nəticəni uzun müddət saxlaya bilmişdir. İnfilyasiya göstəriciləri nəzərə alındıqda film bu gün də kassa gəlirlərinə görə kino tarixinin ən uğurlu əsərlərindən biri olaraq qalmaqdadır.
Filmdə tarixi revizionizmə yer verilməsi və quldarlığın tərənnümü tənqid edilsə də, bunun afro-amerikanların təsvirinin dəyişdirilməsi üçün edildiyi de vurğulanmışdır. XX əsr boyunca film bir neçə dəfə təkrarən çıxarılmış və populyar mədəniyyətə əsaslı təsir etmişdir. “Küləklə Sovrulanlar” Amerika Film İnstitutunun 100 Ən Yaxşı ABŞ Filmi siyahısının ilk onluğuna salınmış və Milli Film Registerində qeydiyyata alınmışdır.