From Wikipedia, the free encyclopedia
Göz — görmə funksiyasını təmin edən duyğu orqanı. Bir çox canlı orqanizmdə görmə sisin tərkib hissəsi olub, dalğaların işıq diapazonundakı elektromaqnit şüalanmasını qəbul edərək onu elektro-kimyəvi siqnal şəklində neyronlara ötürür.
İnsanda göz kəllənin göz yuvasında yerləşir. Göz yuvasının divarlarından göz almasının xarici səthinə gözləri hərəkət etdirən əzələlər bitişir. Gözləri qaşlar qoruyur, onlar alından axan təri yanlara axıdır. Göz qapaqları və kirpiklər gözləri tozdan qoruyur. İnsan ətraf aləmdən informasiya almaq üçün göz duyğu üzvündən istifadə edir.
Gözün bayır küncündə yerləşən göz yaşı vəzisinin ifraz etdiyi maye göz almasının üzərini isladır, gözü qızdırır, gözə düşmüş yad cisimləri yuyub aparır, sonra da gözün içəri küncündən göz yaşı kanalı ilə burun boşluğuna axır. Göz almasını örtən sıx ağlı qişa onu mexaniki və kimyəvi zədələrdən qoruyur, gözə yad cisimlər və mikroorqanizimlər düşməyə qoymur. Gözün ön hissəsində bu qişa şəffafdır. Buna buynuz qişa deyilir. Buynuz qişa işıq şüalarını sərbəst surətdə içəri buraxır. Ortadakı damarlı qişadan sıx qan damarları şəbəkəsi keçir, bunlar göz almasını qanla təchiz edir. Bu qişanın daxili səthində işıq şüalarını udan nazik boyayıcı maddə - qara piqment qatı vardır.
Gözün damarlı qişasının ön hissəsinə qüzeyli qişa deyilir. Onun rəngi (açıq mavidən tutmuş tünd qara rəngə qədər) piqmentin miqdarından və bu qişada paylanmasından asılıdır. Bəbək – qüzeyli qişanın mərkəzindəki dəlikdir. Bəbək gözün içərisinə işıq şüalarının düşməsini tənzim edir. Parlaq işıqda bəbək reflektor olaraq daralır. İşıq zəif olduqda bəbək genəlir. Bəbəyin arxasında iki tərəfi qabarıq şəffaf büllur yerləşir. Büllur kirpikli əzələlərlə əhatə olunur.
Bu əzələlərin yığılması onun səthinin qabarma dərəcəsini dəyişdirə bilir. Şüallar büllurdan sonra göz almasının bütün içəri tərəfini tutan şəffaf şüşəyəbənzər cisimdən keçib gözün daxili və çox zərif olan tor qişasına düşür.
Tor qişa çox mürəkkəb quruluşa malikdir. Burada işığa həssas hüceyrələr yerləşir. Bunlar görmə reseptorları rolunu oynayır. İşıq şüaları ilə qıcıqlandırıldıqda onlarda oyanmalar baş verir ki, bunlar da görmə sinirləri ilə baş beyinin görmə mərkəzinə otürülür.
Torlu qişanın işığa həssas hüceyrələri çöpcüklər və kolbacıqlardan ibarətdir. Çöpcüklər zəif işıqlarla qıcıqlanır, lakin əşyaların rəngini qəbul etmir. Kolbacıqlar ancaq parlaq işıqdan qıcıqlanır və rəngləri seçmək qabiliyyətinə malikdir. Gözün arxa divarının ortasında torlu qişada kolbacıqlar topası yerləşərək sarı ləkəni əmələ gətirir. Bunlar da işıq qıcıqlarına həssasdır.
Gözün daxili şəffaf şüşəyəbənzər cismlə tutulur. İşıq şüaları işıqlanan cisimdən gözün xarici səthinə düşüb buynuz qişasından, şəffaf mayedən və bəbəkdən keçərək, büllura düşür və burada əşyanın kiçilmiş əks xəyalı alınır. Büllur qişa daha qabarıq və daha yastı ola bilir. Yaxındakı əşyalara baxdıqda büllurun əyriliyi artır, buna görə də şüalar gözdə daha çox sınır və tor qişada əşyaların aydın xəyalı alınır. Biz uzaqdakı əşyalara baxdıqda büllur yastılaşır və burada şüalar az sınır. Yaxını görən adamlarda ya göz almasının forması uzanır və ya büllur qüvvətli qabarır. Hər iki halda uzaqda yerləşən cismin gözdə xəyalı torlu qişanın üzərinə düşür, ondan qabaqda alınır. Ona görə də uzaqda yerləşən cismə baxdıqada, o, aydın görünmür. Göz alması qısaldıqda və ya büllur basıldıqda uzaqda olan cismin xəyalı torlu qişanın arxasında alınır. Bu adamlar uzaqgörən adlanır. Yaxıngörənlər və uzaqgörənlər müvafiq eynək taxmaqla bu çatışmazlıqları aradan qaldırırlar.
İnsan ətraf mühit haqqında informasiyanın 90 % -ni göz vasitəsi ilə alır.[mənbə göstərin]
Fotokamerada əsas prinsip kimi linza üç-ölçülü dünyanı iki ölçülü hamarlama şəklində fokuslayır. Görüntü bu hamarlama olduğuna görə daha kiçik və başı aşağı şəkildə düşür.
İnsan gözünün ön hissəsində yerləşən buynuz qişa və bir az içəridə yerləşən göz bülluru da görüntünü gözün içində fokuslayır. Gözün içi sanki qaranlıq otaqdır, ancaq bu qaranlıq otağın canlı olduğu unudulmamalıdır. Görüntünün başı aşağı düşdüyü yer isə tor qişa adlanan toxumadır. Üzərində görüntünün əmələ gəlməsi baxımından tor qişa fotokamera lentinə bənzədilə bilər. Tor qişanın vəzifəsi bu görüntünü elektrik siqnalları şəklində beyinə ötürməkdir.
Fotoşəkil çəkilərkən əvvəlcə aydınlıq ölçüsü dəqiqləşdirilməlidir. Görmə prosesində ətrafımızdakı görüntülərin həssas təbəqə üzərinə aydın düşməsi üçün göz büllurunun görmək istədiyimiz cismin uzaqlığına görə özünü nizamlaması lazımdır. Fotokameralarda bu proses əl ilə, təkmilləşdirilmiş kameralarda avtomatik edilir. Daha xüsusi məqsədlərdə istifadə edilən mikroskop və teleskoplarda da aydınlıq dərəcəsi nizamlanır. Hər dəfə bu proses vaxt aparır.
Ancaq insan gözü bu nizamlamanı hər an, çox qısa müddət ərzində özü edir. Həm də bu zaman istifadə edilən üsul təqlid edilməyəcək qədər üstündür. Gözün içində yerləşən göz bülluru ətrafında yerləşən əzələlər vasitəsi ilə görüntünü tor qişanın üzərinə fasiləsiz salır. Quruluşu çox elastik olan və asanlıqla forma dəyişdirən bu büllur lazım olduqda qabarır, lazım olduqda gərilərək işığın düşdüyü nöqtəni sabit saxlayır.
Əgər gözdə bu nizamlama öz-özünə edilməsəydi, məsələn, bir düymə vasitəsilə insan baxdığı nöqtəni fokuslamalı olsaydı, görmək üçün davamlı olaraq xüsusi səy göstərməliydi. Görüntü gah aydınlanacaq, gah da bulanıq olacaqdı. Bir cismə baxdıqda görə bilmək çox vaxt aparacaq, həyat çox axsayacaqdı.
İnsan qarşısında müəyyən uzaqlıqda duran cismi aydın görmək istədikdə aradakı məsafəni, göz büllurunun fokuslama dərəcəsini və bunlarla bağlı bir çox optik hesablamaları etməklə məşğul olmur. Cismi aydın görmək üçün sadəcə ona baxması kifayətdir. Qalan bütün proseslər avtomatik şəkildə göz və beyin tərəfindən yerinə yetirilir. Həm də bu proseslər sadəcə bir istəmə müddəti qədər qısadır.
Fotokamera ilə gündüz çəkilən fotoşəkil aydın olur. Eyni lent və fotokamera ilə gecə ulduzlar və səma çəkildikdə isə fotokamerada heç nə görünmür. Lakin göz qapaqları saniyənin onda biri qədər az müddətdə açıqldıqda belə ulduzlar açıq gözlə görünür. Çünki göz çox müxtəlif aydınlatma şərtlərinə və fərqli işıq dərəcələrinə görə özünü hər an avtomatik nizamlayır. Bunu təmin edən göz bəbəyi ətrafındakı əzələlərdir. Əgər mühit qaranlıq olsa, bu əzələlər açılır, göz bəbəyi böyüyür və gözə daha çox işığın girməsi təmin edilir. Əgər mühit işıqlıdırsa, bu zaman əzələlər yığılır, göz bəbəyi kiçilir və içəri girən işığın miqdarı azaldılır. Bu sayədə həm gecə, həm də gündüz görüntü aydın olur.
Göz, görüntünün eyni anda həm ağ-qara, həm də rəngli fotoşəklini çəkir. Daha sonra bu fotoşəkillər beyində sintez olunaraq normal görüntüyə çevrilirlər.
Tor qişada yerləşən çöpcüklər görülən obyektin ağ-qara görüntüsünü müəyyən edir. Çöpcüklərin digər funksiyası baxılan cismin formasını, cizgilərini təfərrüatı ilə qəbul etməkdir. Kolbacıq hüceyrələri isə cismin formasını deyil, rənglərini müəyyənləşdirirlər. Nəticədə hər iki hüceyrədən alınan siqnalların dəyərləndirilməsi ilə xarici aləmin görüntüsü formalaşır və rənglər halında beyində əmələ gəlir.
TV-nin iş prinsipi görüntülərin deyil, bir görüntünü yenidən əmələ gətirəcək az və ya çox işıqlı nöqtə ardıcıllığının ötürülməsinə əsaslanır. Ona görə kamera qarşısındakı cisim, sətir deyilən müəyyən sayda zolağa bölündüyü üçün yayım əsnasında "axtarma" prosesi olur. Bir fotosel lampa belə bir sətrin bütün nöqtələrini soldan sağa, bir-birinin ardınca görür. Hamısının işıq vəziyyətini dəyərləndirir və sonda bunlara əsaslanaraq bəzi siqnallar verir. Bir sətri əvvəldən axıra qədər axtardıqdan sonra sonrakı sətrə keçir və bu proses beləcə davam edir. Bu fotoselin işləmə ritmi bir görüntünün 625 və ya 819 sətrini 1/25 saniyədə axtaracaq şəkildə hesablanmışdır. Beləliklə, bütöv bir görüntünün tamamlanması bitən kimi yeni görüntü ötürülür. Bu şəkildə ötürülən bildirişlərin sayı çoxdur və siqnallar hədsiz sürətlə verilir.
Göz ilə beyin arasında yerləşən sinir kanalları da eyni şəkildə hüceyrələr tərəfindən ortaq istifadə edilirlər. Beləliklə, milyonlarla hüceyrədən çıxan elektrik siqnalları hər an beyinə ötürülür.
Bu misaldan da göründüyü kimi insan orqanizmikndə çox təkmilləşmiş sistem var. İndi bu sistemi təkamül nəzəriyyəsinin iddialarına əsasən, baş verməsi tamamilə mümkünsüz olan fərziyyələrlə açıqlamağa çalışaq.
Gözü əmələ gətirən bütün təbəqələrin, göz büllurunun, buynuz qişanın, göz əzələlərinin, beyinin, beyinlə əlaqə quran bir milyon sinir kanalının, tor qişanı əmələ gətirən 140 milyon hüceyrənin, göz qapağının, göz yaşının, göz yaşı vəzlərinin, gözü qidalandıran qan və limfa damarlarının və içlərindəki qan və limfanın hamısının eyni anda, bir-birlərilə əlaqəli şəkildə -tamamilə mümkünsüz olmasına baxmayaraq – təsadüfən meydana gəldiklərini düşünək. Görmə yenə baş verməyəcəkdi, çünki mövcud kanallar beyinlə əlaqə qurmaq üçün kifayət etməyəcəkdi. Mövcud siqnalların sadəcə 140-da biri beyinə çatacaq, qırıq və ya əskik siqnallara görə görüntü əmələ gəlməyəcəkdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.