![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/94/Bundesarchiv_Bild_183-R01996%252C_Brieftaube_mit_Fotokamera_cropped.jpg/640px-Bundesarchiv_Bild_183-R01996%252C_Brieftaube_mit_Fotokamera_cropped.jpg&w=640&q=50)
Göyərçin fotoqrafiyası
From Wikipedia, the free encyclopedia
Göyərçin fotoqrafiyası 1907-ci ildə alman əczaçısı Culiyus Nübronner tərəfindən ixtira olunmuş aerofotoçəkiliş texnikasıdır. Miniatür kameranın yerləşdirilməsi üçün poçt göyərçini alüminium qoşqu ilə təchiz olunurdu. Nübronnerin patenti ilk başda qəbul edilmədi, fəqət onun 1908-ci ildə göyərçinləri vasitəsilə çəkdiyi uğurlu şəkillər patentin qəbul olunması ilə nəticələndi. Nübronner texnikasını ilk dəfə 1909-cu ildə Drezden Beynəlxalq Fotoqrafik Sərgisində ictimailəşdirdi. Çəkdiyi şəkillərin bəzilərini Frankfurt Beynəlxalq Aviasiya Sərgisinə, 1910 və 1911-ci illərdə isə Paris Hava Nümayişlərinə poçt kartoçkaları olaraq satdı.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/94/Bundesarchiv_Bild_183-R01996%2C_Brieftaube_mit_Fotokamera_cropped.jpg/320px-Bundesarchiv_Bild_183-R01996%2C_Brieftaube_mit_Fotokamera_cropped.jpg)
İlkin dövrlərdə göyərçin fotoqrafiyasının hərbi kəşfiyyat cəhətdən potensiyalı yüksək idi. Birinci Dünya Müharibəsindəki testlər də müsbət nəticələr göstərmişdi. Müharibədə poçt göyərçinləri üçün düzəldilmiş daşına bilən göyərçin evi texnologiyasının da təsiri az olmamışdı. Aviasiya sahəsində mükəmməlliyin üstün tutulması göyərçin fotoqrafiyasına olan hərbi marağın azalması ilə nəticələndi və beləcə Nübronner eksperimentlərini dayandırdı. Bu fikir 1930-cu ildə İsveç saatsazı tərəfindən dirçəldildi, habelə Alman və Fransız orduları tərəfindən istifadəsi davam etdirildi. Müharibə göyərçinlərinin İkinci Dünya Müharibəsində geniş şəkildə istifadə edilməsinə baxmayaraq, hərbi kəşfiyyatlarda nə dərəcədə rol oynadıqları naməlumdur. Daha sonra Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) casusluq məqsədli batareya ilə təchiz olunmuş kameralar təkmilləşdirdi. Bu kameraların funksiyanallığı isə məxfidir.
Şəkillərin çəkilməsi zamanı göyərçinlərin istiqamətinin, məkanının və sürətinin idarə olunması ilə yanaşı yetəri qədər kiçik və yüngül mexanizmli vaxtölçən alətin təkmilləşdirilməsi də bir sıra çətinliklərə səbəb olmuşdu. 2004-cü ildə Britan Yayım Korporasiyası (BBC) qızılquş və tetraçalan quşlarına miniatür televiziya kameraları qoşaraq canlı görüntülər əldə etmişdi. Bu gün də bəzi araşdırmaçılar, həvəskarlar və sənətkarlar müxtəlif növ heyvanlar vasitəsilə bənzər çəkilişlər edir.