Fransa Avroviziya Mahnı Müsabiqəsində
From Wikipedia, the free encyclopedia
Fransa Avroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 62 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qoşulduğu ildən indiyə kimi Fransa yalnız iki dəfə 1974 və 1982-ci illərdə Avroviziyada iştirak etməmişdir. Ölkə 20-ci əsrdə Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri olmuşdur. Belə ki, ötən əsr boyunca Fransa Avroviziyada beş dəfə qələbə qazanmış, dörd dəfə ikinci, yeddi dəfə üçüncü və ümumilikdə iyirmi dörd dəfə ilk beşlikdə yer almışdır. Fransa Almaniya, Böyük Britaniya, İtaliya və İspaniya ilə birlikdə Avroviziyanın "Böyük Beşlik" ölkələrindən biridir və birbaşa olaraq müsabiqənin finalında iştirak edir. Buna səbəb isə müvafiq ölkələrin müsabiqənin ən böyük maliyyə dəstəkçiləri olmalarıdır.
Fransa ilk Avroviziya qələbəsini 1958-ci ildə Andre Klavyönün ifa etdiyi "Dors, mon amour" mahnısı ilə qazanmışdır. Bir il sonra 1960-cı ildə ölkə təmsilçisi Jaklin Boye ifa etdiyi "Tom Pillibi" mahnısı ilə Fransaya ikinci Avroviziya qələbəsini qazandırmışdır. Çox keçmədən 1962-ci ildə Fransanı müsabiqədə təmsil edən İzabel Obre səsləndirdiyi "Un premier amour" mahnısı ilə ölkəyə üçüncü qalibiyyət sevincini yaşatmışdır. Fransanın dördüncü Avroviziya qələbəsi 1969-cu ildə Frida Bokkaranın ifa etdiyi "Un jour, un enfant" mahnısı ilə əldə edilmişdir. Lakin həmin müsabiqədə Fransa təmsilçisi ilə yanaşı həm də Böyük Britaniya, İspaniya və Niderland təmsilçiləri də müsabiqənin qalibi elan edilmişdir. Hər dörd ölkə səsvermənin sonunda eyni xalı toplayaraq birinci yerdə qərarlaşmışdırlar. Həmin ilədək Avroviziyada oxşar hadisə ilə rastlaşılmadığı üçün səslərin bərabərliyi vəziyyət ilə bağlı müsabiqədə ümumi qayda yox idi və nəticə olaraq, gecənin sonunda dörd ölkənin hər biri müsabiqənin qalibi elan edilmişdir. Fransa indiyədək olan ən son Avroviziya qələbəsini isə 1977-ci ildə Mari Miriamın ifa etdiyi "L'oiseau et l'enfant" mahnısı ilə qazanmışdır.
21-ci əsrdə isə Fransa Avroviziyada heç də uğurlu nəticələr göstərməmişdir. Belə ki, 2000-ci ildən bəri ölkə yalnız iki dəfə müsabiqədə ilk beşliyə daxil ola bilmişdir. 2001-ci ildə Fransa təmsilçisi Nataşa Sen-Pyer dördüncü, 2002-ci ildə Sandrin Fransua beşinci yeri tutmuşdur. Altmış ilə yaxın iştirakı boyunca Fransa ilk dəfə 2014-cü ildə Avroviziya finalında sonuncu yeri tutmuşdur.