Fetəng döyüşüNadir şah ilə Xivə xanlığının hökmdarı II İlbars xan arasında Nadirin Mərkəzi Asiya yürüşü çərçivəsində baş vermiş döyüş.[1]

Cəld faktlar Tarix, Yeri ...
Fetəng döyüşü
Nadir şahın Mərkəzi Asiya yürüşüNadirin yürüşləri
Thumb
Nadir şahın İlbars xana qarşı döyüşünün rəsmi
Tarix 1740
Yeri Fetəng, Mərkəzi Asiya
Səbəbi Mərkəzi Asiyadan olan hücumlara cavab olaraq Nadir şahın yürüşü.
Nəticəsi Nadir şahın qələbəsi.
Ərazi dəyişikliyi Mərkəzi Asiya xanlıqları Nadir şahdan asılı oldu.
Münaqişə tərəfləri

Əfşar imperiyası

Buxara xanlığı
Xivə xanlığı

Komandan(lar)

Nadir şah Əfşar

II İlbars xan

    Bağla

    Arxa plan

    Nadir Hindistanda olarkən Xivə xanlığını döyüşçüləri vaxtaşırı olaraq hücum edib Xorasanı yağmalayırdılar. Buna cavab olaraq Xorasanda olan nadir şahın vəliəhdi şahzadə Rzaqulu Mirzə Əfşar Mərkəzi Asiyaya yürüş etdi və qələbə qazandı. Lakin Nadir ona hücumlarını davam etdirmyə icazə vermədi. Çünki məqsədi geri dönüb öz komandanlığı altında daha iri həcmli yürüş həyata keçirmək idi.

    Nadir Hindistanda böyük qələbə qazanıb geri döndükdən sonra Mərkəzi Asiyaya yürüşə başladı. Onun hədəfində Buxara hakimi Əbülfəz xan və Xivə hakimi İlbars xan var idi. 1740-cı ilin sonlarında Əbülfəz xan məğlub edildi. Nadirə məğlub olduqdan sonra tabe olacağını bildirən Əbülfəz xanın başına Türküstan hökmdarlığı şahı qoyuldu. Belə bir təklif İlbars xana edilsə də, o, bu təklifi rədd etdi.

    İlkin toqquşmalar

    Nadir şah hələ Buxarada olarkən İlbars xana məktub yazaraq Əbülfəz xan kimi tabe olmağını istədi, lakin bu təklif rədd edildi. Ilbars xan onu da qərara aldı ki, Məhəmmədəli xan Uşağın rəhbərliyi altında özbək, aral, yəmut və türkmən süvarilərindən ibarət 30 min nəfərlik qoşun dəstəsini Çarcoya göndərsin. Bu dəstə Nadir şahın qoşun dəstəsindən daha tez Çarcoya çatsın, Amu-Dərya üzərindəki keçidi dağıtsın və bununla da Nadir şah qoşunlarının çaydan keçidini çətinləşdirsin. İlbars xan əmin idi ki, Məhəmmədəli xanın rəhbərliyi altındakı qoşun dəstəsi ilə Nadir şahın qoşunlarını pərən-pərən salacaq və onu geri çəkilməyə məcbur edəcəkdir. Həmin qoşun dəstəsi Çarconun 6 millik məsafəsinə yetişəndə Nadir şah vəziyyətin nə yerdə olduğundan xəbər tutdu. Çarco yaxınlığında Amudərya üzərindəki keçidin ələ keçirilməsi Nadir şahın Xarəzmə yürüşünü çətinləşdirəcəyi aydın idi. Ona görə Nadir şah qoşunların yükünü və təchizatını arxada buraxıb təcrübəli döyüşçülərdən ibarət dəstəsi ilə Çarcoya doğru hərəkəti sürətləndirdi. Arxada qalan yüklər və təchizat onları müşayiət edən dəstə ilə hərəkəti davam etdirib Çarcoda Nadir şaha birləşməli idi. Həmin dəstəyə rəhbərlik Rzaqulu Mirzəyə tapşırıldı. Nadir şahın rəhbərliyi altında olan dəstədə 20 min döyüşçü var idi. Bundan başqa Nadir şah Mərv bəylərbəyi Məhəmmədrza xan Qırxlıya xəbər göndərdi ki, Çarco ətrafında qarovula təyin edilmiş 3 minlik Mərv dəstəsi də ona qoşulsun.Mərv əhalisi türkmən və ya özbək tayfaları ilə daim düşmənçilikdə olduğu üçün Nadir şah Mərv dəstəsindən həmin tayfalara qarşı istifadə edilməsini faydalı sayırdı.[2]

    Nadir şah, İlbars xanın kifayət qədər güclü və döyüşgən qoşuna malik olmasından da xəbərdar idi. Ona görə də Çarcoya doğru hərəkət zamanı qoşunların cinahlardan, arxadan və qarşıdan mühafizəsini, habelə qoşunların yığcam şəkildə hərəkətini təmin etdi. Nadir şah vaxtında özünü Çarcoya yetirdi, Amu-Dərya çayını adlayıb o biri sahildə düşərgə saldı. Bir gündən sonra arxada qalan qüvvələr də gəlib ona yetişdi. Çarcoya çatandan sonra Nadir şah Rzaqulu Mirzənin geri qayıtmasına razılıq verdi. Çarcoda da lazımi təşkilati işləri başa vurandan sonra Nadir şah qoşunla Dəvəboyunu dərəsi adlanan yerə hərəkət etdi. Yola düşməzdən əvvəl o, qoşunu yenidən qruplaşdırdı və bütün qoşun dörd böyük dəstəyə bölündü.Qarşıda gedən dəstə eyni zamanda mühafizə rolunu oynayırdı. Bu dəstənin arxasınca qoşunların əsas hissəsi irəliləyirdi. Digər iki dəstə isə cinah mühafizə dəstələrini təşkil edirdilər. Bundan başqa 6 min nəfərlik bir dəstə sahil boyunca hərəkət edir və çayda azuqə ehtiyatları aparan gəminin mühafizəsini təmin edirdi. Dəvəboyunu dərəsinə çatanda Nadir şah qoşunlara dayanmaq əmri verdi və onun göstərişi ilə qoşunun yükləri bir yerə toplandı və onun mühafizəsinə xüsusi dəstə təyin edildi. Nadir şahın Dəvəboyunu dərəsinə çatması 1740-cı il oktyabr ayının son günlərinə təsadüf edir.[3]

    Hər iki ordunun avanqard dəstələri arasında baş vermiş döyüşdə Nadirin dəstələri qələbə qazandılar.[4]

    Döyüş

    Fetənk qalası yaxınlığında qarşı tərəflər üzbəüz gəldilər. Döyüş başlamazdan əvvəl hər iki tərəf öz qüvvələrini qruplaşdırdı. Mərkəz, sağ və sol cinahlar, pusqu və ehtiyat qüvvəsi müəyyənləşdirildi, onların hər birinə rəhbərlik təcrübəli sərkərdələrə tapşırıldı. 6 min nəfər olan yəmut döyüşçüləri dəstəsi də İlbars qoşunlarının çərxigərləri kimi döyüşə ilk qatılanlardan oldu. Onlar Nadir şah qoşunlarının hərəkət yollarını kəsib döyüşün qızışmasına səbəb oldular. Yəmut döyüşçüləri elə bir əzmkarlıq nümayiş etdirdilər ki, hətta cəbhənin iki istiqamətində Nadir şah qoşunlarının müqavimətini qırıb irəliləyə bildilər. Yəmutların irəliləməsinin təhlükəli hal almasına yol verməmək üçün Nadir şah dərhal özü döyüş meydanına atıldı və yəmut qoşunlarına doğru irəlilədi. Həmişə yəmutTürküstan süvarilərinin talançı yürüşlərinə məruz qalan və yəmutlardan qisas almaq üçün fürsət axtaran əfşar, Mərv və Ətək süvariləri də Nadir şahı müşayiət edirdilər. Bu addımı ilə Nadir şah yəmutların müvəqqəti uğur qazandığı istiqamətdə qüvvə üstünlüyü yaratdı və çox tezliklə həmin qüvvə üstünlüyü hərbi üstünlüyə çevrildi. Irəliyə can atan yəmutlara ciddi zərbə endirildi və onların sıralarına bir vəlvələ salındı. Nadir şahın döyüşə atılması ilə döyüş meydanında gərginlik artdı. Bütünlükdə, Fetənk qalası ətrafında baş verənlərin real mənzərəsini yaratmaq mümkün olmasa da məlumdur ki, Nadir şah döyüşə qatıldığı istiqamətdə əldə etdiyi uğur ümumi nəticəyə də öz təsirini göstərdi. Nadir şahın sərt müqaviməti ilə qarşılaşandan sonra yəmut döyüşçüləri geri çəkilmək məcburiyyətində qaldılar.Onların bu addımı digər dəstələrə də öz təsirini göstərdi və İlbars xan növbəti qarşıdurmada da Nadir şah qoşunlarının şücaəti qarşısında aciz qalaraq geri qaçmalı oldu. Onun qüvvələrinin təqibi zamanı çoxlu öldürülən və əsir düşənlər oldu. Hezarəsb qalasına yetişmələri isə İlbars xan qoşunlarını məhv olmaqdan xilas etdi.[5]

    Nəticə

    Nadir İlbars xanın qoşunlarını da bu döyüş nəticəsində darmadağın etdi. İlbars xanın sonradan sığındığı Hezarəsb qalası, Xanəgah qalası da Nadir tərəfindən ələ keçirildi. Ən sonda bütün qüvvələri tükənən İlbars xan Nadir tərəfindən ələ keçirilərək edam edildi.[1]

    Həmçinin bax

    İstinadlar

    Mənbə

    Wikiwand in your browser!

    Seamless Wikipedia browsing. On steroids.

    Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

    Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.