Electronic Arts tərəfindən alınan şirkətlərin siyahısı
From Wikipedia, the free encyclopedia
Electronic Arts — kompüter oyunları hazırlayan və yayımlayan ABŞ mərkəzli şirkət. 1982-ci ildə əsası qoyulmuşdur. Məhsulları arasında EA Sports ilə birgə hazırlanan idman simulyatorları, həmçinin The Sims və digər oyunlar yer alır.[1]
Electronic Arts, intellektual mülkiyyətini genişləndirmək üçün daim yeni şirkətlər almağa çalışır. İndiyə qədər alınan şirkətlərdən ən böyüklərindən biri də JAMDAT Mobile olmuşdur. EA sədri və baş icraçı direktoru Larri Probst bu böyük alışdan sonra: "Mobil oyunlarda liderlik etməyi qərara aldıq." — deyə çıxış etmişdir.[2] JAMDAT Mobile şirkətinin alınmasından sonra Electronic Arts-ın bir qolu olan EA Mobile yaranmış və hazırlanan məzmunlar telefon və planşet istifadəçilərinə də təqdim edilmişdir.[1] Origin Systems şirkətinin alınmasından sonra bəzi şirkət işçiləri Electronic Arts-ın onlara daha çox imkanlar yaratdığını, lakin bir çox məsələdə onlara güvənmədiyini, səhv etdikləri təqdirdə uzun müddət təlimlərdən keçirildiklərini bildirmişdir.[3][4] DICE Canada, Origin Systems, EA Chicago və Pandemic Studios da daxil olmaqla, Electronic Arts tərəfindən alınan bütün şirkətlər qısa müddət ərzində fəaliyyətini dayandırmışdır.[5][6][7][8] Oyun bloqqeri Brayan Kreskent, Electronic Arts, aldığı şirkətlərin keyfiyyəti ilə maraqlanmadığını və sadəcə onlara maraqlı olan məhsulu əldə etdikdən sonra, həmin şirkətlərlə əlaqələrini tamamilə kəsdiyini bildirmişdir.[9]
2015-ci ilin fevral ayından etibarən Electronic Arts tərəfindən alınan ən böyük şirkət, 775 milyon ABŞ dolları dəyərində BioWare və Pandemic Studios videooyun istehsalçılarının keçmiş sahibi olan VG Holding olmuşdur. EA tərəfindən alınan 39 şirkətdən 20-si ABŞ-də, 5-i İngiltərədə, 6-sı Mərkəzi Avropada və 8-i isə digər ölkələrdə qurulmuşdur. Bununla yanaşı, alınan şirkətlərin əksəriyyətinin studiyaları artıq sıradan çıxmışdır. Ümumilikdə ABŞ-də 2, digər ölkələrdə isə qurulan 3 şirkət fəaliyyətini dayandırmışdır. 2004-cü ildə Electronic Arts, Fransa mərkəzli Ubisoft şirkətinin səhmlərinin 19,9%-ni alsa da, 2010-cu ildə satmaq məcburiyyətində qalmışdır.[10][11]
Siyahıda göstərilən bütün alışlar, qarşısında qeyd edilmədiyi təqdirdə, şirkətin bütün qolları üzrə nəzərdə tutulmuşdur. Siyahıda yer alan tarixlər, Electronic Arts və həmin şirkət arasında müqavilənin imzalanma tarixini əks etdirir. Electronic Arts şirkəti ABŞ mərkəzli olduğu üçün bütün alışların qiyməti ABŞ dolları ilə göstərilmişdir. Qiyməti göstərilməyən alışlar isə Electronic Arts tərəfindən açıqlanmamışdır. Şirkət 1992-ci ildən bəri ən böyük 10 alışı üçün təxminən 2.9 milyard ABŞ dolları xərcləmişdir.[12]