Ebla lövhələri
From Wikipedia, the free encyclopedia
Ebla lövhələri — Suriyanın sərhədləri daxilində yerləşən qədim Ebla şəhərindəki 1800 ədəd tam gil lövhə, 4700 hissə və minlərlə xırda parçadan ibarət olan bir saray arxivi kolleksiyasıdır.[1] Lövhələr italyan arxeoloq Paolo Matthiae və qrupu tərəfindən 1974–75-ci illərdə qədim Tell Mardikh şəhərində aparılan qazıntılar zamanı aşkar edilmişdir.[2][3] Hamısı e.ə. 2500 ilə şəhərin dağıldığı 2250-ci illər arasındadır.[4] Bu günlərdə lövhələr Suriyanın Hələb, Şam və İdlib muzeylərində saxlanılır.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/85/Calco_di_tavoletta_in_terracotta_da_Ebla_-_Museo_d%27Arte_Orientale_Roma.jpg/640px-Calco_di_tavoletta_in_terracotta_da_Ebla_-_Museo_d%27Arte_Orientale_Roma.jpg)
E.ə. 2500-cü illərə aid Ebla lövhələri din tarixini öyrənmək baxımından çox əhəmiyyətli məlumatlar daşıyır. 1975-ci ildən etibarən bir neçə dəfə tədqiqat və müzakirə mövzusu olan Ebla lövhələrinin ən əhəmiyyətli xüsusiyyəti isə İlahi kitablarda bəhs edilən üç peyğəmbərin adının çəkilməsidir.
Ebla lövhələrinin min illər sonra tapılması Quranda bildirilən qövmlərin coğrafi mövqeyinin müəyyən olunması baxımından çox əhəmiyyətlidir.
Ebla e.ə. 2500-cü illərdə indiki Suriyanın paytaxtı olan Şam və Türkiyənin cənub-şərq ərazilərini əhatə edən krallıq idi. Bu krallıq mədəni və iqtisadi baxımdan inkişaf etmiş, amma bir müddət sonra (bir çox sivilizasiyada olduğu kimi) tarix səhnəsindən silinmişdi. Ebla krallığının dövrünün tanınmış bir mədəniyyət və ticarət mərkəzi olduğu lövhələrdən aydın olur. Eblalılar dövlət arxivi formalaşdıran, kitabxana quran və yazılı şəkildə ticarət müqavilələri bağlayan bir mədəniyyətə sahib idilər. Hətta Eblait adlanan öz dilləri var idi.[5]