![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/12/Janissary_Recruitment_in_the_Balkans-Suleymanname.jpg/640px-Janissary_Recruitment_in_the_Balkans-Suleymanname.jpg&w=640&q=50)
Devşirmə
From Wikipedia, the free encyclopedia
Devşirmə və ya dəvşirmə (osman. دوشیرمه, hərf. toplamaq;[3] digər dillərdə adətən "uşaq vergisi"[lower-alpha 1] və ya "qan vergisi"[lower-alpha 2] kimi tərcümə olunur)[4] — Osmanlı dövlətinin Balkanlarda yaşayan xristian təbəələrinin uşaqları arasından əsgər və bürokratları məcburi formada hərbi xidmətə cəlb etmək və onları islam dinində böyütmək təcrübəsi.[5][6][7] Balkanlardan gələnlər, ilk növbədə, zadəgan Balkan ailələrindən və rəayət (kasıb) təbəqələrdən idi.[8][9] Bu, ilk dəfə 1438-ci ildə yazılı hesablarda qeyd olunmuşdur,[10] lakin yəqin ki, daha əvvəldən başlamışdır. Bu sistem sultana sadiq əsgər və məmurlardan ibarət bir dəstə yaratmışdır.[11] Devşirmə sistemi bəzən sultana qarşı çıxan türk zadəganlarına qarşı tarazlıq yaradırdı.[12][13] Sistem 1400-cü illərdən 1600-cü ilə qədər xeyli sayda sədrəzəmlər yetişdirmişdir. Bu, Osmanlı imperiyasında sultandan sonra ikinci ən güclü mövqe idi. Başlanğıcda sədrəzəmlər sırf türkəsilli idilər, lakin sultan II Mehmed ilə edam edilən ilk sədrəzəm olan türkəsilli Kiçik Çandarlı Xəlil Paşa arasında problemlər yarandıqdan sonra mənşəyi kölə olan idarəedicilərin yüksəliş dövrü başlamışdır. Türk aristokratiyasının azad idarəçilərinə nisbətən sultanlar üçün onları idarə etmək daha asan idi.[14] Devşirmə 1400–1600-cü illərdə Osmanlı imperiyasının bir çox vilayət valilərini, hərbi komandirlərini və divanlarını da yetişdirmişdir.[15] Bəzən devşirmə şəxslər kastrasiya edilir və xədim olurlar.[16] Çox vaxt hərəm üçün təyin olunsa da, devşirməmənşəli bir çox xədimlər sədrəzəmlər Xədim Əli Paşa, Sənan Boroviniç və Xədim Həsən Paşa kimi orduda və hökumətdə mühüm vəzifələr tutmuşdular.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/12/Janissary_Recruitment_in_the_Balkans-Suleymanname.jpg/640px-Janissary_Recruitment_in_the_Balkans-Suleymanname.jpg)
Osmanlı məmurları Şərqi, Cənubi və Cənub-Şərqi Avropadan 7 ilə 20 yaş arasında olan kişi xristian uşaqları götürüb İstanbula köçürür,[17] burada dinləri dəyişdirilir, sünnət olunur, assimilyasiya edilir və yeniçəri piyadaları korpusunda və ya saray vəzifələrində xidmət etmək üçün tərbiyə edilirdi.[18] Devşirməmənşəli şəxslər nadir hallarda satılırdı, baxmayaraq ki, bəziləri şəxsi evlərdə kölə kimi qala bilərdilər.[18] Onların valideynlərindən zorla alınması devşirmə sistemini yerli əhalinin narazılığına səbəb olmuşdur,[19] lakin 1565-ci ildə Albaniyada devşirmə sisteminə qarşı üsyan istisna olmaqla, bu sistemə zorakı etirazlar nadir hal almışdı.[20][21] Onlara ailələri ilə bütün əlaqələri kəsmək əmri verilmişdir, lakin bəziləri vəzifələrindən istifadə edərək ailələrinə kömək edə bilmişdilər.[22] Şəhərli xristian və müsəlman valideynlərin devşirmə sisteminin bir hissəsi olmağın verəcəyi potensial üstünlüklər səbəbilə rüşvətxorluğa və ya övladlarını ölkəyə göndərməyə əl atdıqlarına dair bəzi sübutlar var.[23] Oğlanları islamı qəbul etməyə məcbur edilirdilər.[24] Bəzi istisnalar olsa da, müsəlmanların sistemə daxil olmasına icazə verilməmişdir, lakin bəzi müsəlman ailələr hər halda oğullarını qaçaq yollarla ilə sistemə keçirmişdilər.[25]
Speros Vironisin sözlərinə görə, "Osmanlılar övladlarını itirmək kimi xristianlar arasında ümumi yayılmış qorxudan istifadə edərək xristian torpaqlarının təslim edilməsi üçün danışıqlarda devşirmə azadlığı təkliflərindən istifadə etmişdilər. Bu cür istisnalar Yanina, Qalata, Moreya, Xios və s. yerlərə verilən təslim şərtlərinə daxil edilmişdir. Osmanlı dövləti üçün əhəmiyyətə malik xüsusi fəaliyyətlə məşğul olan xristianlar, onların əməyinin imperiya üçün önəmini dərk edərək övladlarının boyununa düşən qan vergisindən azad edilirdilər".[26]
Bir çox alimlər devşirmə əməlini islam qanunlarına zidd hesab edirlər.[10][27][28] Devid Nikol yazmışdır ki, xristian oğlanların əsarət altına alınması islamda təmin edilən zimmi qorumalarını pozur,[29] lakin Xəlil İnalcık devşirmələrin bir vaxtlar islamı qəbul edən kölə olmadığını iddia edir.[30][lower-alpha 3]
Oğlanlar formal təhsil almış, elm, hərb və bürokratik idarəçilik üzrə təlim görmüş, Osmanlı imperiyasında sultanın müşaviri, elit piyada, orduda sərkərdə, donanmada admiral və maliyyə sahəsində çalışan bürokrat olmuşdular.[2] Onlar qabiliyyətlərinə görə ayrılırdılar və ləyaqətlərinə görə dərəcələrini yüksəldə bilirdilər. İmperiyanın ən yüksək vəzifələrinə ən istedadlı olan "iç oğlanları" yetişdirilirdi.[22] Digərləri ordu, o cümlədən məşhur yeniçərilər sıralarına qoşulmuşdular.[31]
Osmanlı əsgərləri xristian ailələrindən olan oğulları yox, öz oğullarını orduya cəlb etməyə üstünlük verdikləri üçün bu təcrübə aradan qalxmağa başlamışdır. 1594-cü ildə müsəlmanlara rəsmi olaraq devşirməmənşəli şəxslərin tutduğu vəzifələrə icazə verilmiş və xristianları cəlb etmək sistemi 1648-ci ildə faktiki olaraq dayandırılmışdır.[10][32] 1703-cü ildə onu yenidən təsis etmək cəhdi hərbi və mülki vəzifələrə can atan Osmanlı xanədanı üzvləri tərəfindən müqavimət göstərilmişdir. Nəhayət, III Əhmədin hakimiyyətinin ilk günlərində devşirmə adəti rəsmi olaraq ləğv edilmişdir.