Dançonq
From Wikipedia, the free encyclopedia
Dançonq — Dançonq (Koreya: 단청 (Dancheong); 丹青) üslub məqsədi ilə taxta binalar və artefaktlar üzərində Koreyanın ənənəvi dekorativ bəzədilməsinə deyilir[1]. Koreya dilində hərfi mənada "kinovar və mavi-yaşıl" deməkdir[2]. Bəzən isə "qırmızı və mavi" kimi tərcümə olunur[3][4][5]. Dekorasiyaları və boya rəngləri seçimi ilə yanaşı, Dançonq müxtəlif simvolik mənalar daşıyır[6]. O, beş əsas rəngə əsaslanır; mavi (şərq), ağ (qərb), qırmızı (cənub), qara (şimal) və sarı (mərkəz[7]). Bu beş rəngin istifadəsi yin və yanq prinsipinin və beş elementin fəlsəfəsinin istifadəsini əks etdirməklə yanaşı, həm də bu beş elementi təmsil edir: taxta, od, torpaq, metal və su. Quşlar, əjdahalar, pələnglər və qara tısbağalar kimi flora və faunanın yerləşdirilməsi də Beş Element Nəzəriyyəsinin prinsiplərinə uyğundur. Naxışlara həmçinin Buddizmi təmsil edən lotus, zənginlik və şərəf üçün nar, məhsuldarlıq üçün pion və uzun ömür üçün xrizantema daxildir ki, bunların hamısı həm bu həyatda, həm də sonrakı həyatda rifah arzularını ifadə edir.
Dançonq hər bir regiondan, binanın növündən və tikildiyi dövrdən asılı olaraq fərqli ola bilir. Dançonq, adətən, məbədlər və saraylar kimi mühüm yerlərdə istifadə olunur və hətta məbədlərin damlarının alt hissəsində heyvan naxışlarına (məsələn, əjdahalar, şirlər, durnalar) da rast gəlinə bilir[8]. Dançonq yalnız bəzək kimi deyil, həm də bina səthlərini temperaturdan qorumaq və materialların kobudluğunu daha az nəzərə çarpan etmək kimi praktik məqsədlər üçün də istifadə edilir[9][10]. O, həmçinin taxtanı həşəratlardan qoruyur[11]və ömrünü uzadır. Binaların səthlərində Dançonq tətbiqi bacarıq tələb edir və yüksək təlim keçmiş Dançonqjang (단청장 (Dancheongjang)) adlı sənətkarlar tərəfindən boyalı naxışlar tətbiq edilərək çəkilir[12]. Dançonqjang Cənubi Koreyada yaşayan milli sərvətlər hesab olunur və Cənubi Koreyadakı Mədəni İrs İdarəsi tərəfindən Milli Qeyri-Maddi Mədəni İrsin bir hissəsi kimi təsnif edilir[13].
Dançonq, Çinin memarlıq üslublarından təsirlənmişdir, lakin memarlıq rəsmlərinin oxşar formaları olan digər ölkələrlə müqayisədə fərqli xüsusiyyətləri inkişaf etdirilmiş və Koreyanın ənənəvi memarlığının uzun, fərqli xüsusiyyətinə çevrilmişdir[14]. Məsələn, Koreyanın Dançonq naxışları Çin naxışları ilə müqayisədə daha parlaq, mürəkkəb və son dərəcə incə üslublarla xarakterizə olunur. Yapon naxışları ilə müqayisə olunduqda isə Koreya Dançonq naxışları həm də binaların daxili və xarici görünüşünü bəzəmək üçün istifadə olunur. Yapon memarlığında bu kimi naxışlara çox rast gəlinmir, çünki Yaponiyanın Şinto təriqətində təmizliyə diqqət yetirilir və ağacın təbii vəziyyətdə qalmasına əhəmiyyət verilir. Bunlara misal olaraq, İse və İzumo taisha məbədlərini göstərmək olar.