Dəkkə
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var.
Şəhər | |
Dəkkə | |
---|---|
ঢাকা | |
23°42′ şm. e. 90°22′ ş. u.HGYO | |
Ölkə | Banqladeş |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | VII əsr |
Sahəsi | 815,85 km² |
Mərkəzin hündürlüyü | 60 m |
Saat qurşağı | UTC+06:00 |
Əhalisi | |
Əhalisi | 6 970 105 nəfər (2011) |
Sıxlığı | 23 234 nəf./km² |
Aqlomerasiya | 16 560 000 |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +880 2 |
Poçt indeksi | 1000 |
Digər | |
dhakacity.org (ing.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir. Kitabxanalar: Dəkkə Un-tinin kitabxanası (1921), Mərkəzi kütləvi kitabxana (1958), Britaniya şurası kitabxanası (1959), Milli kitabxana (1968). Muzeylər: Milli muzey (1913), Balda-muzey (incəsənət və arxeologiya, 1927), Elm və texnologiyalar muzeyi (1966), Lalbağ fortu muzeyi və s. Asiya teatr mərkəzinin nəzdində 1996-cı ildən Repertuar teatrı fəaliyyət göstərir. Kinostudiya (1955). Hər il Benqal akademiyası tərəfindən benqal dilində kitabların yarmarkası keçirilir.
Ölkənin kriket və futbol üzrə aparıcı klubları “Abahani” və “Mohammedan” oyunlarını “Banqabandhu” stadionunda (36 min yer) keçirir.[1] 1985 və 1993-cü illərdə Dəkkədə Cənubi Asiya oyunları, 2003-cü ildə futbol üzrə Cənubi Asiya kuboku oyunları keçirilmişdir
Dəkkə Benqaliyanın ən qədim şəhərlərindən biridir. 1608–39 və 1660–1704-cü illərdə Moğol imperiyasının Benqaliya subasının (əyalətinin) paytaxtı olmuşdur.[2] XVII – XVIII əsrin əvvəllərində iri sənətkarlıq və ticarət (pambıq parçalar, əsasən, muslin, həmçinin qızıl, gümüş məmulatları və s. ixracı) mərkəzi idi; Dəkkəyə bir çox Asiya ölkəsindən tacirlər gəlirdilər, XVII əsrin ortalarından Avropa şirkətləri şəhərdə öz faktoriyalarını yaratmağa başlamışdı. Paytaxtın Mürşidabada köçürülməsi (1704) və muslin istehsalının azalması ilə şəhər tənəzzül etdi. İngiltərə Ost-Hind şirkətinin Benqaliyanı işğal etməsindən (1757–64) sonra Dəkkə Britaniyanın nəzarətinə keçdi. XIX əsrin ikinci yarısında şəhər iqtisadiyyatının dirçəlməsi cut və cut məmulatları ticarətinin inkişafı ilə bağlı idi. 1864-cü ildə Dəkkə bələdiyyə statusunu aldı; 1947-ci ildən Pakistandakı Şərqi Benqaliya əyalətinin (1956–71-ci illərdə Şərqi Pakistan əyaləti) əsas şəhəri; 1962– 71-ci illərdə Pakistanın ikinci paytaxtı idi. 1971-ci ilin dekabrından Banqladeş Xalq Respublikasının paytaxtıdır.
Şəhərin köhnə hissəsində (Burhi-Qanq çayının sol sahilində Qədim Dəkkə adlanan yerdə) moğol memarlığına aid çox saylı abidələr saxlanılmışdır: Bara-Katra sarayı (1644–46), düzbucaqlı planlı Pəri-Bibi mavzoleyi (1684) ilə birgə Lalbağ fortu (tikintisi 1678 ildə başlamış, sona çatdırılmamışdır), Hüseyni Dalan türbəsi, Sat (işıqlı) günbəz məscidi (1680-ci illər), “Ulduzlu məscid” (XVIII əsr) və s. Şəhərdə Dəkeşvari hinduist məbədi (XII əsr), Ostin-Frayers kilsəsi (1666) də var. Dəkkədə 700-dən çox məscid fəaliyyət göstərir: Şahbaz xan məscidi (1680), Xan Məhəmməd Mirzə məscidi (1706), Lalbağ Şahi məscidi (18 əsrin əvvəlləri) və s. İngilis neoklassizmi üslubunda bank binası, anqlikan kilsəsi, baş katolik kilsəsi 19 əsrin sonlarında inşa edilmişdir. Yeni Dəkkə adlanan rayonun tikililəri arasında (şəhərin köhnə hissəsindən şimal tərəfdə yerləşir, 1950-ci illərdə tikilməyə başlamışdır) Beyt ül-mükərrəm (1950–60-cı illər) məscidi, Konstitusiya məhkəməsinin binası, inzibati və mədəni mərkəzin binası (1964–84, memar L. Kan), “Şəhidlər” abidəsi (1957–63, heykəltaraş X. Rəhman) və s. var. 1980-ci illərdən şəhərin müxtəlif hissələrində, xüsusilə yeni Dəkkənin bir sıra rayonlarında müasir və qədim hind -benqal memarlıq üslublarını birləşdirən çoxmərtəbəli yaşayış və ofis binaları tikilir.
İqtisadiyyatın aparıcı sektoru xidmət sferasıdır. Dəkkə Banqladeş kommersiya fəaliyyətinin əsas mərkəzidir. Dəkkə fond birjası, ölkənin əsas maliyyə təşkilatlarının, o cümlədən Bangladesh Bank (ölkə nin mərkəzi bankı), Sonali Bank, “American Life Insurance Company”nin mənzil-qərargahları, Banqladeşin bir çox qeyri-hökumət təşki latlarının (“Associa tion for Social Advan -cement”, Grameen Bank və s.-nin) əsas ofisləri burada yerləşir. İri ticarət mərkəzləri tədricən ənənəvi dükan bazarları əvəz edir.
Dəkkə şəhərətrafı ilə birgə Banqladeşin mühüm sənaye rayonununu təşkil edir. Şəhərdə və ətrafında bir neçə sənaye zonası (onlardan ən əsası Dəkkənin şimal hissəsində, Tecqaon rayonundadır) yaradılmışdır. Ölkədə pambıq parçadan geyim istehsal edən üç mindən çox müəssisənin (Banqladeşin ixrac yönlü tikiş sənayesi hazır tekstil məmulatlarının istehsalı üzrə dünya bazarında aparıcı mövqeyə malikdir; ən iri şirkətləri – “New Age Garments Ltd”, “Softex Ltd”, “A-One Bangladesh”, “Youngone Group”) təqr. 80%-i Dəkkədə cəmləşmişdir. Dəkkə cut (“Bangladesh Ju te Mills Corporation”), pambıq parça (“Bangladesh Textiles Mills Corporation”) və pambıq ipliyi istehsalı üzrə ölkənin ən iri mərkəzidir. Digər istehsal sahələri: plastik kütlə, dərman preparatları, dəri məmulatları və ayaqqabı istehsalı. Elektrotexnika (güc transformatorları, elektrik paylayıcı qurğular, avtomatik gərginlik tənzimləyicisi və s.) və elektron sənayenin, metallurgiyanın təkrar emalı müəssisələri və s. fəaliyyət göstərir. Yeyinti sənayesində meyvə konservlərinin istehsalı inkişaf etmişdir. Ənənəvi sənətkarlıq və kustar istehsalı saxlanılmışdır – əl toxuculuğu (pambıq parçalar, o cüm lə dən muslin), zərgərlik məmulatlarının hazırlanması və s.
Dəkkə // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 532–533. ISBN 978-9952-441-11-6.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.