![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2e/Azerbaijani_students_in_Paris_1920.jpg/640px-Azerbaijani_students_in_Paris_1920.jpg&w=640&q=50)
Azərbaycan Xalq Cümhuriyyəti tələbələri
From Wikipedia, the free encyclopedia
Azərbaycan Xalq Cümhuriyyəti tələbələri — 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Qərbi Avropa, Rusiya və Türkiyədə ali təhsil almaq üçün seçilmiş və böyük hissəsi xarici universitetlərdə təhsil almış bir qrup tələbə. Cəmiyyətin müxtəlif təbəqələrindən təxminən 100 tələbə xaricə göndərilmiş, Təhsil Nazirliyinə isə buna görə 7 milyon rubl təsis edilmişdi.[2][3]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2e/Azerbaijani_students_in_Paris_1920.jpg/640px-Azerbaijani_students_in_Paris_1920.jpg)
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, Qırmızı Ordunun ölkəyə girişi nəticəsində ölkənin bolşeviklər tərəfindən işğalı ilə tələbələr əsasən, 1922-ci ildən etibarən maddi problemlərlə üzləşmiş, təhsil haqqını ödəyə bilmədiyi üçün ağır işlərdə çalışmağa məcbur qalanlar, həbsxanaya düşənlər olmuşdur.[4] Tələbələrin bir hissəsi təhsilini davam etdirməyə müyəssər olmuş, ardınca Azərbaycana dönmüş, zavod rəhbərləri və neft yataqlarının idarəçiləri kimi əhəmiyyətli uğurlar əldə etmişlər. Onların arasında hətta Lenin ordeni kimi dövlət mükafatları ilə təltif edilənlər də olmuşdur.[2]
Buna baxmayaraq, Azərbaycana dönmüş tələbələr ardıcıl surətdə təqib olunmuş, hətta 1930-cu illərdə onların bir qismi, Azərbaycanın müstəqilliyinin bərpa edilməsi və Almaniya üçün casusluq ittihamı ilə NKVD tərəfindən repressiyaya uğramışdır.[5][2]