From Wikipedia, the free encyclopedia
Cənubi Afrika Respublikasının ərazisi 22° cənub enliyindən cənubada, tropik və subtropik qurşaqlarda yerləşir. Sahilləri, əsasən, dağlıqdır; az miqdarda əlverişli körfəz və buxtaları var. Sahil xəttinin uzunluğu 2798 km-dir.
Cənubi Afrika Respublikası ərazisinin böyük hissəsi Kembriyəqədər yaşlı Afrika platformasının cənub kənarı hüdudlarındadır; yalnız Kap dağları Hersin qırışıqlığı vilayətinə aiddir. Transvaal massivi, Arxey, Orta və Son Proterozoyun mütəhərrik qurşaqları, Karru və Kalaxari sineklizləri platformanın əsas strukturlarıdır. Massivdə qranit-qneyslərdən, qranulitlərdən, yaşıldaş vulkanik çökmə qatlardan ibarət platforma bünövrəsini Üst Arxey – Orta Proterozoyun platforma çexolu (terrigen və karbonatlı çöküntülər, qızıllı konqlomeratlar, riolitlər, andezitlər, bazaltlar və onların tufları) örtür. Platformanın sonrakı inkişaf mərhələlərində Buşveld lopoliti (qabbrolar, noritlər, peridotitlər, anortozitlər, qranitlər), karbonatitlər, siyenitlər, kimberlitlər və Mezozoyun qələvi qranitləri ilə yarılmış Transvaal sineklizi yaranır.[1].
Keys qurşağının qərbində qırışıqlığa məruz qalmış Proterozoy yaşlı terrigen, vulkanik və karbonat süxurlar zolağı izlənilir. Bu rayonda metamorfizmə uğramış çexol (Vend–Kembri) Keys qurşağında peqmatitlərin əmələ gəlməsi və qərbdə qranit intruziyalarının soxulması ilə formalaşmışdır. Fanerozoyun çökmə çexolunu Paleozoy-Mezozoyun terrigen və kömürlü çöküntüləri, Erkən Yura yaşlı bazaltlar (Karru sineklizi və bir sıra qrabenlər, şərqdə Mozambik çökəyi), Kaynozoyun qumları (Kalaxari sineklizi) təşkil edir. Cənubda Ordovik – Alt Karbonun miogeosinklinal çöküntülərindən ibarət Kap qırışıqlıq qurşağı Karru sineklizinə qovuşur.
CAR faydalı qazıntı yataqları ilə zəngindir. Uran, manqan, xrom, qurğuşun, sink, qızıl, platin və almazın iri yataqları Buşveld kompleksi və Üst Arxeyin Vitvatersrand sistemi ilə əlaqədardır.[2]. Daş kömür, dəmir filizi, nikel, titan, vanadium, mis, gümüş, qalay, volfram, kobalt, beril, litium, sürmə, torium, zirkon, flüorit, barit, apatit, vermikulit, korund, talk, qrafit, mika, asbest və s. yataqları da var.
Ölkə ərazisinin çox hissəsini plato və yastıdağlıqlar tutur: şm.-ş.-də şiş zirvəli kristallik silsilələrlə (Soutpansberge, Vaterberq, Vitvatersrand), həmçinin yastızirvəli qalıq massivlərlə müşayiət olunan Veld platoları seriyası, Vaal çayının sağsahilboyunda Kuruman, Langeberq və s. qalıq dağlar ilə Kap platosu, cənubda Yuxarı Karru qıraq platoları, qərbdə Kiçik Namakvalend yastıdağlığı (orta hündürlük 1200 m), Oranj çayından şm.-da 900–1000 m yüksəklikdə quru çay dərələri ilə kəsilmiş Kalaxari düzənlikləri yerləşir. Plato və yastıdağlıqların ş.-də sahilboyu düzənliyə, c.-da Böyük Karru çökəkliyinə düşən dik yamacları – Böyük Çıxıntı ölkə ərazisi relyefinin ən səciyyəvi elementidir. Çıxıntının arxasında Kap dağları yüksəlir. Mühüm landşaft səddi olan Böyük Çıxıntı ölkənin daxili rayonları ilə əlaqəni çətinləşdirir.[3]
İqlimi, əsasən, tropik, 30° cənub enliyindən cənubda isə subtropikdir. Daxili rayonların iqlimini Hind okeanından gələn rütubətli küləklərin qarşısını kəsən Böyük Çıxıntı formalaşdırır. Sahilboyu ovalıqlarda və Böyük Çıxıntının küləktutan yamaclarında il ərzində 1000–2000 mm, daxili rayonlarda və cənub -qərbdə 150 mm-ədək yağıntı düşür. Yastıdağlıqda yay aylarının orta temperaturu 18–27°C, qış aylarınkı 7–10°C-dir. Cənub-qərbdə və Veld platosunda 6 ay müddətində şaxtalar olur; quraqlıq səciyyəvidir. Subtropiklərdə yay aylarının orta temperaturu təqribən 21°C, qış aylarınkı 13°C-dən az, yağıntının illik miqdarı 700 mm-dir. Atlantika okeanı sahilində səhra iqlimi hakimdir; temperatur yayda 18–24°C, qışda 11–15°C, yağıntı 100 mm-dək olur. [4]
Daimi axarı olan çayların çoxu Hind okeanı hövzəsinə aiddir; ən mühümləri Limpopo, Tugela və Qreyt-Fişdir. Ölkənin ən böyük çayı Oranj Atlantika hövzəsinə aiddir. Kalaxari düzənliklərinin bəzilərində epizodik daxili axım var.
Ölkədə, əsasən, qırmızı, qırmızı-qonur, qara və boz-qəhvəyi torpaqlar yayılmışdır. Qırmızı-qonur torpaqlar səhra-çöl sahələri, qırmızı torpaqlar isə quru çöllər üçün səciyyəvidir. Quru savannaların “qara torf” adlandırılan dəmirli qara torpaqları məhsuldarlığı ilə seçilir. Yüksəkliklərdə çox vaxt qələviləşmiş qırmızı torpaqlara rast gəlinir. Sahilboyu rayonların torpaqları müxtəlifliyi ilə fərqlənir. Cənub-qərb sahilboyu münbit qonur torpaqlar sahəsidir. Yamacların düzgün şumlanmaması, mal-qaranın otarılması torpağın strukturunun pozulmasına və eroziyaya uğramasına səbəb olur. Quru iqlim süni suvarma problemi yaradır. Torpaqların cəmi 15%-i kənd təsərrüfatına yararlıdır.
Ölkənin bitki aləmi zəngin və rəngarəngdir. İki floristik vilayətə (Kap və Paleotropik) aid olan təqribən 15 min bitki növü vardır. Savanna, yarımsəhra və səhra zonalarının bitkiləri üstünlük təşkil edir. Daha rütubətli rayonlarda müxtəlif palmalar, baobablar, podokarpuslar, qiymətli ağac cinsləri və taxıl otları bitir; Aşağı Velddə park-savanna, yaxud savanna-mopane, Buşvelddə akasiya-südləyən savannası yerləşir. Yarımsəhra və səhra zonaları qərb sahilboyu düzənliyi, Yuxarı, Böyük və Kiçik Karrunu və Kalaxarinin ən quraq hissəsini tutur. Şimal-qərb rayonlarında sukkulentlər, yaxud “daş bitkilər” bitir; Namibiya ilə sərhəddə, qumlu torpaqlarda taxıllar üstünlük təşkil edir. Böyük Veldi otlu çöllər (qrasveld) tutur. Qrasveld ərazisinin 60%-dən çoxu taxıllarla örtülmüşdür, Rütubətli şərq rayonlarında hündür temeda (1m-ədək), quraq rayonlarda alçaq temeda (hünd. 0,5 m-ədək) yayılmışdır; burada həmçinin daşdayan və topalın müxtəlif növləri vardır. Ölkə ərazisinin təqr. 6,7%-ni meşələr tutur. Şərq sahilboyunda tipik savannalar, 30° c.e.-ndən c.-da kiçik sahələrdə müxtəlif lianalar və epifitlərlə qarışıq fikuslardan, Kap şümşad ağacı, Kap qırmızı ağacı və Kap ebenasından ibarət subtropik və sərtyarpaqlı həmişəyaşıl kolluqlar, meşələr, dağ yamaclarının bəzi yerlərində subtropik musson meşələri yayılmışdır.[5] [6]
Heyvanlar aləmi yırtıcılardan (vəhşi pişiklər, kaftarlar, panterlər, hepardlar, şirlər), çoxsaylı dırnaqlılardan, fillərdən ibarətdir. Bir neçə viver, iriqulaq it, gəmiricilərin bir neçə cinsi, qızılı göstəbəklər, 15 quş cinsi endemikdir. Ölkədə təqribən 40 minədək cücü və 200 növ ilan, təqribən 150 termit növmüxtəlifliyi məlumdur; şimal -şərqdə sese milçəyi və malyariya ağcaqanadlarının yayılma ocaqları var. Heyvanlar aləmi qoruqlarda və milli parklarda yaxşı mühafizə edilmişdir. Krüger, Kalaxari–Gemsbok və s. milli parkları, çoxsaylı qoruqlar, faunistik rezervatlar vardır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.