Bulud texnologiyaları
From Wikipedia, the free encyclopedia
Bulud texnologiyaları – istifadəçiyə xidmət şəklində İnternet və ya lokal şəbəkə vasitəsilə əlyetərli olan proqram-aparat təminatıdır. Bulud texnologiyaları müəyyən resurslara (hesablama resurslarına, proqram və məlumatlara) uzaq məsafədən müraciət etmək üçün rahat interfeysdən istifadə etməyə imkan verir. İstifadəçi kompüteri, bu halda, şəbəkəyə qoşulmuş adi terminal rolunu oynayır[1].
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bulud texnologiyaları konsepsiyası kompüter texnologiyalarının infrastrukturunun və proqram təminatının bilavasitə şəbəkə mühitində yaradılmasını və istifadə edilməsini təmin edir. Bu texnologiyanın köməyi ilə istifadəçinin məlumatları bulud sistemlərində saxlanılır, emal edilir və eyni zamanda brauzerlərin köməyilə, emal proqramlarının işə salınması və nəticələrə baxılması təmin edilir. Bulud texnologiyaları sisteminin infrastrukturu, kompüterlərin hesablama və yaddaş resurslarının klasterləşməsi və virtuallaşdırılmasından geniş istifadə etməklə, verilənlərin emal və yadda saxlanması mərkəzlərinin yaradılmasını təmin edir.
Bulud texnologiyası (ing. Cloud Computing) və ya funksional mənada verilənlərin açıq şəkildə paylanması; Qurğular arasında ortaq informasiya mübadiləsini təmin edən xidmətlərə verilən ümumi ad. Bulud texnologiyası bu baxımdan bir məhsul deyil, xidmətdir; Əsas mənbədəki proqram və məlumatların mübadiləsi təmin edilərək, mövcud informasiya xidmətinin kompüterlər və digər qurğulardan informasiya şəbəkəsi (tipik olaraq İnternetdən) üzərindən istifadə edilməsidir.
Bulud sözü faylların olduğu mövqeyi işarə edir. Bu texnologiyanın qabaqcıl təcrübələri internet pravayderləri tərəfindən ehtiyat nüsxə məqsədilə təqdim olunan buludlardır. Məsələn Google kimi böyük şirkətlər Google Docs kimi online verilənlərlə işləməyə imkan verən tədbiqlər yaratmış və inkişaf etdirmişlər. Həmçinin Microsoft, İntel kimi böyük texnologiya şirkətləri də bu texnologiyanı informasiya istifadəçilərinə təqdim etmişdir.
Kompüter nəzəriyyəçiləri internetin gələcəyinin Bulud Texnologiyasından keçdiyini iddia edirlər. Bu səbəbdən gələcəkdə hard disklərin yerini onlayn buludların tutacağı da düşünülür. Bu, sistemlərdə heç bir infrastruktur hazırlamadan tamamilə onlayn şəbəkə vasitəsiylə funksional tətbiqlərdən istifadə etmək deməkdir. Bu sektorun inkişafı xüsusilə informasiya texnologiyası istifadə edən cəmiyyətlərdə bir çox informasiya mübadiləsi təmin edən firmanın önəmli bir mövqeyə gələcəyi, hətta sektordakı rəqabətin hüquqi problemlərə səbəb ola biləcəyi də istisna deyil. Çünki bütün sistem tətbiqetmələrinin açıq infrastrukturla dəyişdirilməsi şəxsi məlumatlara istənilməyən daxilolmalar təhlükəsini artırır.