From Wikipedia, the free encyclopedia
Buşatlilər və ya Buşatilər[1] (alb. Bushatllinjtë) — Osmanlı imperiyasında alban feodal sülaləsi.
Buşatlilər orta əsrlərdə Albaniyanın şimalında və Çernoqoriyada çobanlıqla məşğul olan Buşati qəbiləsinin törəmələridir. Buşat adı "mbë fshat" (kəndin yuxarısı) sözünün birləşməsidir.[2] Bu, onların köçəri çoban olmalarına işarədir. Buşatilər XV əsrdə daimi məskunlaşmağa başlamış və bu proses XVI əsrin sonlarında başa çatmışdır. Onların məskunlaşmasına Buşatli ailəsinin formalaşdığı Şkoderdə Buşat kəndi daxildir. Digər bir hissəsi Piperi tayfasının gələcək ərazisində Bukumiri tayfası ilə birlikdə məskunlaşmışdır. Burada onlar tədricən XVI əsrin sonlarında yeni, daha böyük tayfanın bir hissəsi olmuşdular. 1497-ci il dəftərində onların adı Piperidə 35 ailə ilə "katun Buşat" kimi hallanır.[3]
Buşatli ailəsi öz mənşəyini XVII əsrin əvvəllərində Buşatidə islamı qəbul etmiş Beqay qardaşlığına əsaslandırır. Bu ailənin dövlət xadimləri, sərkərdələri və liderləri öz statuslarını və siyasi məqsədlərini təbliğ etmək üçün onların mənşəyi haqqında müxtəlif nəzəriyyələr irəli sürmüşdülər. Övliya Çələbi öz zamanında onların mənşəyini və statusunu Fateh Mehmed dövrünə bağlayan Yusif bəy Plakunun nəslindən olmaları haqqında bir rəvayət yazmışdır. Şkoder paşalığı dövründə Qara Mahmud paşa orta əsrlərdə İvan Çernoyeviçin hakim olduğu torpaqlara doğru genişlənməyə çalışmışdır. O, iddiasını qanuniləşdirmək və gücləndirmək üçün İvanın müsəlman oğlu İskəndər bəy Çernoyeviçin nəslindən gəldiyinə dair başqa bir nəzəriyyə irəli sürmüşdür.[4][5]
Albaniya milli hərəkatı yüksəlişdə olan dövrdə başqa bir nəzəriyyə ortaya çıxmışdır. Şəmsəddin Saminin qeyd etdiyi bu nəzəriyyəyə görə, Buşatlilər tarixi feodal Dukagini sülaləsinin nəslindən idilər.[6]
Qara Mahmud paşa 1775-ci ildən Osmanlı imperiyasının Şkoder paşalığının hakimi idi. O, Çernoqoriya və Dalmasiya da daxil olmaqla müstəqil Albaniya krallığını yaratmağa cəhd göstərmişdir. Buşatlilər daxili siyasəti üçün dini dözümlülük, feodal çəkişmələrinin məhdudlaşdırılması, maarifin (Şkoderdə kitabxananın yaradılması) və ticarətin inkişafı səciyyəvidir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.