Bosniya və Herseqovina Avroviziya Mahnı Müsabiqəsində
From Wikipedia, the free encyclopedia
Bosniya və Herseqovina Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1993-cü ildə qoşulmuş və ümumilikdə 19 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Avroviziyada Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində iştirak etmişdir. Bosniya və Herseqovina müsabiqədə göstərdiyi zəif nəticələrə görə 1998 və 2000-ci illərdə Avropa Yayım İttifaqının qərarı ilə müsabiqədən kənarlaşdırılmışdır. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Bosniya və Herseqovina hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2016-cı ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur.
Bosniya və Herseqovina Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt qalib olmamışdır və ən yaxşı nəticəsi 2006-cı ildə Hari Mata Harinin ifa etdiyi "Lejla" mahnısı ilə əldə etdiyi 3-cü yerdir. 2013-cü ildə ciddi maliyyə çətinlikləri ilə üzləşən ölkənin Avroviziyada iştirak etməyəcəyi açıqlanmışdır. Bosniya və Herseqovina üç illik fasilədən sonra 2016-cı ildə müsabiqəyə geri dönsə də, 2017-ci ildə yenidən maliyyə problemləri səbəbi ilə ölkənin müsabiqədə iştirakı baş tutmamışdır.