Bir qadının ürəyi
From Wikipedia, the free encyclopedia
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir.
Bir qadının ürəyi | |
---|---|
ing. The Heart of a Woman | |
Müəllif | Maya Anjelu |
Janr | avtobioqrafiya |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1981, 2008 |
Nəşriyyat | Randon House |
Nəşr | 1981 |
Səhifə | 336 səh. (1-ci cild) |
Əvvəlki | "Oxumaq, yellənmək və Milad kimi şən olmaq" |
Sonrakı | "Tanrının bütün uşaqlarının səyahət ayaqqabılarına ehtiyacı var" |
ISBN | 978-0-8129-8032-5 |
Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur.[1]
Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi.[2] Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır. Afro-amerika ədəbiyyatının tənqidçisi olan Liman B. Haqen qeyd edir ki, “mübarizənin davamlı mövzularına, özünü hiss etməyə və uzunmüddətli təhsilə sadiq olan "Bir qadının ürəyi" kitabı öz mərkəzi personajlarını tam bir şəxsiyyət nöqtəsinə daşıyır".[3] Kitabda Anjelunun ABŞ və Afrikadakı müxtəlif yerlərdə olması təsvir olunur, lakin qələmə aldığı ən önəmli səyahət “onun öz dünyasına səyahətidir".[4]