Bazar iqtisadiyyatı
From Wikipedia, the free encyclopedia
Bazar iqtisadiyyatı — dünyada mövcud olan iqtisadi sistemlərdən ən geniş yayılmışı.
Bazar iqtisadiyyatı məfhumundakı "bazar" iqtisadiyyatın sifətini, necəliyini, onun bazar təbiətli olmasını bildirir. Bazar təbiətli olmaq o deməkdir ki, iqtisadiyyat bazar üçün işləyir, bazar mexanizmi və bazar qanunları ilə tənzim olunur. Tarixən bazar bazar iqtisadiyyatından əvvəl meydana gəlmişdi. Ancaq o bazar iqtisadi sistemində fəaliyyət göstərir və buna görə də əvvəl bazar iqtisadiyyatının mahiyyəti, əsasları ilə bağlı məsələləri nəzərdən keçirmək lazımdır.
Bazar istehsalçı və istehlakçıların qarşılıqlı fəaliyyətini təmin edən mexanizmdir, onların mövcudluq üsuludur. Bazar əsasən tədavül sferası, alqı-satqı ilə bağlıdır.
Bazar iqtisadiyyatı daha geniş, əhatəlidir. O, istehsalı, bölgünü, mübadiləni və istehlak sahələrinin hamısını əhatə edir, onların tam halında mövcudluğunu təmin edir.
İqtisadi bir sistem kimi bazar iqtisadiyyatının tam formalaşması kapitalizm cəmiyyətində baş vermişdir. Bazar iqtisadiyyatı ilə kapitalizm iqtisadiyyatı eyni mənalıdır. Bazar iqtisadiyyatı kapitalizmin iqtisadi əsasını təşkil edir. Buna görə də ABŞ iqtisadçıları "bazar iqtisadiyyatı — kapitalizm" ifadəsini işlədirlər.
Bazar iqtisadiyyatı bütün iqtisadi məktəblər və cərəyanlar tərəfindən bu və digər şəkildə öyrənilmiş və indi də öyrənilir.
Bazar iqtisadiyyatının özünə xas olan genetik əsasları vardır. Bu iqtisadi sistemin əsasını əmtəə istehsalı təşkil edir. Əmtəə istehsalının meydana gəlməsilə pul meydana gəlir. Əmtəə-pul münasibətləri əsasında bazar yaranır və iqtisadiyyatın bütün sahələrini əlaqələndirir. O, kapitalizm cəmiyyətində özünün yüksək zirvəsinə çatır və müstəqil iqtisadi sistem kimi fəaliyyət göstərir.
İnsan cəmiyyətində istehsalın təşkilinin ilkin forması natural təsərrüfat olmuşdur. Natural təsərrüfat elə təşkil olunmuşdur ki, insanlar ancaq öz tələbatlarını ödəmək üçün məhsul istehsal edirlər. Onun aşağıdakı spesifik cəhətləri vardır:
- təsərrüfatın qapalı olması;
- əməyin universal xarakter daşımas;
- təsərrüfat əlaqələrinin birbaşa olması..