BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi
From Wikipedia, the free encyclopedia
BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi — 1993-cü il oktyabrın 14-də 822 (1993) və 853 (1993) saylı qətnamələrinin bir daha təsdiq edilməsi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərdə davam etməkdə olan münaqişə barədə ciddi narahatlığın ifadə olunduğu, Moskvada keçirilən görüşlərin sülhə töhfə verəcəyinə dair ümidlərin əks edildiyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3292-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. 874 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qətnamələrin üçüncüsüdür. Münaqişənin sülh yolu ilə həlli istiqamətində növbəti illərdə həm BMT-nin qurumları, həm də digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlarda və verilmiş bəyanatlarda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinə istinad edilmiş və onların icrasının zəruriliyi qeyd olunmuşdur.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası | |
874 saylı qətnamə | |
---|---|
Tarixi | 14 oktyabr 1993 |
Sessiya | № 3292 |
Kod | S/RES/874 |
Səsvermə |
|
Mövzu | Qarabağ münaqişəsi |
Nəticə | Qəbul edildi |
Təhlükəsizlik Şurasının tərkibi 1993-cü ildə | |
Daimi üzvlər | |
Qeyri-daimi üzvlər | |
Sənəd |
Qətnamədə işğal edilmiş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilsə də, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı digər qətnamələri kimi 874 saylı qətnamə də Ermənistan tərəfindən icra edilmədiyinə görə Azərbaycan torpaqları təxminən 30 il ərzində işğal altında qalmışdır.[1][2] Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ikili standartlar tətbiq etdiyini, bəzi ölkələrlə bağlı qərarların bir neçə gün ərzində həyata keçirildiyi halda Azərbaycana qarşı eyni münasibətin göstərilmədiyini dəfələrlə vurğulamışdır.[1]