Böyük simfonik orkestr üçün konsert (Soltan Hacıbəyov)
From Wikipedia, the free encyclopedia
Böyük simfonik orkestr üçün konsert — 1964-cü ildə bəstəkar Soltan Hacıbəyov tərəfindən simfonik orkestr üçün yazılmış kompozisiya əsəri.
Böyük simfonik orkestr üçün konsert | |
---|---|
Bəstəkar | Soltan Hacıbəyov |
Tonallıq |
Birinci bölmə: sonata allegro ikinci bölmə: skertso üçüncü bölmə: Andante dördüncü bölmə bütün final funskiyalarını özündə daşıyır.[1] |
Forma | konsert |
Yazılma tarixi | 1964 |
Premyera | |
Hissələr |
Bir hissəli Dörd bölməli |
"Böyük simfonik orkestr üçün konsert" əsəri – təzadların parlaqlığı, orkestr rənglərinin zənginliyi ilə seçilən kompozisiya əsəridir. Digər əsərlərində olduğu kimi, konsert əsərində də Soltan Hacıbəyovun yaradıcılıq üslubunun xarakterik xüsusiyyətləri – obrazların janr məişət səciyyəsi və təsviriliyi öz ifadəsini tapır. Lakin bəstəkarın "Karvan" simfonik lövhəsi və "Simfonik orkestr üçün üvertura" əsərlərindən fərqli olaraq, konsert əsərində janr-məişət təsviri fon rolunu oynayır. Bu fonda psixoloji hadisələrdə – bəstəkarın həyat haqqında, sənətkarın cəmiyyətdəki yeri barədə fikirləri, onun dünyada baş verən mürəkkəb prosesləri düşünmə cəhdləri öz əksini tapır.
Birhissəli konsert əsərinin ideya-bədii konsepsiyası dörd bölmədə açıqlanır. El şənliyinin çoxrəngli mənzərəsi – birinci və ikinci bölmələr, subyektiv-lirik düşüncə – üçüncü bölmə, daim hərəkətə çağıran həyat burulğanı – dördüncü bölmə bir-birini əvəz edir. Konsert əsərinin quruluşunu əmələ gətirən bu dörd bölmə sonata-simfonik silsilənin hissələrinə uyğun gəlir. Birinci bölmə əsərin ideya-məna mərkəzidir, ikinci bölmə əvvəlkinin obrazlı inkişafını davam etdirərək, onun yeni cəhətlərini açır. Üçüncü bölmə əsas dramaturji xətti gərginləşdirir, dördüncü bölmə isə silsiləni yekunlaşdırır.
Konsert əsərinin obraz məzmunu geniş və çoxtərəflidir. Burada xalq bayramı şənliyi, dərin düşüncələr və peyzaj assosiasiyaları özünü göstərir. Konsert əsərindəki hər bir obrazın emosional aydınlığı, konkretliyi onun dəqiq tematizmi ilə müəyyən edilir. Mövzuların aydın quruluşu, melodik görünüşü, struktur sadəliyi konsert əsərinin mənimsənilməsini asanlaşdırır.
Əsər ilk dəfə 1964-cü ilin mart ayında Moskvada Gennadi Rojdestvenskinin idarəsi ilə Ümumittifaq Televiziyası və Radiosunun Böyük Simfonik Orkestrində səslənmişdir.